Qəza keçirtdiyim gün xəstəxanada atama dedim ki, dostlarıma xəbər elə. Başıma gələnləri onlara danış. Xəstəxanada yatdığım aylar ərzində, cib telefonu işlədə bilmədim. Yaxın bildiyim adamlarla aylarla əlaqə saxlaya bilmədim. Sonra evə yazdılar məni. Xəstəxanada məni ziyarət etməyən bəzi dostlarımın zəngini evdə olanda gözlədim. Amma çoxu mənə bir dəfə də olsun, zəng eləmədi. Qohumlar, yanıma gəlirdilər, amma dostlarım gəlmədilər.
Qəzadan əvvəl, saglam vaxtlarımda yaxınlıq elədiyim dostlar var idi. Onlarla gəzib-dolaşır, yeyib-içir, hər yerə gedirdik. O adamlar üçün çox şeyimi qurban verməyə hazır idim. Amma qəzadan sonra… Unutmaq nədir ki? “Unutmaq” sözü bu vəziyyətdə çox gücsüzdü. Aralarında elələri var ki, dostluğumuz elə qəza keçirdiyim gün bitdi. Çoxu 2008-ci ildə keçirtdiyim qəzadan bəri, bir dəfə də olsun mənə nə zəng edib, bir dəfə yanıma belə gəlməyiblər.
Qəzadan bir neçə il keçdi. Əlil arabasına tezə oturduğum, araba ilə küçəyə çıxmağa başladığım vaxtlarda, həmin “dost” dediyim uşaqlarla təsadüfən rastlaşırdım. Bəziləri özünü görməməzliyə vurub, yanımdan keçirdilər. Sonra başqa tanışlarım vasitəsi ilə mənə söz çatdırıblar ki, guya üzümə baxmağa utanırlar. Təkcə dostlar deyil, bəzi qohumlar, yaxın tanışlarım var ki, çox “ekzotik”, analoqu olmayan bəhanələr gətirirlər yanıma gəlməmək üçün. Guya həmişə məni ayaq üstə görüblər, indi əlil arabasında görüb sarsılmamaq üçün yanıma gəlmirlər.
Sadəcə istəmirlər. Budur səbəb.
Onların yanıma gəlməməyi, qəzadan sonra məni tək buraxmaları təkcə mənəvi sarsıntı deyil. Onlara fiziki ehtiyacım da olurdu. Sovet dövründə tikilən binada, 6-cı mərtəbədə yaşayıram. Liftə minib, aşağıya düşmək üçün mütləq kiminsə köməyinə ehtiyacım olur. Bu işi çox vaxt atam, xalam oğlu və ya bibim oğlu edir. Amma onlar hər saat, hər gün yanımda ola bilmirlər. Buna görə günlərlə, həftələrlə evdə qalıb, həyətə və həyata pəncərədən baxmalı oluram.
Sağ olsunlar, məhəllədə bəzi uşaqlar var. Hərdən gəlib məni həyətə çıxardıb, gəzdirirlər. Dəfələrlə olub ki, məhəllədən, bizə yaxın yaşayan tanış uşaqlara zəng edib, məni aşağı düşürtməyi xahiş etmişəm. Onlar yarım saata, bir saata gələcəklərini vəd verib, ümumiyyətlə, gəlməyiblər. Saatlarla geyinmiş, hazır vəziyyətdə əlil arabamda oturub, qapının ağzında onların gəlişinin intizarında olmuşam. Hətta bir dəfə elə səbirsizləşmişdim ki, çıxıb blokda pilləkanların yanında tək-tənha, məhlə uşağını gözləmişəm. Onların bəziləri isə söz verib, gəlməyiblər. Buna görə çox pis darıxmışam.
Neçə dəfə belə haldan sonra ən yaxın dostlarım – kitablar köməyimə çatıb. Kitablar sıxıntılarımı aradan götürüb, məni rəngarəng dünyaya salıblar.
Çox vaxt məhəllədə, digər yerlərdə tanış insanlarla rastlaşanda, dünyanın ən əttökən, qeyri-səmimi vəd və sözləri ilə rastlaşıram. “Sənə nə qulluq edim?”, “Nə vaxt, nə lazım olsa zəng elə, çatdırım sənə”, “Ürəyin nə istəyir, alım gətirim sənə”, “Hara lazımdır, aparım maşınla səni”, “Çoxdandır görmürəm səni, burnumun ucu göynəyir”,”Elə darıxmışam ki, sənin üçün”, “inan evdəkilər də üzümə həsrətdir, gəlib, sənə deyə bilmirəm”…
Eltac adlı dostum var. Özünün də fiziki məhdudiyyəti var. Buna baxmayaraq, hər ay, yay-qış demədən yanıma gəlir. Lift işləməyəndə ona deyirik ki, gəlmə, sənə əziyyət olmasın. O, deyir ki, elə məhz buna görə gəlirəm, çünki sən həyətə düşə bilmirsən. Eltac təkcə mənim yanıma yox, Tural, Denis və Samir kimi fiziki məhdudiyyətli dostlarımızı da ziyarət edir. Eltac boş-bekar, gününü çayxanalarda keçirən uşaqlara təklif edir ki, gedək Orxana, Turala, Denisə və ya Samirə dəyək. Könülləri xoş olsun. Eltacın bu təklifi “möcüzə”yə səbəb olur. Həmin uşaqların birdən-birə əsl biznesmenlər kimi, min işi “peyda” olur və onlar gəlmirlər.
Bunu yazmaqda demək istəmirəm ki, özümə yazığım gəlir. Yox, sadəcə ünsiyyətə hava və su kimi ehtiyacım var. Bəzən həyətə və ictimai yerlərə çıxanda, saatlarla insanlara baxır və onları görməyimə sevinirəm.
Bunları yaşamasanız, tam anlaya bilməzsiniz. Amma az da olsa, təsəvvür etməyə çalışın. Çoxunuzun xəstələnib, günlərlə evdən çıxa bilmədiyiniz vaxtlar olub. O anlarda necə zəif olduğunuzu yadınıza salın. Biz əlillər isə ömür boyu məhdudiyyətlərlə yaşayırıq. Ən böyük məhdudiyyət isə ünsiyyət məhdudiyyətidir. Bu məhdudiyyətləri qırıb, yaxınlıqda olan qohum və ya tanış əlil insanları ayda bir dəfə də olsa, ziyarət edin. Bu onlar üçün çox böyük xoşbəxtlik olacaq.
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.