Əli Kərimlinin mühafizəçisi terror ittihamının ona necə verildiyini açıqlayıb

Arif Əhmədov oğlunun mühacirətdə yaşayan Qabil Məmmədovla yalnız bir kənddən olması ilə bağlılıqları olduğunu deyib

Source: Foto: sosial şəbəkə


Günorta təcridxanadan aparılıb, vəkili çağırılmayıb…

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov ona qarşı terroru maliyyələşdirmə ittihamının necə irəli sürüldüyünü açıqlayıb. N.Əhmədovun sözlərinə görə, hələ 30 sutkalıq həbsi başa çatmamış onu saxlandığı təcridxanadan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıblar. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, orada N.Əhmədov haqqında tutma protokolu tərtib olunub.

“Protokolda yazıblar ki, guya Niyaməddin Əhmədov 15 may saat 22.50-də tutulub. Əslində isə mayın 15-də günorta nahardan təxminən iki saat keçəndən sonra sutkalıq həbs cəzasını çəkdiyi təcridxanaya prokurorluğun işçiləri gəlib. Nahar da orada günorta saat 13.00-da olur. Deməli, təxminən 15.00 radələrində aparıblar. Ona görə axşam saat 22.50 yazıblar ki, onun inzibati həbsdə ola-ola çıxarılıb harasa aparılması qanunsuzdur. Guya həbs müddəti başa çatıb, buraxıblar, onu sonradan tutublar. Prokurorluğa gətirəndən sonra da ondan deyilənləri kamera qarşısında təkrarlamaq tələb olunub. Eləməyib. Ona dövlət hesabına vəkil təyin edilib. Niyaməddin deyib ki, öz vəkili var, onun çağrılmasını istəyir.Lakin çağırmayıblar”, – deyə N.Əhmədovun qohumu Meydan TV-yə bildirib.

Niyaməddin Əhmədovun atası Arif Əhmədov isə Meydan TV-yə deyib ki, iyunun 2-də oğluyla görüşmək istəyib. Ancaq yalnız gətirdiyi sovqatı göndərməyə icazə veriblər.

Arif Əhmədov Tovuz rayonundan oğluyla görüş üçün Bakıya gəldiyinin bildirib.

Arif Əhmədov Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaməddin Əhmədovla görüşə icazə verilməməsinin səbəbini anlamadığını deyib:

“Paltar və yeməyini götürdülər, dedilər görüş olmayacaq, səbəbini də izah etmədilər”.

Arif Əhmədov oğluyla telefon əlaqəsi saxlanılmasına da icazə verilməməsinə narazılığını ifadə edib:

“Normal ölkələrdə məhbusun ailəsi ilə telefon danışığına qadağa yoxdur, bu münasibəti başa düşmürük”.

Arif Əhmədov oğlunun həbsini qanunsuz hesab edib:

“Ona qarşı ittihamlar saxtadır. Çünki oğlumun terrorçuluqla heç bir bağlılığı ola bilməz. Rayonumuzda və kəndimizdə oğlumun həbsini və irəli sürülən ittihamı eşidənlər heyrətləniblər. Onlar da etiraz edir. Məncə, Niyaməddinə qarşı ittihamı hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri quraşdırıblar. Ona görə oğlumun işinə dövlət başçısı özü müdaxilə etməlidir. Terrorçular Qarabağdadır, Bakıda yox”.

Arif Əhmədov oğlunun mühacirətdə yaşayan Qabil Məmmədovla yalnız bir kənddən olması ilə bağlılıqları olduğunu deyib:

“Biz bir kənddə yaşamışıq, amma qonşu deyilik, evlərimiz arasındakı məsafə uzaqdır. Onların elə bir xüsusi təması, ünsiyyəti olmayıb. Terror nədir, terrorçuluq nədir, bunlar uydurmadır. Kəndimizdə bu söhbəti eşirdənlər dəhşətə gəlib ki, belə bir sakit adam hara, terror hara”.

N.Əhmədov barəsində tutma qərarından məhkəməyə şikayət verilib. Həmin şikayətə mayın 30-da Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev baxıb və təmin etməyib: “Niyaməddin Əhmədov bizə danışdıqlarını məhkəmədə hakimə də deyib”.

Bu qərardan apelyasiya şikayəti veriləcək.

AXCP fəalının bildirdiyinə görə, mayın 15-də prokurorluqda dövlət hesabına təyin edilən vəkil ona sənədləri imzalamağı tövsiyə edib. O da tutma protokolunu imzalayıb.

İyunun 2-də Bakı Apelyasiya Məhkəməsində də N.Əhmədovun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda Nəsimi Rayon Məhkəməsinin 17 may 2020-ci il tarixli qərarından verilən şikayətə baxılmalıydı. N.Əhmədov məhkəməyə gətirilmədiyinə görə proses iyunun 3-nə təxirə salınıb.

N.Əhmədovun 30 günlük inzibati cəzası başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İddia olunur ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən, bir sıra hallarda təhqirlər də səsləndirən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib. Bu məqsədlə də N.Əhmədova pul göndərib.

AXCP N.Əhmədova qarşı ittihamın cəfəndiyyat olduğunu bəyan edib. Onun həbsini partiyaya və Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

“İctimai əsaslarla məni mühafizə etmiş cəbhəçi gənc Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir. Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir”, – deyə Ə.Kərimli bildirib.

Ötən il Milli Şuranın şəhərin mərkəzində keçirdiyi 19 oktyabr mitinqində Ə.Kərimli tutularkən son ana qədər onun yanında olanlardan biri N.Əhmədov idi. Partiyanın məlumatına görə, karantin rejimində Ə.Kərimlinin telefon və internet əlaqələri məhdudlaşdırıldığı vaxt N.Əhmədov ailənin ərzaqla təminatında kömək edib. Bundan sonra onu həbs ediblər.

Ana səhifəSiyasətƏli Kərimlinin mühafizəçisi terror ittihamının ona necə verildiyini açıqlayıb