Əli Kərimlinin mühafizəçisi: Məni saxlayan kimi vurdular

Məhkəmə vəkilin vəsatətlərini təmin etməyib

Source: соцсети


Məhkəmə vəkilin vəsatətlərini təmin etməyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi olmuş Niyaməddin Əhmədovun mühakiməsi başlayıb. Martın 3-də hakim Siyavuş Hacıyevin sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova müvəkkili haqqında cinayət işinə xitam verilməsi, bu olmasa, onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb. Vəkil bildirib ki, Niyaməddin Əhmədova qarşı irəli sürülmüş “terroru maliyyələşdirmə” və digər ittihamlar sübuta yetirilməyib. İstintaq zamanı çoxsaylı qanun pozuntularına yol verilib. Cinayət işinin materiallarında xeyli ziddiyyətlə olduğunu deyən vəkil onların bir qismini məhkəmənin nəzərinə çatdırıb: “Niyaməddin Əhmədov haqqında cinayət işi başlanmamışdan əvvəl – aprelin 15-də o, İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejimi qaydalarını pozma) maddəsilə 1 ay həbs olunub. Onun həbs müddəti mayın 15-də axşam saat 21.50-də başa çatmalıydı. Təcridxanadan bildiriblər ki, həmin vaxt buraxılıb. Amma cinayət işinin materiallarından aydın olur ki, həmin gün günorta saat 15.05-də şahid qismində prokurorluqda dindirilib. Bu dindirmə 7 saat çəkib və 22.15-də bitib. 22.30-da artıq şübhəli şəxs qismində dindirilib. Bu 15 dəqiqə ərzində necə oldu ki, müstəntiq dövlət hesabına vəkil təyin olunması üçün müraciət etdi, təyin edilən vəkil orderi götürüb Baş Prokurorluğun İstintaq İdarəsinə gəldi, qərarı imzaladı? Heç nəzəri baxımdan da 15 dəqiqə ərzində bunları eləmək mümkün deyil. Ən əsası, axı həmin vaxt Niyaməddin Əhmədov inzibati cəzanın çəkildiyi təcridxanada olmalıydı…”

Vəkil vurğulayıb ki, Niyaməddin Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün göstərilən əsaslar da aradan qalxıb.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Niyaməddin Əhmədov məhkəmədə necə həbs olunması, işgəncəyə məruz qalmasından danışıb. O bildirib ki, karantin rejimi qaydalarını pozma ittihamıyla 1 aylıq həbsi də sifarişli idi. Onun sözlərinə görə, həmin gün o, SMS-icazə ilə evdən çıxıb. Onu 4-5 nəfər mülki geyimli şəxs saxlayıb və dərhal da zorakılığa məruz qalıb: “Saxlayan kimi məni vurdular. Heç özlərini təqdim eləmədilər. Bilmirdim ki, bunlar polislərdir”.

Hakim ona fikrini başa çatdırmağa imkan verməyib. Deyib ki, məhkəmə baxışında ifadə verəndə bu məsələlər haqda danışa bilər: “İndi hazırlıq iclasıdır”.

Məhkəmə baxışı martın 10-na təyin edilib.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir. Niyaməddin Əhmədov bildirib ki, Tovuz rayonunun Qazqulu kəndində Qabil Məmmədovla qonşu olublar, münasibətləri vardı. 2017-ci ildə – hələ Almaniyaya getməmişdən öncə Qabil Məmmədov ondan borc alıb, uzun müddət qaytarmayıb. Onunla internet üzərindən yazışaraq, pulunu tələb edib. Qabil Məmmədov da həmin borcun bir hissəsini bir neçə dəfəyə ona göndərib.

Ana səhifəXəbərlərƏli Kərimlinin mühafizəçisi: Məni saxlayan kimi vurdular