Əli Kərimliyə ad günü şeiri yazan fəala 30 sutka həbs

“Fəal anasına 30 sutka həbs cəzası verildiyini və Binəqədi təcridxanasında saxlandığını deyib”

Source: Meydan TV


“Fəal anasına 30 sutka həbs cəzası verildiyini və Binəqədi təcridxanasında saxlandığını deyib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon təşkilatının üzvü Elvin Məmmədova da 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə Meydan TV-yə AXCP-dən bildirilib.

Partiyadan verilən məlumata görə, cəbhəçi fəal mayın 2-də səhər saatlarında evdən telefon zəngilə iş yerinə karantin rejimində hərəkət üçün icazə sənədi vermək adıyla çağırılmışdı. Yaxınları bundan sonra iki sutka ərzində onun yeri barədə heç bir xəbər ala bilməyib.

“Mayın 4-də günorta saatlarında evlərinə zəng eləyib. Təxminən bir dəqiqə anasıyla danışıb. Ona 30 sutka həbs cəzası verildiyini və Binəqədidə təcridxanada saxlandığını deyib. İki gün ərzində onun yerini öyrənə bilməsək də, həbs olunduğunu ehtimal edirdik. Elvin Məmmədov özü də həbsindən əvvəl bildirmişdi ki, son iki-üç gündə onu izləyirlər. Hətta evlərinə qədər gəlmişdilər. Həm bunu, həm də son bir ayda cəbhəçi fəalların ardıcıl həbsini nəzərə alaraq, onun da həbs olunduğunu güman edirdik”, – deyə AXCP-dən bildirilib.

E.Məmmədov həm də şairdir. O, aprelin 28-də AXCP sədri Əli Kərimlinin 55 illiyinə həsr olunmuş şeir yazıb və sosial şəbəkələrdə paylaşıb: “Onun həbsində Əli Kərimliyə şeir həsr etməsinin də böyük rolu var”.

Son bir ayda AXCP-nin 15 fəalı həbs olunub. Onların əksəriyyətinə 30 sutka inzibati həbs cəzası verilib. Partiyanın Salyan şöbəsinin fəalı Zamin Salayev isə polisin şikayətilə 2 il 3 ay azadlıqdan məhrum edilib. İnzibati qaydada həbs olunanlar arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəal Baba Süleymanov, Nicat Abdullazadə, Vüqar Əbilov, İslam İslamzadə də var.

“Niyaməddin Əhmədovu bir həftə öncə təcridxanadan başına torba keçirib, çıxarıb aparıblar. Ona işgəncə verib, Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd göstəriblər. Geri qaytarandan sonra onu təkadamlıq kamerada saxlayıblar. Sonradan dəqiqləşdirilib ki, onu DTX-ya aparıb-qaytarıblar. Onun barəsində cinayət işi başlandığı haqda da məlumatlar var”, – AXCP-dən bildirilib.

Partiya bütün bunları, eləcə də aprelin 13-dən Əli Kərimliyə telefon əlaqəsi və internet məhdudiyyəti yaradılmasını AXCP-yə qarşı repressiyaların növbəti dalğası kimi qiymətləndirir.

Partiya sədrinin müavini Seymur Həzi də hesab edir ki, son bir ayda baş verənlər hakimiyyətin AXCP ilə bağlı xüsusi planı olmasının göstəricisidir.

Daxili İşlər Nazirliyi isə bu həbslərin müxalifətə qarşı repressiya kimi qiymətləndirilməsini “obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi” adlandırıb. Nazirlik bəyan edib ki, həbs edilənlər konkret qanun pozuntusuna görə cəzalandırılıblar.

AXCP-yə qarşı cinayət işi başlanması haqda iddialara Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Prezident İlham Əliyev mayın 1-də ölkənin yeni Baş prokuroru Kamran Əliyevlə video-qəbulda bəyan edib ki, kiminsə siyasi baxışlarına görə təqib olunması yolverilməzdir.

Ana səhifəXəbərlərƏli Kərimliyə ad günü şeiri yazan fəala 30 sutka həbs