Ruslan Əmirova dövlət hesabına vəkil təyin edilib
Səbail Rayon Məhkəməsində AXCP fəalı,eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Ruslan Əmirovun mühakiməsi başlayıb. O, ötən ilin iyulunda Bakıda “Qarabağa azadlıq!” və “Orduya dəstək!” şüarlarıyla keçirilən yürüşlə əlaqədar məsuliyyətə cəlb edilib.
Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham olunan R.Əmirovun işinə hakim Azər Tağıyevin sədrliyilə baxılır.
Yürüşdə bir qrup şəxsin parlamentin binasına daxil olması, polis maşınının aşırılması və s. hərəkətlər zamanı Milli Məclisə, daxili işlər orqanlarına maddi ziyan dəydiyi, çoxlu sayda polis və təhlükəsizlik orqanları əməkdaşlarının xəsarət aldığı iddia olunur. İş üzrə 22 nəfər zərərçəkən qismində tanınıb.
R.Əmirova dövlət hesabına vəkil təyin edilib.
Fevralın 8-də keçirilən məhkəmədə zərərçəkmişlərdən yalnız Ceyhun Mustafayev iştirak edib. R.Əmirov digər zərərçəkmişlərin də iştirak etməsini istəyib. Bu səbəbdən məhkəmə prosesi fevralın 10-na qədər təxirə salınıb.
Yürüşdə baş verənlərlə əlaqədar ümumilikdə 37 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 35-i həbs olunsa da, 2020-ci ilin noyabr və dekabr aylarında ev dustaqlığına buraxılıblar. Həbsdə olanların da 14-ü AXCP fəalları idi. Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Asif Yusifli də vardı.
R.Əmirov əvvəlcə axtarışa verilib, iki ay sonra saxlanılıb. Həmin vaxt artıq əvvəlki 36 nəfərin işi üzrə istintaq yekunlaşmışdı.
Sözügedən 36 nəfərə qarşı da R.Əmirova verilən maddələrlə ittiham irəli sürülüb.
Onların məhkəməsi isə hələ başlanmayıb.
R.Əmirov və AXCP-nin digər fəalları ittihamları qəbul etmir. Onların bir qismi ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiklərini bildirib. Yürüşdə iştirak edənlər isə heç bir qanun pozuntusuna yol vermədiklərini deyirlər. Onlar partiya üzvlərinin həbsini AXCP-yə qarşı repressiyaların davamı kimi qiymətləndirir.