Nazirlik dəyişikliklərlə bağlı paketi Milli Məclisə təqdim edib
Azərbaycanda əlilliyin təyin edilməsi sistemində dəyişiklik olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.
Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:
I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,
II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,
III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək.
Bildirilir ki, sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.
Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.
Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək. Həmçinin yeni “Əlilliyin müəyyən olunması meyarları”nın hazırlanmasında əsas məqsəd, əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.
Musa Quliyev: “Bir çox ölkələrdə əlillik dərəcələri qruplarla deyil, sağlamlığın itirilməsi faizlərinə görə müəyyən edilir"
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Meydan TV-yə bildirib ki, tətbiq olunacaq dəyişiklik BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına əsaslanıb: “Dünyanın bir çox ölkələrində əlilliyin ağırlıq dərəcələri qruplarla və yaxud dərəcələrlə deyil, sağlamlıq imkanlarının itirilməsi faizlərinə görə müəyyən edilir. Bu da əlillərin reabilitasiya proqramlarının tərtib olunmasında çox vacib şərtidir. Əsas hədəf, əlilliyin müəyyən olunmasından daha çox əlillərin yenidən cəmiyyətə inteqrasiyasını təmin edəcək fərdi reabilitasiya proqramının yaradılmasıdır. Yeni qanun gələn ilin əvvəlində qüvvəyə minəcək. Bundan sonra əlilliyi olan hər bir şəxsin fərdi reabilitasiya proqramı tərtib olunacaq. Yeni qanuna əsasən, əlilliyi olan insanlara yeni peşələrin öyrədilməsi, sağlamlıqlarına görə işlə təmin olunması və yaxud ehtiyacı olacaq reabilitasiya vasitələrinin verilməsi haqqında dəqiq məlumat vermək mümkün olacaq".
"Əlillik təyinatının verilməsi ilə bağlı narazılıqlara gəlincə, bu, yeni və ya köhnə qaydalarla əlaqəli deyil. Vaxtilə buraxılmış səhvlərlə əlaqədardır ki, müəyyən insanlara şişirdilmiş diaqnozlar əsasında qruplar, əlillik dərəcələri verilib. İndi onların yenidən ekspertizası aparılıb və tam şəffaflaşma prosesi gedir”, – komitə sədri belə deyib.
Sahib Məmmədov: "Yeni meyarlar qüvvəyə minsə, prinsipial dəyişiklik ola bilər"
“Yeni meyarlar qüvvəyə minsə, prinsipial dəyişiklik ola bilər. Prosedurlar düzgün tətbiq olunduğu halda, şişirdilmiş əllilik dərəcələrinin verilməsinin qarşısı alına bilər”, – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Meydan TV-yə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, nazirlik yeni meyarları hələ 2019-cu ildən hazırlayıb, Nazirlər Kabinetinə təqdim edib: "Ciddi dəyişikliklər var. İnsan orqanlarının itirlməsi dörd dərəcəyə bölünür. Hər dörd dərəcə isə üç məhdudlaşma qrupuna bölünür. Bu da təxminən 14 patologiya üzrə 2500 xəstəliyi əhatə edir. Təbii ki, bu da ciddi dəyişiklikdir. Biz gözləyirik, amma təəssüf ki, bu məsələ uzanır”.
2015-ci ildə qəbul olunan “Əlilliyin qiymətləndirilməsi qaydası” yalnız I, II və III qrupu əhatə edirdi.