Sevil Hüseynova

Mənbə: Foto: Meydan tv

Başlıq: Sevil Hüseynova

Elinanın anası Prezidentə müraciət etdi

"Daha nə baş verməlidir ki..."

162 saylı orta məktəbdə 14 yaşlı Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunan direktor Sevinc Abbasovaya prokurorun 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası istəməsi zərərçəkmiş tərəfi narazı salıb. Elinanın anası Sevil Hüseynova oktyabrın 17-də Prezidentə müraciət edib. Meydan TV-yə daxil olan müraciətdə ana yazıb ki, bu iş ölkə rəhbərliyinin nəzarətində olsa da, obyektiv araşdırma aparılmadı, günahkarlar məsuliyyətdən kənarda qaldı. Bircə nəfər - məktəbin direktoru cinayət məsuliyyətinə cəlb edildi ki, ona da prokuror çox yumşaq cəza istəyib.

S.Hüseynova bildirir ki, Elina məktəbdə ona qarşı qısnamalara dözməyib və özünü üçüncü mərtəbədən atıb. Onun sözlərinə görə, övladı xəstəxanaya gec çatdırıldığına və həkim etinasızlığına görə vəfat edib.

"Dövlət ittihamçısı təqsirləndirilən şəxsə - 162 saylı məktəbin sabiq direktoruna cəmi 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası istəyib. Halbuki, məhkəmədə müəyyənləşdi ki, 85 dəqiqə direktor ölümcül vəziyyətdə olan uşağa təcili tibbi yardım çağırmayıb. Başqalarının da çağırmasına mane olub. Ekspertizanın rəyinə əsasən, uşaq xəstəxanaya gec çatdırıldığından, onu xilas etmək mümkün olmayıb.

Bundan başqa, məhkəmədə şahid ifadələri ilə müəyyən edilib ki, qızım məktəbdə alçaldıcı rəftara, qısnamalara və zorakılığa məruz qaldığı halda, məktəb direktoru bu halların aradan qaldırılması üçün barmağını belə tərpətməyib".

S.Hüseynova deyir ki, direktor baş verənlərə görə məhkəmədə bir dəfə də olsun, ondan üzr istəməyib. Əksinə, uşağın əxlaqsız olması barədə şayiələr yayıb.

S.Abbasovanın bundan öncə də qanunsuzluqlara yol verdiyini - müəllimlərə təzyiq altında məktəbin keçmiş direktor müavininə qarşı şikayət və aktlara imza atdırdığını, mənimsəməyə yol verdiyini vurğulayan zərərçəkənin sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bununla bağlı araşdırma da gedib. Lakin zərər ödənildiyindən sözügedən idarə cinayət işi açmayıb.

S.Hüseynova Prezidentə məktubunda daha sonra yazır:

"Bütün bunlar hələ Elinanın intiharından əvvəl baş verib! Niyə görə bu qədər qanunazidd hərəkətlər törətmiş şəxs Təhsil Nazirliyi tərəfindən işdən azad edilməyib?! Onun yanına hər dəfə şikayətə getdikdə mənə “hara gedirsən get, Təhsil Nazirliyində adamım var”,- deyib. Mütləq onun işdən azad edilməsi üçün mənim qızım ölməli idimi?! Lakin hazırda da uşağımın qanını batırırlar. Bu qədər qanunsuzluq etmiş, ağrıdan mələyən uşağı 2 saat otağında saxlamış biri real və ədalətli cəzaya məhkum edilməyəcəkmi?!

Hələ bu iş sizin nəzarətinizdədir deyə, məhkəmədə dövlət ittihamçısı bizim vəsatətlərimizin əleyhinə çıxış edir və sonunda təqsirləndirilənə ən mümkün yüngül cəzanı istəyir?! Axı uşağın ölümündən daha ağır nə baş verməli idi ki, uşağımı 2 saat otağında inildətdirən qadın layiqli cəzasını alsın?! Mən ilk dəfə övladım keçinəndə indi isə məhkəmədə özümü aciz hiss edirəm. Niyə görə dövlət ittihamını təmsil edən orqan mənim hüquqlarımı qorumaq əvəzinə verdiyim bütün vəsatətlərə qarşı çıxır?! Niyə prokurorluq bu qadının layiqli cəza almasını istəmir?!

İş üzrə heç bir həkim məsuliyyətə cəlb edilməyib, Təhsil Nazirliyi uzun müddətdir qanunları çeyniyən şəxsi işdən azad etmədiyi halda nəinki, öz məsuliyyətini anlamır, hətta proseslərə vəkil göndərərək bu işə üzrə heç bir məsuliyyət daşımadığını bəyan edir! Məsuliyyətə cəlb olunan bircə nəfər sabiq direktordur ki, ona da real və ədalətli cəza verilmir!

Ana fəryadına biganə qalmayın!"

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wy6o41

Ən çox baxılan