”Əlilliyimizi biləndə istəmirlər bizi”

Əlillərin aksiyasından sonra nə dəyişdi?

Source:
Zaur Ələşrəfov
Zaur Ələşrəfov


Əlillərin aksiyasından sonra nə dəyişdi?

“Bir Allah, bir də aptek və ərzaq mağazalarının satıcıları bilir ki, mənim o apteklərə, mağazalara nə qədər borcum var”.

Bu sözləri 38 yaşlı Zaur Ələşrəfov deyir. O, 3-cü, həyat yoldaşı isə 1-ci qrup əlildir. 1 il 6 aylıq uşaqları var. Evsiz və işsizdir. Bu il sentyabrın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında müavinətlərin artırılması tələbi ilə keçirilən aksiyada o da iştirak edib. Həmin gün nazir əlilləri qəbul edib, tələblərini, təkliflərini dinləyib. Zaur Ələşrəfov nazirə müavinətlərinin azlığından başqa, həm də işsizlikdən gileylənib.

Axırda da dedi, fondda pul yoxdur


Zaur Ələşrəfov Meydan TV-yə danışır:

“Nazir mənə Məşğulluq Mərkəzinə müraciət etməyi məsləhət gördü. Mən də Məşğulluq Mərkəzinə getdim. Dedilər, səni qeydiyyata götürərik, ancaq peşən üzrə iş tapmamışdan əvvəl bir məsələ var. Sənin adına VÖEN açılacaq, həmin gündən sənə ünvanlı sosial-yardımın verilməsi dayandırılacaq. Bərbər peşəsi ilə məşğul olmaq üçün sənə müəyyən miqdarda vəsait ayrılacaq, ancaq o vəsait bizdə qalacaq. Biz sənə yer icarəyə götürənədək gözləməli olacaqsan, yer götürəndən sonra kreslo, güzgü, başqa ləvazimatları alıb verəcəyik. Ancaq yenə bir əmması var, hələlik bütün bunları edə bilməyəcəyik, çünki fondda vəsait yoxdur”.

Zaur Ələşrəfov deyir, hələ bu da son deyil. Məşğulluq Mərkəzinin əgər nə vaxtsa dondunda vəsait olsa və bütün bunlar baş tutsa, ona əmək kitabçası açılacaq, dövlət müəssisələrində əməkhaqqı nə qədərdisə, həmin məbləğ civarında maaş təyin olunacaq, ondan da vergi tutulacaq.

Qazancımın 5 günlüyü özümə, 25 günlüyü onlara çatacaq

“Dövlət müəssisələrində maaş qoy olsun maksimum 180-200-250 manat. Ondan da vergi tutulanda əlimə gəlib çatan məbləğ elə indi aldığım ünvanlı sosial yardıma bərabərdir. Mən bir ay əlil canımla səhərdən axşamacan ayaq üstə qalıb bərbərlik edəcəm, qazandığım gündəliyi bunlara verəcəm, bunlar mənim beş gündə qazandığımı özümə 1 aylıq maaş şəklində qaytaracaqlar, yerdə qalan 25 günün qazancını öz ciblərinə qoyacaqlar. Təxminən belə bir şey…”- Zaur Ələşrəfov deyir.

Evdən qovulmuşuq, küçələrdəyik”

Zaur Ələşrəfovun sözlərinə görə, nazirin qəbuluna gedib sosial tələblər səsləndirdiyi üçün onu ata evindən də çıxarıblar:

“Əlil yoldaşımla yaşyarımlıq körpəmi qonşuda qoymuşam, özüm küçədə qalıram. Aidiyyəti qurumlara müraciət etmişəm ki, küçədə qalmışam, kömək edin, heç birindən səs çıxmır. Yoldaşım da, mən də əlil və işsiz olduğumuz üçün yaşadığımız ata evində tez-tez xoşagəlməz söhbətlər, münaqişələr olurdu. Əlillərin aksiyasına qatılmağım isə əllərinə bəhanə vermiş oldu və bizi evdən qovdular. Ümumiyyətlə, mən niyə ata evində yaşamalıyam? Biz ayrıca ailə təsərrüfatı olduğumuz üçün ayrıca da ünvanımız, yaşayış yerimiz olmalıdır. Əlil olduğumuz üçün dövlət özü bizi həmin yaşayış yeri ilə təmin etməlidir. Vallah, gedəcək yerimiz yoxdur. Hətta bir adam axtarıram ki, bağ evini bizə sığınacaq kimi versin, həm yaşayaq, həm də bağa nəzarət edək, qoruyaq. Əlilliyimizi biləndə, istəmirlər bizi…”

Dövlət Məşğulluq Xidməti: Ola bilməz

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib ki, sentyabrın 10-da qurumun qarşısına sosail tələblərlə toplaşan bir qrup əlili nazir qəbul edib, dinləyib, aidiyyəti əməkdaşlara tapşırıqlarını verib. Zaur Ələşrəfova da iş üçün aidiyyəti üzrə Məşğulluq Mərkəzinə müraciət etməsi tövsiyə olunub. Mənzil probleminə gəlincə, hazırda evlər mülki əlillərə yox, yalnız müharibə əlillərinə və şəhid ailələrinə tikilir.

Dövlət Məşğulluq Xidmətindən isə bildirilib ki, Zaur Ələşrəfovun danışdıqları həqiqətə uyğun deyil. İş üçün müraciət edənlərə belə təkliflər səsləndirilmir. Xidmət yalnız işaxtaranlarla işçiaxtaranlar arasında bir növ vasitəçidir. Özü iş təklif etmir, şərtlər qoymur. Xidmət onun müraciətini bir də araşdıracaq.

Ana səhifəXəbərlər”Əlilliyimizi biləndə istəmirlər bizi”