”Məncə, 600 min məsələsi unudulan bir seçki jesti olacaq”
Noyabrın 28-də qonşu Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Birinci turda hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66, müxalifətçi “Güc birlikdədir”-in namizədi Qriqol Vaşadze isə 37,7 faizini toplamışdı.
Məsələ ilə bağlı Gürcüstan vətəndaşı, “Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov Meydan TV-nin suallarını cavablandırır.
– Noyabrın 28-də keçiriləcək 2-ci turla bağlı gözləntiləriniz nədən ibarətdir?
– Birbaşa deyirəm, vəziyyət o qədər də ürəkaçan olmayacaq, hər iki tərəfdə birinci turda fərq çox az idi. Ona görə mübarizə həddən artıq gərgin keçəcək. Bizim gözləntilərimizə görə namizədlər arasında 1-2 faiz fərq ola bilər. Azərbaycanlıların məskunlaşdığı regionda hər iki tərəfin yetərincə dəstəkçiləri var. Hakim partiyanın bütün dövlət resurslarını işə salıb, hakim partiyasnın dəstəklədiyi Salome Zurabişvilini müdafiə etməsinə baxmayaraq, müxalifətin namizədi Qriqol Vaşadzenin də tərəfdarları yetərincədir.
– Gürcüstan hökuməti 600 mindən çox vətəndaşın banklara, onlayn kredit verən maliyyə təşkilatlarına və digər maliyyə qurumlarına olan borclarını siləcəyi haqda vəd verdi. Bu qərarın seçkiyə təsiri olacağını düşünürsünüzmü?
– Hələ də bununla bağlı müxtəlif təşkilatlar arasında müzakirələr və mübahisələr davam edir. Əvvəla, 600 min vətəndaşın kreditini bağlamaq üçün məbləğ hansı mənbədən veriləcək? Bu qərarı seçki ilə bağlı jest kimi qəbul edirlər, heç də inandırcı deyil. Çünki qərarın gerçəkləşməsi dekabrdan sonra başlamalıdır, ona qədər hələ zaman var. Məncə, 600 min məsələsi unudulan bir seçki jesti olacaq. Məsələ bundadır ki, Gürcüstanda bunu ciddi qəbul edən yoxdur.
– Azərbaycanda Gürcüstandakı seçkilər haqda söhbət düşəndə, azərbaycanlıların hansı namizədə səs verəcəyi sualı gündəmə gəlir. Bu barədə nə deyə bilərsiniz?
– Şəxsən mənim gözləntilərimə görə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi Salome Zurabişvili 1-2 faiz Qriqol Vaşadzeyə qalib gələ bilər. Çünki hakim partiyadır və dövlət resursları əllərindədir. Xalqın müəyyən mənada dövlət strukturlarından asılılığı həmin dediyim 1-2 faiz səs fərqini yarada bilər. Ancaq bu gözləntimin əksi də ola bilər. Bilirsiniz, azərbaycanlılar müxalif namizədə daha meyllidir, əgər inzibati resursların təzyiqi olmasa, yerli əhalinin səs verdiyi namizəd qalib olacaq.
– Saakaşvili dövrü ilə müqayisədə indiki hakimiyyətin Azərbaycana münasibətində fərqli məqamları sadalaya bilərsinizmi?
– Keçmiş prezident Saakaşvilinin Gürcüstan azərbaycanlılarının həyatında o qədər də müsbətə doğru işləri olmasa da, ümumrespublika üçün əmin-amanlıq gətirdi. Gürcüstanın o zaman “qara dünyası” da vardı, Saakaşvili onun yerində demokratik dövlət yarada bildi, rüşvətə tamamilə son qoydu, bütün dövlət strukturlarında süründürməçiliyi aradan qaldırdı. Məsələn, bir pasport almaq üçün 1 saat lazım olurdu, amma indi elə zaman gərək deyil. Avropa qanunvericiliyi oturuşdu, kriminallar yığışdırıldı, 15 min yol polisini bir sərəncamla sıradan çıxardı, onların yerinə yüksək peşəkarlığa malik, Qərbdə təhsil alanları cəlb etdi. Bununla belə, mənfi tərəfləri də var, torpaq islahatlarında Gürcüstan azərbaycanlılarının əraziləri əllərindən alındı. Əkinə yararlı torpaqlarla bağlı 2005-ci ildə qanun qəbul edildi və bunun əsasında yerli əhaliyə güzəşt olunmadı. Kutaisidən, Zuqdidən gəlib Marnuelidə yer ala bildilər, bu cür hallar yerlə azərbaycanlıların ziyanına işlədi. İvanaşvilinin hakimiyyəti oliqarxlara diqqət yetirdi, gürcü xalqı onların nəyisə dəyişəcəyinə ümid edirdi. Çox təəssüf ki, oliqarxların güclü komandası olmadı. Hazırda xalq Saakaşviliyə rəğbətindən deyil, mövcud oliqarxik, yarıtmaz məmurların hakimiyyətindən yaxa qurtarmaq üçün seçkilərdə bu komandaya səs vermir.
– 28 noyabrda hansı namizəd seçiləcəyi təqdirdə dəyişikliklərin gözləntisi var?
– “Güc birlikdədir” təşkilatının namizədi Qriqol Vaşadze seçilərsə, Avropaya inteqrasiya daha da sürətlənəcək və bu amil dövlətin içində ikihakimiyyətlilik yaradacaq. Prezident üsul-idarəsi ilə Baş nazir hakimiyyəti arasında rəqabət başlayacaq. Bu gedişatda udan tərəf xalq olacaq, iqtidar uduzacaq. Əgər hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili prezident seçilərsə, İvanaşvili öz komandasına ciddi şəkildə yenidən baxmalıdır. O, hakim komandaya yeni kadrlar gətirməsə, mövcud hakimiyyətin ömrü qısa olacaq.