”Əlil uşaqlarla bağlı məktəbəqədər dövrdə görülən işlər çox azdır”

İDİ inklüziv təhsillə bağlı araşdırma aparıb

Source:
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi


İDİ inklüziv təhsillə bağlı araşdırma aparıb

Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdıma aparıb.

Qurumun bu barədə yaydığı sənəddə bildirilir ki, dövlətin hesabatlarında müavinət alan, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı fərqli göstərilib. Dövlət Statistika Komitəsi 2017-ci ilin əvvəlində belə uşaqların sayının 71934, Təhsil Nazirliyi isə 65482 nəfər olduqlarını deyir:

“2005-2009-cu illərdə 268 nəfər, 2015-2017-ci illərdə isə 40 nəfər şagird pilot məktəblərdə eksperimental siniflərdə inklüziv təhsilə cəlb edilib. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində beynəlxalq və yerli qeyri-hökumət təşkilatların dəstəyi ilə 3 pilot layihə həyata keçirilib ki, bu çərçivədə 2004-2005-ci tədris ilində ölkə üzrə 14 ümumtəhsil, 13 məktəbəqədər təhsil müəssisəsində inklüziv təhsil tətbiq olunub”.

Sağlamlıq imkanı məhdud uşaqlar təhsilə cəlb olunmayıb

IDI bildirir ki, sağlamlıq imkanları məhdud uşaqların 77 faizi nəinki inklüziv təhsilə, ümumiyyətlə, təhsilə cəlb olunmayıb. Bu, həmin uşaqların təhsil hüququnun birbaşa pozulmasıdır və buna cavabdeh olan müvafiq qurumların problemin səbəbləri və həlli yolları barədə hesabatlılığı çox önəmlidir:

“Ölkəmizdə inklüziv təhsilin tətbiq olunduğu təhsil müəssisələri uşaqların sayına nisbətdə azdır. Regionlarda belə uşaqların valideynləri övladlarına təhsil verəcək müəssisə tapmır. Odur ki, evdə təhsili seçirlər. Buna isə məsuliyyətsiz yanaşıldığını bildirirlər. Bu uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodları da yoxdur”.

IDI bildirir ki, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların əsas ehtiyaclarının ödənilməsi və cəmiyyətə inteqrasiyası valideynlərin üzərinə düşür. Halbuki, bu sahədə qanunvericiliyə görə, əsas işi dövlət görməlidir:

“Türkiyə Təhsil Nazirliyi və onun yerli şöbələri 2006-cı ildə qəbul edilmiş Xüsusi Təhsil Xidmətlərinə dair qanuna əsasən, doğulduğu andan əlillik dərəcəsi olduğu müəyyən edildiyi təqdirdə, uşağı qarşıdakı 6 il ərzində izləyir, uşağı ona uyğun təhsil proqramı ilə təmin olunması üçün çalışır. Burada da əsas məqsəd şagirdi inklüziv təhsil ilə təmin etməkdir ki, bunun üçün də mümkün olduğu qədər bu qəbildən olan şagirdlərin sağlamlıq problemi olmayan həmyaşıdlarıyla təhsil alması üçün işlər görülür”.

Bakıda 2 ildə cəmi 40 uşaq inklüziv təhsilə cəlb edilib

IDI bildirir ki, Bakı üzrə 2015-2016-cı tədris ilində cəmi iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə iki məktəb (252 və 202 nömrəli) seçilib. “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakı şəhəri üzrə 2015-2017-ci illər ərzində 40 nəfər sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsil cəlb olunub:

“Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin əvvəlində müavinət alan, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı 71934 nəfərdir. 2016-2017-ci tədris ilinin əvvəlində xüsusi məktəblərdə və internat məktəblərində, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təşkil edilmiş siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 6377-dir. Həmin məlumata əsasən onlardan:

– 3237-si xüsusi məktəbdə,

– 2612-si xüsusi internat məktəblərində,

– 528-i ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün siniflərdə təhsil alıb.

Təhsil Nazirliyinin məlumatında isə ölkə ərazisində sağlamlıq imkanları məhdud 65482 uşaq olduğu göstərilir. Həmin məlumata əsasən onlardan:

– 9355-i evdə,

– 2558-i uşaq xüsusi məktəblərində,

– 2725-i isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub”.

Qanunvericilik bazası yetərsizdir

IDI deyir ki, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı ilk narahatlıq doğuran məqam qanunvericilik bazasının yetərsizliyidir. Doğrudur, hesabatda qeyd edildiyi kimi inklüziv təhsillə bağlı bir sıra müddəalar qanunlarda öz əksini tapsa da, bütövlükdə inklüziv təhsillə bağlı qanunun olmaması dövlətin bu sahəyə kompleks baxışının olmamasının sübutudur:

“2005-2009-cu il İnkşaf Proqramında qarşıya qoyulmuş ən önəmli məqsədlərdən biri olan sağlamlıq imkanları məhdud uşaqlarla bağlı vahid bazanın yaradılması təəssüf ki, yerinə yetirilməyib. Dünya praktikasında sağlamlıq imkanları məhdud uşaqların sağlamlıq problemləri erkən aşkar edilir, onlarla davamlı əlaqə saxlanılır. Daha sonra məktəb dövründə hər bir uşağın öz probleminə uyğun məktəbdə təhsil alması təmin edilir. Bu isə uşaqların öz bilik və bacarıqlarını daha yaxşı inkşaf etdirməyə şərait yaradır.

Azərbaycanda isə inklüziv təhsil bir tərəfə, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məktəbəqədər dövrdə görülən işlər çox azdır. Bu isə sonrakı dövrdə dövlət orqanlarının sağlamlıq imkanları məhdud uşaqları təsnifatlaşdırmasının qarşısını alır”.

Tövsiyələr

Hesabat müəllifləri sonda tövsiyələrini də bildiriblər. Onlar inklüziv təhsil sahəsində durumun ölkə qanunvericiliyi və beynəlxalq standartlara uyğun səviyyədə təşkili üçün bəzi məqamları vacib sayırlar:

1. İnklüziv təhsil üzrə qanunvericilik, əlilliyin sosial modelini təsbit edən hüquqi baza yaradılmalı və intensiv fəaliyyət planı hazırlanmalıdır.

2. Təhsilə cəlb olunmuş və təhsildən kənarda qalan sağlamlıq imkanları məhdud uşaqları müəyyən edə bilmək üçün vahid məlumat bazası yaradılmalı, onların sağlamlıq və reabilitasiya, təhsil inkişafı müvafiq qaydada izlənilməli, zaman keçdikcə proqramın uşağa uyğun olmadığı müəyyən edilərsə, müdaxilə edilməlidir.

3. Ölkə ərazisində regionlar da daxil olmaqla rayonlar üzrə sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərə alınmaqla inklüziv məktəbəqədər tərbiyə müəssisələri və məktəblər müəyyən edilməli və həmin bağça və məktəblərdə sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi şərait yaradılmalıdır(pandusların qoyulması, ayaqyolunda və idman zalında müvafiq dəyişikliklər edilməsi). Həmin inklüziv bağça və məktəblər haqqında məlumatlar ictimaiyyətə açıq olmalıdır.

4. Maddi çətinlikləri olan valideynlərin uşaqlarını məktəbə aparıb-gətirmək üçün inklüziv məktəblərə nəqliyyat vasitəsi təyin olunmalıdır.

5. Uşaqlarda əlilliyin qarşısının alınması üçün pulsuz erkən müdaxilə proqramları həyata keçirilməlidir.

6. Sağlamlıq imkanları məhdud uşaqlar üçün dərsdənkənar fəaliyyət növlərini əhatə edən dövlət hesablı mərkəzlərin sayı artırılmalıdır.

7. Sağlamlıq imkanları məhdud inklüziv təhsil alan uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodları müəyyən edilməlidir.

8. İnklüziv təhsil ölkəmizdə illərdir hələ də təhsilin ibtidai pilləsini əhatə etdiyi üçün, əsas təhsil pilləsinə keçməli olan sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı layihələr və proqramlar həyata keçirilməlidir.

9. Sağlamlıq imkanları məhdud uşaqların yuxarı təhsil pillələrində inklüziv təhsilə cəlb edilməsi ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

10. Sağlamlıq imkanları məhdud uşaqlarla işləyə bilən yetərli sayda kadr hazırlanmalı, artıq onlarla işləyən müəllimlər əlavə ixtisasartırma kurslarına cəlb olunmalı və onların maddi cəhətdən həvəsləndirilməsi məsələsi nəzərə alınmalıdır.

11. İnklüziv təhsilə cəlb edilən xarici qrantların qeydiyyatsız (sadəcə məlumatlandırmaqla) fəaliyyətinə icazə verilməsi bu sahənin daha intensiv inkişafına kömək edər.

12. İctimaiyyəti inklüziv təhsil barədə məlumatlandırmaq üçün ictimai vəkillik kampaniyaları, valideynlərin inklüziv təhsil, proqram və qiymətləndirmə metodları haqqında maariflənməsi üçün təlimlər keçirilməlidir.


Xatırlatma…

13 fevral 2018-ci ildə Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi qəbul

edib

.

Layihədə Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramı hazırlanması nəzərdə tutulub. Bildirilir ki, əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reablitasiyası və sosial bacarıqların inkişafı məqsədilə Fərdi Reabilitasiya Proqramı (FRP) tərtib olunur. Proqramın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Burada uşaqların erkən, habelə sonrakı yaş həddində sosial-psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndəsinin iştirakı təmin edilir.

Dövlət müəssisələri, idarələri və təşkilatlar FRP-nın icrasını təmin etməlidir.

Bundan başqa, Azərbaycanda inklüziv təhsil (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digər şəxslərlə birgə təhsili) sistemi də qanunla təsbit olunur. Yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 1-ci maddəsində inklüziv təhsil əsas anlayış kimi verilib.

Qanun layihəsinin 20-ci maddəsində isə bildirilir ki, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və ya inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi təhsil planı əsasında həyata keçirilir.

Ana səhifəXəbərlər”Əlil uşaqlarla bağlı məktəbəqədər dövrdə görülən işlər çox azdır”