Elina Hacıyevanın ailəsinin şikayəti təmin edilməyib

Hakim Habil Məmmədovun sədrliyilə keçirilən prosesdə məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Source: meydan.tv


Ana: ''Direktor haqqında ev dustaqlığının müddətinin uzadılması qərarı barədə bizə məlumat verilməyib''

İyulun 19-da Bakı Apelyasiya Məhkəməsində bu ilin aprelində 162 saylı orta məktəbdə özünü üçüncü mərtəbədən ataraq intihar etmiş Elina Hacıyevanın ailəsinin şikayətinə baxılıb. Məktəblinin anası Sevil Hüseynovanın vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayev birgə şikayətlərində Səbail Rayon Məhkəməsinin 9 iyul 2019-cu il tarixli qərarının ləğvini istəyiblər.

Məhkəmə iyulun 9-da S.Abbasova haqqında ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə prokurorluğun vəsatətinə baxıb və təmin edib. Elinanın ailəsi isə o qərarın ləğvini və S.Abbasova haqqında həbs-qətimkan tədbirinin seçilməsini istəyir.

Hakim Habil Məmmədovun sədrliyilə keçirilən prosesdə məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Vəkillər S.Əliyeva və E.İsayev məhkəmədən sonra jurnalistlərə açıqlamalarında bildiriblər ki, şikayət vermə müddətinin ötürülməsi ilə əlaqədar apelyasiya şikayətləri təmin olunmayıb. Ona görə də müddətin bərpası üçün Səbail Rayon Məhkəməsinə ərizə verəcəklər. Müddət bərpa olunandan sonra yenidən apelyasiya şikayətini təqdim edəcəklər.

Vəkil S.Əliyevanın sözlərinə görə, direktor haqqında ev dustaqlığının müddətinin uzadılması qərarı iyulun 9-da çıxarılsa da, onlara bu barədə məlumat verilməyib. Onlar iyulun 13-də xəbər tutub, elə həmin gün şikayət veriblər. Onda da şikayət vermə müddəti ötürülübmüş. Çünki qanunda qətimkan tədbirlərilə bağlı qərardan şikayət üçün müddət üç gün nəzərdə tutulub.

162 saylı məktəbin 8-ci sinif şagirdi E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı…”

Ana səhifəXəbərlərElina Hacıyevanın ailəsinin şikayəti təmin edilməyib