Vəkilin vəsatəti təmin edilməyib, məhkəmə təxirə salınıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror Niyaməddin Əhmədova 15 il həbs cəzası istəyib.
Prokurorun çıxışından əvvəl Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq, yolverilməz sübutların iş materiallarından çıxarılmasını tələb edib.
Vəkilin xaric olunmasını istədiyi materiallar arasında gizli səs və video yazılar, Almaniyada yaşayan Qabil Məmmədovun sosial şəbəkələrdə 5 saatlıq çıxışı və s. var.
Hakimlər onun vəsatətini təmin etməsələr də, bildiriblər ki, hökm çıxarılanda müşavirə zamanı bu məsələlərə qiymət veriləcək.
Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib.
Prokuror çıxışında iddia edib ki, Niyaməddin Əhmədova qarşı ittiham məhkəmədə sübuta yetirilib.
Prokurordan sonra vəkil müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmə sentyabrın 29-na qədər təxirə salınıb. Həmin gün vəkil çıxış edəcək, ardınca AXCP üzvü son sözünü deyəcək.
Niyaməddin Əhmədov 2020-ci ilin mayından həbsdədir.
Ona qarşı irəli sürülən ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib.
Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.
Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.
O, Əli Kərimlinin əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib.