“Əlilliyi olan oğlumun pensiyasını kəsiblər”

“Düzgün təyin edilməyən müalicə, iynə və dərmanlar onun halını pisləşdirib və uşaq ağır vəziyyətə düşüb”

Source: Specify Source


Saatlı sakini: “Bəlkə uşağım sağalıb, amma mənim xəbərim yoxdur?”

“Oğlumun uşaqlıqdan əlilliyi var, ayağını çəkir. 3-4 yaşından bu günədək də əlilliyə görə pensiya alıb. Bu yaxınlarda pensiyasını kəsiblər, vermirlər. Uşaq da sağalmayıb, əvvəlki kimidir, indi mən burdan nə anladım? Yəni səbəb nədir, bilmirəm”.

Saatlının Əlisoltanlı kəndinin sakini Natiq Sarıyev belə deyir. Ata bildirir ki, problemi ilə bağlı aidiyyatı qurumlara – Saatlı Rayon Mərkəzi Xəstəxanasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ancaq cavab ala bilməyib:

“Nə də kimsə məni məlumatlandırmır ki, uşağın pensiyasının kəsilmə səbəbi nədir. Bəlkə uşağım sağalıb, amma mənim xəbərim yoxdur?”

Natiq Sarıyev deyir ki, oğlu Məhəmməd Sarıyev dünyaya gələndə sağlam olub. 3-4 aylığında xəstələnib. Düzgün təyin edilməyən müalicə, iynə və dərmanlar onun halını pisləşdirib və uşaq ağır vəziyyətə düşüb:

“İlk apardığımız həkim sistemlər, dərmanlar yazdı. Kəndə qayıtdıq, hamısını aldıq və müalicəyə başladıq. Elə müalicənin 2-ci günündə uşaqda tutmalar, qıcolmalar oldu. Çox pis duruma düşdü, yaman qorxduq, elə bildik öləcək. Qaçırtdıq Bakıya, həkimlərə. Çox çətinliklə özünə gəldi. Həmin vaxtdan sonra da onda nevroloji problemləri yarandı. Beynində sıxılma var, eyni zamanda sol ayağını içəri atır, ayağı get-gedə daha da əyilir”.

Natiq Sarıyev deyir ki, oğlunun ayağında, beynində problem olduğu, nevroloji problemlərinin varlığını 3 yaşında biliblər. Elə həkim ekspertizasının rəyi ilə həmin vaxtdan pensiya alır:

“Az alırdı, yavaş-yavaş artıb olmuşdu 200 manat. Həmin pulla ildə lazım olan müalicələrini etdirirdik. Bir sözlə, xəsrclərini qarşılayırdı. Amma indi məcburam hamısını özüm edəm. Kənd yeridir, çətinliklə dolanırıq. Birini edirəm, biri qalır, üzülürəm. Bu uşağın problemi olduğu halda, haqqı olan pensiya niyə kəsilməlidir axı? Üstəlik, vəziyyətində hər hansı bir dəyişiklik də yoxdur”.

Ailə pandemiyadan öncə, 2020-ci ilin əvvəlində Məhəmmədi İrana da aparıb. Həkimlər baxıb, müayinə ediblər və nevroloji problemlərinin odluğunu, ayağının bu səbəbdən get-gedə əyildiyini bildiriblər:

“Üstəlik, zehni problemi də var. Məsələn, dərs yadında qalmır. Dəfələrlə oxuyur, amma heç nə yadında qalmır. Artıq anlamışıq, bu uşaq oxumayacaq. Deyirik, heç olmasa gələcəkdə o da təsərrüfatla dolana, eyni zamanda dövlətin verdiyi pensiya da hardasa dadına çatar. İndi bizi yarıyolda qoydular. Razıyam, aparsınlar tamamilə sağaltsınlar, pensiya lazım deyil. Amma problemi var axı, faktiki hər il bir ətək pul tökürük müalicələrinə və düzəlmir”.

Ata bildirir ki, oğlunu bu yaxınlarda Saatlının həkim komissiyasından da keçiriblər. Verilən rəydə də bildirilir ki, uşaq xəstədir və reablitasiyaya ehtiyacı var:

“Heç nədən bizi dövlətdən narazı salırlar. Ya aparıb sağaltsınlar, ya da pensiyasını versinlər. Faktiki xəstədir və ona pensiya düşür. Daimi diqqətə, qayğıya, müalicəyə ehtiyacı var”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Meydan TV-yə deyib ki, pensiyanın kəsilməsi „bir daha verilməyəcək“, yaxud „artıq həmin şəxsə təqaüd düşmür“ anlamına gəlmir. Bəlkə də onda əlillik müddətli təyin edilib və yenidən həkim komissiyasından keçməsinin zamanı yetişib:

“Bu zaman həmin şəxs yenidən yaşadığı ərazidəki Həkim Tibbi Ekspert Komissiyasına müraciət etməli, uşaq yenidən müayinədən keçməlidir. Eyni zamanda, müraciət yenidən elektron qaydada doldurulmalı, nazirliyə göndərilməlidir. Əgər ona əlillik dərəcəsi düşürsə, bundan sonra yenidən müəyyən edilir”.

Fazil Talıblı məsələnin araşdırılmalı olduğunu da bildirib: “Belə dəqiq nəsə demək mümkün deyil. Araşdırılmalıdır ki, həmin şəxsin müavinətinin kəsilməsinin səbəbi nədir”.

5b574478b842c_36714989-2007808622623059-2990267801840648192-n.jpg
Fazil Talıbov

Son dönəmlər ölkədə sosial müdafiə baxımından müzakirə olunan məsələlərdən biri əlillikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, ötən ilin sonlarından bəri 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. Nazirliyin məlumatında qeyd edilir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin "saxta əlillik" arayışı düzəltdiyi üzə çıxıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxsinsə ya reabilitasiya olduğu, ya da xəstəlik durumlarının əlillik qrupu təyinatına əsas sayılmadığı qənaətinə gəlinib. Bu o deməkdir ki, ötən il hər 100 əlildən təxminən üçünün əlillik dərəcəsi ləğv edilib. Nazirliyin açıqlamasında bu da qeyd olunub ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.

Ötən ilin göstəricilərinə görə, ölkədəki toplam 1 milyon 270 min 559 nəfər pensiyaçının 30.2 faizi əlillərdir. Əlilliyə görə 384 min nəfər pensiya alır. Pensiyaçıların 58.4 faizini yaşa, 11.4 faizi isə ailə başçısını itirdiyinə görə pensiya alır.

Bu ilin əvvəlinə əlil pensiyaçıların orta aylıq pensiya məbləği 230 manat olub.

Ana səhifəBölgə“Əlilliyi olan oğlumun pensiyasını kəsiblər”