“Hökumət sənətə, özəlliklə tarixi drama qarışmamalıdır”
“Eurasianet” saytı tənqidçilərin “Əli və Nino” filmindən narazılığından yazır. Müəllif Giorgi Lomsadze qeyd edir ki, Azərbaycan hökumətinin maliyyələşdirdiyi yeni film o məşhur və sirli əsərdən çox, Azərbaycanın gəzib-görməli yerlərinin reklam çarxını xatırladır, kitabdakıları olduğu kimi deyil, səthi və yumşaq göstərir.
Sakit və şirin melodrama
Məsələn, Rusiya imperiyası dövründən, azərbaycanlı gənc Əlixan Şirvanşirlə gürcü aristokratı Nino Kipianinin məhəbbətindən söz açan əsərdə Əlixanın seçimi, əslində, Azərbaycanın mütərəqqi Avropa ilə mürtəce Asiya arasında seçimini göstərir. Atasının ciddi etirazlarına baxmayaraq, Əlixan Ninonun duvaq geyməməsiylə razılaşır. Amma filmdə bu iki mədəniyyətin ixtilafı, demək olar ki, nəzərə çarpmır.
Ya da, məsələn, Ninonu sevən erməni gənc Qurban Səidin yaratdığı xarakterdən tamamilə fərqlənir. Əsərdə bu “gonbul və qoyungözlü” erməni – Məlik Naxararyan Ninonu qaçırır, Əlixan onu tutub, öldürməli olur. Filmdə isə Naxararyan son dərəcə nəzakətli və əxlaqlıdır. Azərbaycanlı dostuna sədaqətinə görə Ninoya hisslərini büruzə verməməyə çalışır, öz məhəbbətiylə çarpışır.
Filmi izləyən tiflislilər, gözlədiklərinin əksinə, sakit və şirin bir məhəbbət melodramıyla tanış olduqlarını söyləyirlər. “Gözəl çəkilib, amma aktyor oyunu və dialoqlar bərbaddır”, – filmlərlə yaxından maraqlanan konsultant Maya Natsvlishvili “Eurasianet”ə müsahibəsində belə deyib: “Əsərdən çox böyük zövq almışdım, filmi səbirsizliklə gözləyirdim, amma mətbuatın səs-küyünə baxmayaraq, xeyli məyus oldum”.
İsmarış
“Eurasianet” film haqda daha çox Azərbaycan mətbuatının hay-küy saldığını qeyd edir, filmin prodüserinin Azərbaycan prezidentinin qızı Leyla Əliyeva olduğunu, əsərin premyerasında ölkənin Birinci xanımı Mehriban Əliyevanın da iştirakını xatırladır. Müəllif Leyla Əliyevanın film təcrübəsi olmadığını, amma anasının rəhbərlik etdiyi Heydər Əliyev Fondunda müavin kimi çalışdığını, fondun ianələrinin dövlət siyasətinə və PR məqsədlərə paralel aparıldığını vurğulayır. “Əliyev administrasiyası Azərbaycanı Avropa və ABŞ-da həmişə tolerant müsəlman ölkəsi kimi tanıtmağa çalışıb. Müxtəlif mədəniyyətlərin məhəbbətindən söz açan film sanki həmin mesajı verməkdədir”, – məqalədə deyilir.
Sayt yazır ki, filmin xərclərini Heydər Əliyev Fondunun ödəyib-ödəmədiyi bəlli deyil, amma əsərin Gürcüstanda yayımlanması xərclərini Azərbaycan Dövlət Neft Şirkətinin-SOCAR-ın maliyyələşdirdiyi bəllidir.
Tənqidçilər narazıdır
Gürcüstandakı sənətçilər filmi kəskin tənqid ediblər, onu Azərbaycan hökumətinin “oyuncaq layihəsi” adlandırıblar. Adının çəkilməsini istəməyən tənqidçilərdən biri “Eurasianet”ə deyib: “Filmə baxandan sonra bir daha əmin oldum ki, hökumət sənətə, özəlliklə tarixi drama qarışmamalıdır”.
“Eurasianet” azərbaycanlı tənqidçilərin də filmdə xeyli tarixi məqamların ixtisarına etiraz etdiyini xatırladır. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının – ilk demokratik müsəlman dövlətinin yaranması barədə filmdə heç bir xatırlatmanın olmamasından şikayətlənən tənqidçi Kamran Rzayev deyir: “Bu əsər yaddaşını 70 illiyə (Azərbaycanı Sovet hakimiyyətinin idarə etdiyi dövr) itirmiş adamın gənclikdən topladığı şok xatirələrə bənzəyir”.
“The Los-Angeles” qəzetində isə tənqidçi Robert Abele deyib ki, “Sənədli hekayətin ağıllı və məharətli təsviri belletristik uğura təminat verə bilməz. Britaniyalı rejissor Asif Kapasia-nın mənasız və darıxdırıcı “Əli və Nino” əsəri bunu sübut edir”.
Tərcümə: AzadlıqRadiosu