Məhkəmə yenə də onu ev dustaqlığına buraxmaqdan imtina edib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbdəki fəalı, eyni zamanda partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində gedən araşdırmalar başa çatıb. Yaxın günlərdə N.Əhmədov özü və vəkili cinayət işinin materiallarıyla tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.
N.Əhmədovun vəkili istintaqın yekunlaşdığını əsas gətirərək, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə vəsatət təqdim edib. Vəkil vəsatətində göstərib ki, həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorluğun göstərdiyi, məhkəmənin də razılaşdığı əsaslar artıq aradan qalxıb. Artıq istintaq yekunlaşıb, bu da o deməkdir ki, N.Əhmədovun istintaqın gedişinə, şahidlərə təsir göstərmək imkanı yoxdur, istintaqdan qaçıb gizlənə bilməz.
Vəsatətə Nəsimi Rayon Məhkəməsində baxılıb və bu dəfə də təmin olunmayıb. Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək.
N.Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İddia olunur ki, N.Əhmədov Almaniyada yaşayan və sosial şəbəkələr üzərindən Azərbaycan hakimiyyətini sərt tənqid, bəzən də təhqir edən həmkəndlisi Qabil Məmmədovla əlbir olub. Azərbaycanda terror aktları planlaşdıran Q.Məmmədov bu məqsədlə N.Əhmədova pul göndərib. Həmçinin N.Əhmədovun evindən üzərində kiçik kamera olan eynək tapıldığı bildirilir.
N.Əhmədov ittihamları qəbul etmir, Ə.Kərimlinin köməkçisi olduğuna görə cəzalandırıldığını bildirir.
N.Əhmədovun atası oğlunun həbs olunduğu ilk vaxtlarda etiraf ifadəsinə imza atmaq üçün ağır işgəncələrə məruz qaldığını, bu üzdən onun səhhətində problemlər yarandığını bildirib.