Əli Kərimli xüsusi ittiham qaydasında məhkəməyə verilib (yenilənib)

Foto: Meydan TV

Meydan TV-yə verilən məlumata görə, AXCP sədrini partiyadan çıxarılan Aydın Əliyev adlı üzv məhkəməyə verib.

Onun iddiası əsasında ötən ay Nəsimi Rayon Məhkəməsi AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv etmişdi.


Partiya sədri deyir ki, məhkəməyə hansı səbəbdən verildiyini bilmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli xüsusi ittiham qaydasında məhkəməyə verilib, amma səbəb göstərilməyib.

Bu barədə Əli Kərimli özü Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, iş üzrə hazırlıq iclası avqustun 13-də, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.

Partiya sədri qeyd edib ki, elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib:

Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var”.

Aydındır ki, mən heç kimi təhqir etməmişəm, heç kimə böhtan atmamışam. Bu, repressiya maşınının növbəti saxtakarlığı, növbəti üzəduranlığıdır. İşin lap əvvəlində deyim ki, heç bir cinayət işi, heç bir həbs təhdidi, hətta real həbs belə azadlıq və ədalət uğrunda mübarizəmizi durdura bilməz”, – deyə Kərimli vurğulayıb.

Meydan TV-yə danışan Əli Kərimli deyib ki, məhkəməyə verilməsi ilə bağlı hər hansı qənaəti və təxmini də yoxdur:

Bilirsiniz ki, mən peşəkar hüquqşünasam, heç vaxt təhqirə yol vermirəm, çıxışlarım publikdir, böhtan atası deyiləm. Bu yöndə heç nə ağlıma gəlmir. Hazırlanmış işdir, maraqlıdır ki, portalda şikayətçinin adı yoxdur. Güman ki, avqustun 13-də məhkəmədə biləcəyik”.

2000-ci ildən AXCP sədri olan Əli Kərimli I və II çağırış Milli Məclisin deputatı olub.

Əli Kərimli 2006-cı ildən xarici pasport ala bilmir. Bu imtina Əli Kərimli barəsində 1994-cü ilin sentyabrında açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırılır.

2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ə.Kərimliyə qarşı Avropa Konvensiyasının 2-ci protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) pozulduğunu tanıyıb, hökumət isə Strasburq Məhkəməsinin Böyük Palatasına apellyasiya verməyib.

Ana səhifəSiyasətƏli Kərimli xüsusi ittiham qaydasında məhkəməyə verilib (yenilənib)