Sevinc Abbasova

Mənbə: Meydan Tv

Başlıq: Sevinc Abbasova

Elina Hacıyevanın anası: Nə Xalidə Bayramova pul təklif edib, nə də mən almışam

Məktəblinin intiharı ilə bağlı məhkəmə prosesi başladı

162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə əlaqədar məhkəmə prosesi başlayıb. Məktəblinin ölümü ilə bağlı cinayət işini Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev araşdıracaq. Məhkəmə önünə təqsirləndirilən şəxs qismində məktəbin keçmiş direktoru Sevinc Abbasova çıxarılıb.

Sentyabrın 12-də məhkəmənin hazırlıq iclası keçirilib. İclasa prosesi izləməyə gələn media əməkdaşları, ictimaiyyət nümayəndələrinin heç biri buraxılmayıb. Baxmayaraq ki, qanunvericilik, hətta qapalı məhkəmə proseslərinin belə, hazırlıq iclaslarının açıq keçirilməsini nəzərdə tutur. Bu iş üzrə iclas faktiki qapalı keçirilib. Məhkəmədə təqsirləndirilən direktor və müdafiəçisi, Elinanın valideynləri və onların vəkilləri iştirak edib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmədə direktor S.Abbasova təqsirsiz olduğunu bildirərək, haqqındakı cinayət işinə xitam verilməsini istəyib.

E.Hacıyevanın anası Sevil Hüseynova və onun vəkilləri isə bu iş üzrə istintaq araşdırmalarının obyektiv, hərtərəfli aparılmadığını bildiriblər. Elinanın ölümündə 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimlərinin məsuliyyəti məsələsindən danışan vəkillər istintaq zamanı keçirilən tibbi ekspertizanın rəyindən də narazılıq ediblər. Müdafiəçilər təkrar ekspertizanın keçirilməsi, ümumiyyətlə, cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması, hazırda ev dustaqlığında olan sabiq direktorun həbsi barədə vəsatətlər qaldırıblar.

Amma nə S.Abbasovanın, nə də Elinanın anasının vəkillərinin vəsatətləri təmin olunub.

Zərərçəkmiş tərəfin vəkilləri həm də 100 min manatlıq mülki iddia qaldırıb. Bu iddiada təqsirləndirilən direktorla yanaşı, Təhsil Nazirliyi də cavabdeh qismində qoyulub.

Vəkillər iddianı əsaslandırarkən qanuna istinad edərək göstəriblər ki, işçinin səhvi üzündən dəyən ziyana görə işəgötürən də məsuliyyət daşıyır. Ona görə də direktorun özüylə yanaşı, Təhsil Nazirliyi də cavabdeh kimi tanınmalıdır.

Hakim mülki iddianı icraata götürüb. Amma onun təmin olunub-olunmaması məhkəmə prosesinin sonunda hökm verilərkən məlum olacaq.

Bu iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı isə sentyabrın 18-nə təyin edilib.

Məhkəmədən sonra zərərçəkmiş tərəfin vəkilləri Sevinc Əliyeva və Emin İsayev media nümayəndələrinə bildiriblər ki, Elinanın anası S.Hüseynova öncə maddi təzminat tələbi məsələsinə razılıq verməyib.

“Qanuna görə, zərərçəkmişin təqsirləndirilən şəxsdən təzminat almaq hüququ var. Elinanın anası deyirdi ki, istəmirəm, ictimai qınaqdan çəkinirdi. Biz ona izah etdik ki, təzminat tələb etmək sənin hüququndur, çəkinmə. Sənin hüququndur,” - vəkil S.Əliyeva bildirib.

Direktorun təqsirsiz olması barədə məhkəmədə qaldırdığı vəsatətə münasibət bildirən vəkil deyir ki, istintaq zamanı prokurorluqda Elinanın anasıyla üzləşmədə S.Abbasova günahı olduğunu etiraf etmiş, buna görə üzr də istəmişdi: “Üzləşdirmədə təqsirini boynuna almışdı, üzr istəmişdi ki, səhv eləyib. Demişdi ki, başı qarışıb, özünü itirb, ona görə vaxtında təcili yardım çağıra bilməyib. Məhkəmədə də isə başqa cür danışdı”.

Digər vəkil Emin İsayev həkim məsuliyyəti məsələsindən danışaraq bildirib ki, tibbi sənədləri etibar etdikləri mütəxəssisə təqdim ediblər:

“Əgər bu mütəxəssislər də o nəticəyə gəlsələr ki, Elinanın ölümündə kiminsə təqsiri var, yeni vəsatətlər qaldıracağıq”.

Müdafiə tərəfi istintaq zamanı təkrar tibbi ekspertiza keçirilməsi barədə vəsatət qaldırmış, təmin olunmuşdu. Amma vəkillər deyir ki, ikinci ekspert rəyi də az qala, nöqtə-vergülünə qədər birinci rəylə eyni olub:

“Üç gün sonra sanki birinci rəyin surətini gətirib təqdim elədilər. Halbuki, bu işdə həkim məsuliyyətsizliyilə bağlı yetərincə sübutlar var. Əvvəl ataya gözaydınlığı verir, deyir ki, bir ay sonra dərsə qayıda bilər. Üç gün sonra uşaq vəfat edir. Yaxud birinci diaqnozda yazılıb ki, ağciyərin birində cüzi zədələnmə var, ikinci diaqnozda isə yazıblar ki, hər iki ciyər sıradan çıxıb. Üzləşmədə həm təqsirləndirilən Sevinc Abbasova, həm icra başçısının müavini Xalidə Bayramova dedi ki, xəstəxanaya çatanda onlara da həkimlər Elinanın yaxşı olduğunu deyiblər. Bildirirlər ki, onlar xəstəxanaya hazırlıqlı getmişdilər, əgər həkimlər uşağın vəziyyətinin yaxşı olmasına onları əmin etməsəydilər, Elinanı çıxarıb başqa özəl klinikaya, yaxud xarici ölkəyə aparacaqdılar”.

Elinanın anası Sevil Hüseynova isə Xalidə Bayramova ilə sövdələşməyə getməsi barədə yayılan söz-söhbətlərə aydınlıq gətirib. Bildirib ki, bu barədə deyilənlər yalandır:

“Nə Xalidə Bayramova mənə pul təklif edib, nə də mən ondan nəsə götürmüşəm. Heç zəng də olmayıb. Sadəcə, aramızda üzləşmə olub və o da günahsızlığına məni inandırıb. Mən həkimlərin və övladımı bu həddə çatdıranların da cəzalandırılmasını tələb edirəm”.

Hadisə bu ilin aprelində baş verib. Bundan sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu işdə CM-in 125-ci maddəsilə ittihama isə xitam verilib.

S.Abbasova vaxtında həkim çağırılmamağa görə cinayət məsuliyyətinə cəlb olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/53j3s0

Ən çox baxılan