“Heç şübhəsiz ki, Nardaran hadisələri orada aparılan radikal şiəlik təbliğatından bəhrələnir”
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev Modern.az saytına müsahibə verib. Meydan TV həmin müsahibəni kiçik ixtisarlarla təqdim edir.
– Əli müəllim, sizinlə müsahibəyə razılıq alarkən din barədə bizimlə telefonda maraqlı söhbətlər etdiniz. Məndə belə qənaət yarandı ki, siz “Quran”ı oxumusunuz və din tarixini də öyrənmisiniz.
– Mən ilk dəfə 1985-ci ildə Kazımirskinin tərcümə etdiyi “Quran”ı oxumuşam. Sizə düzünü deyim ki, o zaman bu kitabı çox da yaxşı başa düşmürdüm. Ola bilsin ki, bu, rusca qavrama qabiliyyətimin aşağı olmasından irəli gəlirdi. Bir sözlə, “Quran”ı o qədər də yaxşı başa düşməmişdim. Sonradan isə böyük alimlərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcümə etdikləri “Quran”ı iki dəfə oxumuşam. Belarusda səfir işləyərkən “Quran”ın şərhləri barədə çoxlu mütaliələr etmişdim.
– Şübhəsiz ki, bu qədər mütaliədən sonra sizin üçün qaranlıq qalan məqamlara müəyyən qədər işıq salındı.
– Bəli, araşdırmaq, oxumaq, dərindən analiz etmək gözəl şeydir. Mən “Quran”ı üçüncü dəfə oxumağa hazırlaşıram. “Quran”da verilən tarixi informasiyalara, əbədi yaddaşda qalması zəruri olan kəlamlara çox diqqət yetirirəm. Mənim evimdə yaxşı kitabxanam var. Oxuduğum kitablarda vacib sətirləri nişanlayıram.
İslam tarixi ilə əlaqədar xeyli ədəbiyyat oxumuşam. Əli Şəriəti var, Sarbonna Universitetini bitirmişdi. Onun əsərləri çox maraqlıdır, fəlsəfidir. Sonra bizdə, Şahlar Şərifov var. Onun İslam tarixi ilə bağlı kitabını oxumuşam.
–
Əli müəllim, məsələn, mən oxuduğum kitablarda nə qədər bəyəndiyim məqamlar olsa da, xoşuma gəlməyənlər də var. Düşünürəm ki, siz də adlarını çəkdiklərinizin kitablarında hər şeyi bəyənməməsiniz.
– Açığını desəm, xoşuma gəlməyən tərəfləri də var. Məsələn, Şərifov daha çox şiəliyə tərəf meyl edir. Ortada elmi araşdırmadan söz gedirsə, burada tərəf saxlamaq lazım deyil. Qərəz olanda bu, elmdən çıxır. Əli Şəriəti isə tənqidlərində materialist məqamında dayanır. Əli Şəriəti əxlaqi dəyərləri, mənəvi dəyərləri bəzən kənara qoyur. Mən sonradan özümü məcbur edib, Avqust Mullerin akademik səviyyədə yazdığı ikicildlik “İslam tarixi” kitablarını oxudum. Mən ilahiyyatçı, din tədqiqatçısı deyiləm, amma sadəcə olaraq bir ziyalı kimi mənsub olduğumuz dini araşdırıb başa düşərək, qəbul etməyi düzgün sayıram.
Mən dini, “Quran”ı savadsız şəkildə oxuyanlar kimi qəbul edə bilmərəm. Bu gün “Quran” oxuyanların bəlkə də 90 faizi heç onun mahiyyətini bilmir, elələri bu müqəddəs kitabı şərh edə bilməzlər.
– “Quran”ı oxuyan bir ziyalı kimi, bəs sizin düşüncənizdə təzadlı məqamlar varmı?
– Mən elm adamıyam. Oxuduğumu çalışıram ki, axıra qədər başa düşəm. İndi çoxlu sayda tanıdığım, bildiyim adamlara dini məsələlərlə bağlı qaranlıq məqamlardan suallar verirəm. Bilirsiniz onların cavabı nə olur? Deyim bilin. Deyirlər: “Yox e, bu məsələni izah edən böyük müştehidlər var. Gərək bu müştehidlər sənin sualını açsınlar”. Yaxşı, Avqust Muller kimdir?! Onun kitabları dünyanın əksər dillərinə tərcümə olunub. Bəs Əli Şəriəti kimdir?! Bir sözlə, qaranlıq məqamlar, ziddiyyətli məqamlar çoxdur. Və onları aydınlaşdırmaq istəyərək kimə müraciət etmişəmsə, aydın cavab ala bilməmişəm.
– Bu məsələdə razıyam, İslam tarixindən danışmaq üçün müsəlman olmaq şərt deyil…
– Bəziləri qoyulan suala cavab tapa bilməyəndə “Quran”ın “Ali İmran” surəsinə müraciət edərək deyirlər: “Bilirsən, “Quran”da ayələr iki yerə ayrılır. Möhkəm ayələr, hansıların ki, mənası aydındır. Bir də mütəşəbih ayələr. Bunlar yalnız Allaha agahdır. Və çox ağıllı adamlar o ayələrin mənasını başa düşə bilər”. Sual edirəm. Kimdir o ağıllı adamlar? Tanıdıqlarımızın ağlı hamıya bəllidir. Mən hesab edirəm ki, bu, dini dərk edərək iman gətirmək istəyənlər üçün diskriminasiyadır. Axı mən bu sualıma niyə cavab tapa bilməməliyəm?! Ay mənim müsəlman qardaşlarım, Ramazan ayı dekabr-yanvar aylarına təsadüf edəndə Murmanskda həmişə gecə olur. İyun ayına təsadüf edəndə də burada həmişə işıq olur. Onda Murmanskda müsəlman olmamalıdır? Başqa halda ay qardaşlar, “Tövrat” “Quran”dan az qala 1500-2000 il qabaq gəlib və “Quran”ın dediyi İsmayıl qurbanı “Tövrat”da başqadır. Yəni, “Tövrat”da göstərilir ki, İbrahim peyğəmbər İsaqı qurban kəsməyə aparmışdı. Onda artıq İsmayılı anası Həcərlə birlikdə İbrahim yola salmışdı. İsmayıl İbrahimin yanında yox idi.
Çox əsassız cavab verirlər ki, “Tövrat” təhrif olunub. Deyirsən, ay qardaşlar, belə şey olmaz, “Tövrat”ı “Quran”dan qabaq İsa kimi bir böyük peyğəmbər qəbul edib və “Quran”ın özündə bununla bağlı ayə var. Eyni zamanda “Quran”ın digər surələrində, “Əl-Maidə”də ayə var. “Ya Məhəmməd, biz “Quran”ı sənə haqq olaraq özündən əvvəlki kitabları təsdiq edən və onu qoruyan kimi endirdik”. Daha başqa bir surədə, “Əl-Ənkəbut”da göstərilir: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq”.
Bu sual deyilsə, bəs nədir?! Və belə suallar çoxdur. O ki qaldı şəxsi maraqlar, burada hər cür maraqlar olub. Həm hakimiyyət hərisliyi, həm tayfa maraqları, həm də maddi maraqlar özü də lap peyğəmbər dönəmindən başlayıb. Bu, sonrakı dönəmlərdə, daha qabarıq, bir çox hallarda daha eybəcər forma alıb.
–
Bəs niyə bütün bu 3 səmavi dinin yayıldığı coğrafiya, bu dinləri özləri üçün əxlaq modelinə çevirə bilmədilər? Ən böyük konfliktlər dinlərin ortaya çıxdığı yerlərdədir.
– Bu sual çox əhatəli cavab tələb edir. Və təkcə bu suala bir müsahibə bəs etməz. Ancaq qısaca onu deyə bilərəm ki, musəviliyin problemi onun yaranışından başlayıb. Ən böyük maneə “nəfs”dir. Bu da bir növ iblisdir və Musadan sonra daim müharibələr və xəyanətlərə məruz qalıb.
Xristianlığı İsa peyğəmbər gətirib. Bəs katoliklik, provaslılıq, protestantllıq nədir?! İsa peyğəmbər belə bir din gətirməyib axı. Bunlar hamısı dini şəxsi maraqlara xidmətə yönəltməyin əsasında yaranıb. Bu problem İslam aləmində də var. Şiəlik, sünnilik, bektaşilik, ələvilik, vəhhabilik də şəxsi maraqlara dini yönəltmək üçün yaranıb. Elə peyğəmbər dönəmindən başlamışdı belə şeylər.
Amma gəlin, peyğəmbər dövrünə o qədər də toxunmayaq. Əbu Bəkrdən sonra Ömər xəlifə oldu. Öməri harda öldürdülər?! Məsciddə ibadət edən yerdə Firuz gəldi, arxadan onun kürəyinə xəncər vurdu. Ömər belə öldü. Osmanı necə öldürdülər?! Əbu Bəkrin oğlu Məhəmməd Osmanın saqqalından tutub divara çırpdı. Bir vacib məqama da diqqət yetirmək lazımdır. Deyirlər ki, Osmanın ölümü guya şübhəli məsələdir. Guya ki, kim tərəfindən öldürüldüyü bilinmir.
Necə yəni şübhəli? Bu, nə deməkdir axı?! Mərvan Osmanın qanlı köynəyini götürüb Şama Müaviyənin yanına qaçdı. Osman da Əbu Sufyanın əmisi oğlu, Müaviyənin qohumu idi. Qanlı köynəyin içindən Osmanın arvadı Nailənin qanlı barmağı çıxdı. Necə ola bilər ki, bunu görən olmayıb ki, Osmanı kim öldürüb?!
Məhəmməd Osmanın saqqalından tutub divara çırpdı. Tarixi mənbələrdə yazılır: “Osman otaqdan damın üstünə çıxıb, Əlini köməyə çağırdı. Əli həm də onun bacanağı idi. Amma o gəlmədi”. Halbuki, birinci dəfə çağıranda Əli onun köməyinə gəlmişdi. Şərt qoymuşdu ki, müəyyən şeyləri yerinə yetirməlidir. Əli deyirdi ki, filan yerdən filan rəhbəri çıxart, Mərvanı qov. Osmanın da xəlifə başçısı kimi bunları etməmək və ya qismən etmək haqqı var idi. Əli nə dedisə, onu etsəydi, onda Osman nə xəlifə olardı?!
Osmanın evində onu mühasirəyə alıb istefa tələb edirdilər. Deyirdilər ki, istefa verməsə, öldürəcəklər. Bunların da başında Məhəmməd ibn Əbu Bəkr və Malik Əl-Aştar dururdu. Osmandan sonra Əli xəlifə oldu.
Malik bütün qoşunların başçısı oldu, Məhəmməd isə Misirə vali təyin edildi. İndi sual olunur: Necə ola bilər ki, Osmanın ölümündə Əlinin üzərinə şübhə düşməsin?! İndi bütün şiə təbliğatı Əlidən qabaqkı xəlifələrə qarşı yönəlib. Mən necə deməyim ki, bütün bunlar dolaşıq məqamlardır?! Mən dəqiq bilmək istəyirəm axı hər şeyi. Heç olmasa dedikləri məntiqə zidd olmasın.
Peyğəmbər Aişənin otağında öldü. Və o vəfat edəndə yanında Aişə və Ömər var idi. Orada da dəfn olundu. Peyğəmbərin qızı Fatimə ilə onun əri Əli peyğəmbərin yanına gəlmirdi. Və ya çox az-az gəlirdi.
– Niyə görə?
– “Quran”da “Əl Nur” surəsində Aişənin səhrada karvandan geri qalması və onun Səhvanla qalmasına dair ayə var. Bu məsələdə Əli ilə peyğəmbər arasında söhbət olmuşdu. Əli istəyirdi ki, Məhəmməd peyğəmbər Aişəni boşasın. Muller kitabında bu barədə yazır ki, peyğəmbər 3 ay Aişənin otağına getmədi. Aişə də küsüb atası Əbu Bəkrin evinə getmək istəyirdi. Ondan sonra olsun ki, ayə gəlir ki, Aişə heç bir günah işlətməyib. Mənim üçün böyük sual yaranır: Bu ayə gəlməsəydi peyğəmbər nə edəcəkdi?!
O ki qaldı, regiondakı konfliktlərə, bu, əsasən, siyasi məsələdir və ayrıca bir müsahibənin mövzusudur.
–
Belə fikirlər səslənir ki, siz dediyiniz ayə ilahidən gəlməyib, yalnız şəxsi maraqlar naminə ortaya çıxıb
.
– Şəxsi maraq da deməzdim. Amma bu ayə ilə bağlı şübhə var. Bu, yüz faizdir. Aişəni peyğəmbər 9 yaşında alıb. Bu hadisə olarkən isə Aişənin 14-15 yaşı var idi. Aişədən başqa da, peyğəmbərin bir neçə arvadı var idi. Fizioloji tələbləri bir kənara atmayaq. Bunlar düzünü deyim ki, mənə qaranlıqdır. Mən peyğəmbəri qəbul edirəm. Nəzərə alaq ki, peyğəmbərlər ən azından seçilmişlərdir. Dostoyevskinin “Cinayət və cəza” əsərini yəqin ki, oxumusan…
–
O, insanın dünyagörüşünə çox böyük təsir bağışlayan bir əsərdir. Əlbəttə ki oxumuşam və düşünürəm ki, hər bir kəs bu şedevri oxumalıdır.
– (Gülümsəyir). Çox gözəl. O əsərdə baş qəhrəman Roskolnikovun qəzetdə çap elədiyi məqalə var. O məqalənin əsas mahiyyəti ondan ibarətdir ki, insanlar öz dəyərinə görə cəmiyyətdə 100-dən biri, 1000-dən biri, nəhayət, milyondan biri, on milyondan biri ola bilər. Heç vaxt milyondan biri olan kişi ilə 1000-dən biri olan eyni tərəzi ilə ölçülə bilməz.
Milyondan biri adam öldürər, ona deyərlər ki, düz eləmisən. Çünki öldürməsəydi, ölən adam çoxlu fitnə-fəsad törədəcəkdi. Ancaq bunu 1000-dən biri eləsə, onu tutub asarlar.
Elə bu məqaləyə görə müstəntiq hesablayır ki, qətli Roskolnikov törədib. Axırda Roskolnikov cinayəti boynuna alır.
Yəni sözü onu gətirirəm ki, peyğəmbərlər seçilmişlərdir. Eyni zamanda Nyuton da seçilmişdir. Həmçinin Nizami Gəncəvi də, Hüseyn Cavid də, Üzeyir Hacıbəyov da, Heydər Əliyev də. Nizami peyğəmbər dönəmində olsaydı, əminəm ki, ona peyğəmbər deyərdilər. Atatürk peyğəmbər dönəmində gəlsəydi, ona peyğəmbər deyərdilər. Nizami kimi bir dahi hər bir əsərinin girişində peyğəmbərin şərəfinə şərəfnamə ucaldıb.
Hüseyn Cavid kimi bir dahi “Peyğəmbər” əsərini yazıb. Belə olan təqdirdə, mən kiməm ki, peyğəmbərlərə şübhə edəm. Amma mənim haqqım çatır ki, niyə belə olduğunu sual edəm. Peyğəmbərin özünün hədisi var. Deyir ki, mən də sizin kimi insanam, mənim də səhvlərim var. Peyğəmbər özü belə deyəndən sonra mənim niyə ixtiyarım olmamalıdır ki, nəyin ağ, nəyin qara olduğunu aydınlaşdırım.
–
Bayaq dediniz ki, peyğəmbər dönəmini təftiş etməyə ehtiyac yoxdur. Ancaq mən belə düşünürəm ki, bu, müsahibədə bir vakuum yaradacaq. Bu boşluğu doldurmaq üçün istəyirəm ki, peyğəmbər dönəminə də bir tarixi ekskurs edək. Ateist çevrələrdə belə iddia edirlər ki, peyğəmbərlərə ilahidən heç bir vəhy gəlməyib. Bunu doğru hesab edirsinizmi?
– Əslində artıq biz bura qədər olan söhbətimizdə o vakuumu qismən doldurduq.
Mən ateistlərin o fikirlərindən uzağam. Peyğəmbərlər seçilmişlərdir. Nyutonun, Eynşteynin etdiyi kəşfləri hər alim edə bilməz. Bu, onlara verilən Allah vergisindən doğan istedadın nəticəsidir. Hamı onların etdiyi kəşfi gerçəkləşdirə bilməz. Seçilmişləri mən birmənalı şəkildə qəbul edirəm.
Musa peyğəmbər də, İsa peyğəmbər də, Məhəmməd peyğəmbər də Allahın seçilmişləridir. Nəyi Allahın göndərdiyi kimi, nəyisə də özü fikirləşib kitaba sala bilər. Ümumi işlərin yaxşı getməsi üçün belə bir addım atıla bilərdi. Bunların arasında fərqləri axtarmaq haqqında düşünməyimiz bizim haqqımızdır.
Amma bizə nə deyirlər?! “Yox ee, nə danışırsan, “Quran” da bir kəlmə də sözü dəyişmək olmaz, yarandığı gündən bir kəlmə nə artırılıb, nə də azaldılıb”.
Əlbəttə ki, mən bu ənənəyə çevrilmiş tezisi qəbul edə bilmərəm. Məhəmməd peyğəmbərə 40 yaşında peyğəmbərlik gəlib. Müəyyən müddətdən sonra o, peyğəmbərliyini elan edib. 63 yaşında da ölüb. Yəni elan edəndən sonra onun təqribən 20 illik peyğəmbərlik dönəmində “Quran” kitab kimi çap olunmayıb. İlk “Quran” kitabını Ömər tərtib edib.
Əzizim, Səməd Vurğunun “Azərbaycan” şeirini indi kütləvi şəkildə demək olar ki, hamı bilir. On nəfəri Səməd Vurğunun bu şeirini demək üçün bir cərgəyə düzsək, hərəsində bir səhv tutmaq olar. Bəs necə olur ki, qalın “Quran” kitabını Ömər yaddaşlardan səhvsiz yığa bildi?! Onu da qeyd edim ki, bu fikrə, Ömər Əbu Bəkr dönəmində gəlmişdi, ancaq baş tutmamışdı. Lakin xilafətin Ömər dönəmində Ərməniyəyə qarşı müharibə aparılan zaman Suriyadan olan döyüşçülərlə İraqdan olanlar arasında “Quran”ın şərhində ilk dəfə fikir ayrılığı olduğu aşkara çıxdı.
–
Yəni, düşünürsünüz ki, bu kitab tərtib edilərkən o ayələri bilən insanlar öz şəxsi hisslərini də bura qata bilərdilər?
– 100 faiz. Ömərin ilk dəfə təxminən 25 ildən sonra üç ədəd “Quran” kitabı yığdırması haqqında yuxarıda dedim. Bundan sonra “Quran”ın ilk dəfə kütləvi nəşr olunması Osmanın xəlifəliyi dönəmində baş verib. Onda da o, bu işi Zeyd İbn Sabit deyilən sinədəftər “Quran” bilicisinə tapşırdı. Bu məsələyə öz etirazını bildirən, digər “Quran” bilicisi və İslamı ilk qəbul edənlərdən biri Abdullah ibn Məsud oldu. Çünki onu “Quran”ın ən mahir bilicisi hesab edirdilər. Beləliklə, Osmanın sifarişi ilə tərtib olunan “Quran” hazır olandan sonra ora təhriflərin olunmasına çox kəskin və zənnimcə, ciddi etirazlar başladı. Kimlər idi bunlar? İlk növbədə Abdullah ibn Məsud, peyğəmbərin ən yaxın silahdaşı Zübeyr, peyğəmbərin digər ən yaxın silahdaşı Təlx, Aişə və başqaları. İndi deyin görək, yuxarıda qeyd etdiyim iddiaların məntiqi hardadır?
Buna görə də belə şeylərin məntiqi izahı olmalıdır. Məntiqlə hər şeyə gəlib çatmaq olur. Yenə deyirəm, mən iddia etmirəm ki, ilahiyyatçı aliməm. Sadəcə olaraq, bir ziyalı kimi məni düşündürən məsələlərdən danışıram. Bir var ki, “İnsanlara Allah”, bir də var ki, “İnsanlarda Allah”. Bunlar ayrı-ayrı şeylərdir. “İnsanlara Allah” kürəyindən xəncər vurulan Ömər, saqqalından tutub divara vurulan Osman, başına xəncər vurulan imam Əlinin və onlardan sonrakıların təbliğ etdikləri idi. Bu adamlar Allahın göndərdiyini insanlara təbliğ ediblər, insanları düz yola dəvət etmək məqsədi güdənlər də olub.
“İnsanlarda Allah” isə tam başqa bir şeydir. “Həqq mənəm, həqq məndədir, həqq söylərəm”- budur “İnsanlarda Allah”.
Biz cəmiyyəti tərbiyə etmək istəyiriksə, bu zaman tərbiyədə istifadə olunan dinin təbliğatı düzgün qurulmalıdır. 1400 il bundan qabaqkı təbliğatla indiki eyni ola bilməz. Necə bilirsən, “Quran”da yazılır ki, kafirlər cəhənnəmdə irinli su içəcək, zəqqum yeyəcək. Müasir dövrdə bunlar təbliğ oluna bilərmi?
“Həqq mənəm, həqq məndədir, həqq söylərəm”. Bunu isə Nəsimi deyib. Görün Nizami babamız nə deyib: “İçində doğruluq olan bir insan, cahan tutar, onu tutmaz bu cahan”. Sonra görün nə deyib: “Çalış həqiqətlə özünü bil sən, Allahı bilərsən özünü bilsən”. Nizami Gəncəvi dahidir. Mən bundan, Nəsimidən, Nizamidən necə öyrənməyim axı?!
Görün Cavid nə deyib:
“Kim ki Allahı görmək istərsə, arasın qəlbi tabu nakində, arasın kəndi ruhi pakində, kimin ki qəlbi, ruhu düzgündür, daima hiss edir də haqqı görür”. “İnsanlarda Allah” budur.
İndi görün “İnsanlara Allah” nə günə düşüb. Bu gün hələ də Xamneyi ilə Səudiyyə Ərəbistanının şeyxi arasında müharibə gedir. Biri deyir ki, mənəm dinin başında, o biri deyir mənəm. Bunu sezən kimsə, özünü qanmazlığa qoyub “bunun mənə dəxli yoxdur” deyirsə, bilsin ki, səhv edir. Din əxlaq deməkdir, lakin bunlar siyasi maraqları üçün bir-birini ittiham edirlər. Bunun əxlaqa nə dəxli var?! Hələ 100 il bundan qabaq Cavid əfəndi “Xəyyam” pyesində xəlifə başçısının eybəcərliklərini ifşa edirdi.
Özü də bu, təkcə İslamda belə deyil. 16-cı Benediktin istefası hamıya bəllidir. Onun yepiskop qardaşı Hamburqda pedofoliya ilə məşğul idi.
– Əli müəllim, imam Hüseynin qətlə yetirilməsi ilə bağlı neçə əsrdir ki, Məhərrəmlik ayı olur, Aşura mərasimləri keçirilir. Bir ziyalı kimi, siz bu Aşuranı necə qiymətləndirirsiniz?
– İmam Hüseyni bu gün qəhrəmanlıq səhifəsi kimi təqdim edirlər. Doğrudurmu?! Xeyr. İmam Hüseynin özünün nə qədər səhvi olub. Zübeyrin oğlu Abdullah da Yezidə biət etmirdi. Getdi Məkkədə hakim oldu. Yezidin onun üstünə göndərdiyi dəstəyə qalib gəldi. Ömərin oğlu da biət etmədi. İmam Hüseynin özündə çox səhvlər olub.
–
Bir az konkretləşdirək, səhv deyəndə nəyi nəzərdə tutursunuz?
– Birincisi, imam Hüseyn vəziyyəti düz hesablamırdı. İkincisi, isə onun iddiaları. İmam Hüseyn qardaşı Həsəndən bir yaş kiçik idi. Altı ay Həsən xəlifəlik etdi. Özü də 15 minə qədər qoşunu var idi. İmam Hüseyn əgər qəhrəman idisə, qoşunların yığıb qardaşı ilə birlikdə Müaviyəyə qarşı döyüşüb qalib gələrdi.
Yoxsa ki, o dərəcədə biabırçı, alçaldılmış şəkildə xilafəti Müaviyəyə təhvil verməzdilər. İmam Hüseynin ambisiyalı olmasını sübut edən çoxlu faktlar var.
O, Müslümü Kufəyə göndərdi ki, oradakı vəziyyəti öyrənib xəbər versin. Cavab gözləmədən Kufəyə yola düşdü. Halbuki, artıq Kufənin valisi Ubeydulla Müslümün də, onunla birlikdə bir çox tərəfdarlarının da boynunu vurmuşdu.
Və nəhayət, yolda olarkən Yezid onun qabağına üç şərt göndərdi: Ya Məkkəyə qayıtsın, ya Dəməşqə Yezidin yanına gəlib biət eləsin, ya da xilafətin düşmənləri ilə döyüşə getsin. Yeri gəlmişkən, Mullerin yazdığına görə, imam Hüseyn bu şərtlərdən birini seçməyə qərar vermişdi. Ancaq lənətlənmiş Şümür aləmi qarışdırdı.
Bu günkü təbliğatçılar, özü də kim, müştehidimiz deyir ki, Yeziddən sonra Mərvan xəlifə oldu. Ay qardaşım, belə deyil axı! Sən şiəlik təbliğatına gedib arada qalan 3 ayı niyə gizlədirsən?
Yezidin iki oğlu var idi. Müaviyə və Xalid. Yezid öləndən sonra oğlu Müaviyə onun yerinə xəlifə elan edildi. Və 3 ay xəlifə oldu. Bir dəfə də olsun xəlifəlik etmədi. Cəmi bir dəfə çıxdı minbərə, dedi ki, onun atası da, babası da səhv edib və onlar Allahın göstərdiyi yolla getməyiblər, “Quran”ın dediklərinə əməl etməyiblər, “Əhli-Beyt”i qırıblar. O, bir növ olanlara görə üzr istəyir. Düşdü minbərdən getdi, həmin gecə onu öldürdülər. Sən içindən imanlısansa, imam Hüseynə “şaxsey-vaxsey” gedəndə, Müaviyə İbn Yezidə də bir salavat çevirmək lazımdır ya yox?! Ancaq mənim baş müştehidim isə arada qalan 3 ayı gizlədir. Belə təbliğat, tarixi saxtalaşdırmaq – bu, imandan deyil axı!
– İlk baxışda belə anlaşıla bilər ki, Allahşükür Paşazadəni nəzərdə tutursunuz. Amma mən düşünürəm ki, siz böyük ehtimal ki, akademik Vasim Məmmədəliyevə işarə edirsiniz.
– Nəysə, kimdirsə, özü biləcək. Müaviyə ibn Yezid öləndən sonra Xalid hakimiyyətə gəlməli idi. Xalid balaca olduğuna görə, Mərvan bicliklə onun yerinə gəlir. Mərvan çox pis adam olub. O, sonradan Xalidi də öldürüb. Mən bu cür dolaşıq şeyləri, niyə başa düşməyə çalışmamalıyam?
Bu, mənim haqqımdır axı! Ya da sən mənə düzünü izah elə! Adama deyərlər, ay qardaş, şiəliyin sənə nə dəxli var? İlk növbədə, iman Allahadır, söhbət dindən gedəndə isə Allah var. Onun göndərdiyi kitablar var. Bu kitabı gətirən peyğəmbərlər var. Musəvilikdə Musa və “Tövrat”, xristianlıqda İsa və “İncil”, İslamda “Quran” və Məhəmməd. Qalanlarının adı hörmətlə çəkilə bilər. Ancaq onlar səviyyəsinə qaldırıla bilməz. İkincisi, sən türksən və türklər 800 ilə yaxın xilafətə başçılıq edib və dini parçalamağın əleyhinə çıxıb. Üçüncüsü, bu gün sənin azərbaycanlı dediyin insanların böyük bir hissəsi şiə deyil. Yəqin ki, dediklərim bəs edər. Lazım olsa ardı var.
O ki qaldı Şah İsmayıla, sözsüz ki, çox cavan yaşlarında bu millətin belə bir oğlunun olmasından, onun əldə etdiyi nailiyyətlərdən qürur duyursan. Ancaq çox təəssüf edirsən ki, bu nailiyyətləri axıra çatdırmaq mümkün olmadı və nəticədə bu nailiyyətlər millətin xeyrinə deyil, zərərinə işlədi. Nəinki dinin parçalanmasını gücləndirdi, hətta türkü parçalamağa xidmət elədi. Sözsüz ki, bu, mənim fikrimdir.
Bilin ki, şiəlik dini parçaladı. Həzrəti Əli Müaviyəyə uduzandan sonra şiəliyi bir partiya kimi elan etdi. Həmin Əli 5 min nəfər xəvaricini qılıncdan keçirdi. Axı onlar da müsəlman idi! Yaxşı, imam Hüseynlə birgə qətlə yetirilən 72 nəfər üçün “şaxsey” gedirsən, amma 5 min nəfərə niyə bir salavat çevirmirsən? Bunlar hamısı haqlı suallardır.
Xəvaricilər də gördülər ki, şiəlik partiyaya çevrilib, onlar da öz partiyalarını yaratdı. Bu məsələləri izah edə bilmirlərsə, o zaman mənim haqqım var ki, bunları oxuyub başa düşəm. Dediklərim hamısı fakta əsaslanır!
– Məncə, dindəki parçalanmanı, təkcə şiəliyin üzərinə də yıxmaq da düzgün deyil.
– Sonradan bir neçə təriqət yarandı. Lakin biz danışdığımız tarixdə ilk parçalanmanın əsasını Əli qoydu. O, şiəliyi partiya elan etdi. O vaxta qədər isə dində parçalanma yox idi. Özü də Əli xəlifə idi. Sadəcə onlar Müaviyə ilə döyüşü saxlamışdılar. Onda sən düzünü de görüm, nə deyirsən?
–
Sizinlə debata girmək niyyətində deyiləm. Amma mənə elə gəlir ki, siz fikrinizi Nardaran hadisələrinə gətirmək istəyirsiniz. Düzmü düşünürəm?
– Heç şübhəsiz ki, Nardaran hadisələri orada aparılan radikal şiəlik təbliğatından bəhrələnir.
Hesab edirəm ki, Nardaranda baş verənlərin bir çox səbəbləri var. Sözsüz ki, bunlardan vacib olan biri də dini təbliğatın düzgün aparılmamasıdır. Nəinki düzgün olmaması, hətta bir çox hallarda siyasətbazların bu xurafatçı adamlardan öz siyasi məqsədləri üçün istifadə etmək cəhdləri bu təbliğatı dövlətin əleyhinə yönəltmək istəyi.
Yadımdadır ki, buna oxşar vəziyyət Heydər Əliyev dönəmində də yaranmışdı. Onda görəndə ki, bu adamlar özlərini mərtəbəyə mindirmək istəyirlər, dövlətin aidiyyatı rəhbərlərini və dinin rəhbərlərini çağırdı. Çox qəti şəkildə məsələ qoydu. Bir gecə vaxt verdi və həmin gecə məsələlər yoluna düşdü. Bilirsən, bu dövlət çox çətin problemləri həll edərək bugünkü duruma gəlib və hələ də problemlər çoxdur. Yol vermək olmaz ki, hər cür cahil dəstələr bu dövləti laxlatmağa cəhd göstərsin. Mən orada şəhid olan polislərimizə Allahdan rəhmət diləyirəm.
Ancaq Nardaran hadisələri bir aya, iki aya hazırlanmamışdı. Burada illərdən söhbət gedir. Təəssüf ki, bu məsələlərdə göz, qulaq olan təşkilat öz işini buraxıb hansı işlərlə məşğul olurdu – televiziyalar göstərir.
Ölkədə agenturası olan qurumlarımız da var axı! Təkcə, onlar yox, bu məsələyə aidiyyatı olan bütün təşkilatlar hamısı var: məktəb, sahə müvəkkili, uşaq inspektoru, ailə, uşaq məsələləri üzrə aidiyyatı orqanlar, bələdiyyə, icra nümayəndəsi, dini məsələlər, mollaxana və s. Parıltı xətrinə iş görənlər dövləti aldadırlar. Bunlar öz yerində.
Nardaranda olan din təbliğatı ilə 1400 il bundan qabaqkını yanaşı qoyun, görün nə fərqi var?! Heç bir.
Bu adamlar bir addım da qabağa gedə bilməyiblər. Din bizim mədəniyyətimizdir, bunu millətin inkişafına yönəltmək lazımdır. Buna görə də dinin təbliği nəinki anlaşıqlı, həm də gözəl olmalıdır. Söhbət təkcə savaddan getmir. Savad: “Aləti-təzviridir, əşara elm, qılma əhli məkrə təlimi maarifi zinhar. Hiylə üçün elmi təlimin verən müfsidlərə, qətliam üçün verir cəllada tiği abidar”. Böyük Füzuli elmi, maarifi biclik üçün istifadə edənlərə belə deyirdi.
Elm bəzən biclik üçün bir alət olur. Belə olanda maarifləndirdiyin kimlərdir, gərək tanıyasan. Yəni hələ, “Quran” oxumaq və ya bu elmi bilmək əxlaq demək deyil. Amma bilik, savad bu işdə də mütləqdir. Necə ki, Cavid əfəndi deyirdi: “Gərçi xilqətdə bəşər birsə yenə, tuş deyil bilməyən əsla bilənə”.
–
Dediklərinizdən belə anlamaq olarmı ki, Azərbaycanda ən savadlı adamlar da, o cümlədən Allahşükür Paşazadə də, Vasim Məmmədəliyev də dini təbliğatı düzgün aparmırlar?
– Mənim Vasim Məmmədəliyevə böyük hörmətim var. Azərbaycanın savadlı kişilərindən biridir. Bəlkə də ilahiyyat elmini, şərqşünaslıq elmini hamıdan dərin bilən odur. Hesab edirəm ki, bu gün dinlə bağlı nəinki ölkədə, hətta İslam aləmində baş verən problemlərin həllində qabağa düşməyə mənəvi haqqı çatan kişilərdəndir. Yenə deyirəm, heç kim “mənə nə” eləməməlidir və özünü görməzliyə vurmamalıdır. Bu problemlər var və bunların həlli İslamın qabaqda gedən adamlarının işidir. Bu gün Salman Rüştülərdən, karikatura çəkənlərdən daha qabaq bu dinə rəhbərlik edənlər və onu təbliğ edənlər problemi özlərində axtarmalıdırlar. Hesab edirəm ki, reform vacibdir və din mənəvi yüksəlişə, əxlaqa xidmət etməlidir.
O ki qaldı, dini varlanmaq üçün istifadə etməyə, bu lap dinin başlanğıcından belədir. İstəyirsən bir neçə misal göstərə bilərəm. Hələ xəlifə Ömər dönəmində İrandan xilafətə bağışlanan xalçanı (çox qiymətli xalça idi. 60 qulac eni, yəni 30 metr, və 70 qulaq uzunu. Üstü daş-qaşla bəzədilmişdi) peyğəmbər məscidinə sərmək əvəzinə Əli məcbur elədi, onu dörd yerə böldülər. Və öz payını, 2 min dirhəmə satdı. Belə şeylər çox olub. Gəl yenə poeziyaya müraciət edərək ümumiləşdirək. Nəsimi babamız belə deyib:
“Çıxıb minbərdə ey vaiz yeyingərm olma, əbsəm dur hələ məşğul idi şeytan ki səndə zöhdü təqvaya”
Seyid Əzimin “Köpəyə ehsan”, Mirzə Cəlilin “Ölülər”ini yada sal…
– Belə bir sual verəcəyəm: Siz gəncliyinizdə dindar olmusunuzmu, yoxsa elmi ateizm sizə də təsir etmişdi?
– Çox təəssüf edirəm ki, dindar olmamışam.
– Bu təəssüfün hikmətini bilmək olarmı?
– Evimizdə nənəm təpədən-dırnağa dindar olub. O, yüz yaşına qədər yaşadı. O, yüz yaşında belə, gündə 5 dəfə namaz qılırdı. Axırıncı dəfə, o getdi, çimdi, paltarlarını dəyişdi, gəldi sobanın yanında isinməyə oturdu. Dedi: “Gəlin, mənə bir çay gətir”. Gəlin o çayı gətirincə, nənəm rəhmətə getdi. Atam müharibədən gəlmişdi, müəllim idi. Atam dini təbliğ etmirdi. O, məndən dərsləri oxumağı, riyaziyyatı, fizikanı, kimyanı öyərnməyi tələb edirdi. O, maarifi təbliğ edirdi. Mən dərslərimi oxuyandan sonra tez qaçırdım ki, gedim futbol oynayım. Nənəmin elədiklərinə fikir verib ondan dini tərbiyə almağa faktiki olaraq vaxtım olmayıb. Amma mən Naxçıvanda keçirilən dini mərasimlərdə iştirak edirdim. Aşura mərasimlərinə bir uşaq marağı ilə baxırdım. Çox təəssüf edirəm ki, mənim indiki həvəsim uşaqlıq vaxtlarımda olsaydı, mən indi ərəb dilini də, fars dilini də bilərdim. Mənim poeziyaya çox böyük həvəsim var.
Atam riyaziyyat müəllimi olduğuna görə, məni dəqiq elmlərə yönləndirirdi. Ədəbiyyat da mənim hobbim idi. Mən 8-ci sinifdə oxuyanda “Vaqif” dramını əzbər bilirdim. Rəhmətlik anam məni stolun üstünə çıxardardı, mən də əllərimi-qollarımı ölçə-ölçə aktyor kimi oradakı qəhrəmanları canlandırmağa çalışardım. Əsərdəki obrazların dillərindən çıxanları imitasiya edərdim. Anam da mənə əl çalardı.
– Ananız necə, dindar idimi?
– Anamın tibb bacısı və müəllimlik təhsili var idi. Amma atam onu işləməyə qoymamışdı. O, nə tibb bacısı, nə də müəllim işlədi. Amma imanlı qadın idi. Kasıb bir müəllim ailəsində beş uşağını elə böyütdü ki, hamısı ali təhsil aldı.
– Əli müəllim, cənnət və cəhənnəmi “Quran”da yazıldığı kimi qəbul edirsiniz, yoxsa xəyali bir təsəvvürlərin canlandırdığı məkan olaraq?
– Mən “Tövrat”ı da, “İncil”i də yaxşı oxumuşam. Orada belə şeylər yoxdur ki, kimsə cəhənnəmdə zəqqum yeyəcək, irinli su içəcək. Bizdə isə fərqlidir. Hətta cənnəti də təbəqələrə bölüblər: Firdovsi, Ədn, Məva və Nəim. İndi deyirlər ki, bu təbəqələrdə də hər şey mərtəbələrlədir.
Çöl ərəbinin 1400 il bundan qabaqkı düşüncəsini Sabir demişkən, “Tökülüb zülfü siyah arizi alın içrə, Kəbəyə çöl ərəbi mani olur hüccacı”, təbliğ etmək üçün belə şeylər bəlkə də bir vasitə idi. Bəlkə də bəzi yolundan azmışları qandırmaq üçün belə bir təbliğat lazım idi. Ancaq bu, müasirliklə uzlaşmır. Bu cür təbliğat olmaz.
Bu öz yerində. Amma mən paralel dünyanın olmasına inanıram. İnanıram ki, belə bir dünya var. İsa kimi, Musa kimi, Məhəhhəməd kimi peyğəmbərlər, Nizami Gəncəvi və Hüseyn Cavid kimi dahilər buna inanıbsa, mən kiməm ki, cənnət və cəhənnəmi qəbul etməyim?! Bax gör Cavid əfəndi “İblis”də nə deyir:
“Ey varlığı ilə yox, yoxluğu vardan daha dilbər, ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an mənə göstər, könlüm səni özlər”.
Bu, Arifin monoloqundandır. Davamında deyir: “Uydum da peyğəmbərlərə, qanuna, kitaba, duydum yenə qəsvət, Başdan-başa həp qəhrü-qəzəb, tövbə, inabə yazəfi əlamət”.
Yaxud “Şeyx Sənan”da Şeyx Sənan deyir: “Kim ki eşq atəşində yansa əgər, onu yandırmaz öylə atəşlər. Məni öldürsələr, də mən yaşarım, tərk edib xəlqi xaliqə qoşarım”.
Nəsimi isə deyib: “Səndə ara, istə səni ta bulasan səndə səni, sən sənə yar ol bul anı, sanmam ki, yarım yox imiş”.
– Mirzə Fətəli Axundov ateist olub. O, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrlə tarixə düşüb. Bu gün isə bəzi dindar çevrələr Axundovu ateist olduğuna görə qınayır, onu masonluqda ittiham edirlər.
– Kim nə deyir, desin. Axundov mənim üçün böyük şəxsiyyətdir. Onun ateist, ya da imanlı olmasının mənim üçün heç bir fərqi yoxdur. Azərbaycanı Azərbaycan edən kişilərdən biri də Axundovdur.
Çox təəssüf edirəm ki, cızma-qara yazan ədəbiyyatçıları bu gün Axundovdan Seyid Əzimdən çox təbliğ edirlər. Ədəbiyyat aləmini məhv edirlər. Məhəmməd Hadi kimi bir dahinin yaradıcılığı kənarda qalıb. Milləti ucaltmaq üçün həmin millətin böyüklərini onun qabağına salarlar.
Bu gün Hadini çox sayda ədəbiyyatçılar var ki, bilmir. Halbuki, XX əsr ədəbiyyatında Hadi Cavidlə yan-yana qoyula bilər.
– Bayaq söylədiniz ki, uşaq vaxtı dindar olmadığınıza görə heyfslənirsiniz. Artıq kamillik yaşındasınız. Bu gün niyə dindar olmursunuz?
– Dindar olmaq o demək deyil ki, gedib bundan sonra məsciddə mollalıq edəsən.
– (Gülürük). Söhbət sizin fərdi dini ibadətlərinizdən gedir.
– Hələ onların özünü də yaxşı başa düşmək lazımdır. Məncə əvvəlcə iman, sonra ibadət gərək olsun. Bu barədə danışsaq, söhbət çox uzanacaq. Onu deyim ki, mən bu məsələləri axıra qədər əxz etməmişəm ki, hər suala cavab verəm. Siz əgər deyirsiniz ki, yüz qram araq içdiyimə görə cəhənnəmə gedəcəyəmsə, onda belə çıxır ki, ruslardan heç cənnətə gedən olmayacaq?! (Yenə gülürük).
Mirzə Cəlil Məmmədquluzadə də imanlı idi, amma dələduz mollalar kimi yox. Onun imanlı olmağının öz yolu var idi. Cavid məgər mollalar kimi imanlı olub? Xeyr. Məncə əsl iman Nizami, Nəsimi, Cavidinki kimidir.
– Nə zamansa müqəddəs hesab olunan ziyarətə getmək istəyərdinizmi?
– Artistlik etmək məndən uzaq bir şeydir. Mən gördüyüm işdə səmimiyyəti xoşlayıram. O şey ki mənim ürəyimcədir, onu edirəm. Ürəyimcə deyilsə, özümü camaatın gözünə soxmaq istəmirəm. “Məncə, dünya qoca bir səhnə demək, hər kəs aktyorluq edir bilməyərək”. Onsuz da bilməyərək hamı aktyorluq edir. Amma məncə, bilə-bilə aktyorluq edənlər də var. Bu, kimlərəsə lazımdır. Mən bu söhbəti ona görə edirəm ki, qaranlıq yerlərə işıq salaq. Dilimiz, ədəbiyyatımız, musiqimiz, dinimiz və bu xalqın formalaşmasında digər vacib olan dəyərlər, eyni zamanda xalqımızın sabahı üçün lazımdır. Və bundan sonra da dünyada öz layiqli yerini tutaraq saxlaya bilməsi üçün neft yox, bunlardır millətin markası. Ona görə də bu dəyərləri naşı əllərə vermək olmaz və qoymaq olmaz ki, nəverim adamlar at oynatsınlar. Hətta millətə yol göstərmək, məsləhət vermək həvəsinə düşsünlər. Bu, çox ziyanlı presedent yaradar. Yuxarıda dedim ki, əvvəl iman, sonra ibadət. İmanlı olmağın yolu ədalətdən və ixlasdan keçir. Mən çalışdım ki, səmimi olam. Nə bilim, hər şey Allaha agahdır.