Əli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edildi (Yenilənib)

Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Source: Specify Source


23.08.


Məhkəmədən sonra saxlanılan AXCP üzvü Fuad Əhmədli Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati cəza alıb.

***


Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun məhkəməsi başa çatıb. Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, 13 il azadlıqdan məhrum edilib.

Məhkəmə iclası başlamamışdan öncə prosesi izləmək üçün məhkəmə binasının önünə gələn AXCP üzvləri arasında saxlanılanlar olub. Partiyadan verilən məlumata görə, saxlanılan qadınlar sonradan Qobustan rayonu ərazisində düşürülüb. Daha iki cəbhəçi – Emin Maniyev və Fuad Əhmədli Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb: “Emin Maniyev bir qədər sonra buraxılsa da, Fuad Əhmədli hələ də polis bölməsindədir. Vəkili və valideyni ilə də görüşməyə qoymurlar. Onun bölmədə zorakılığa məruz qaldığı ehtimal olunur. Ondan heç bir xəbər ala bilmirik”.

Məhkəmə iclasında Niyaməddin Əhmədovun özü iştirak etməyib. O, istintaq təcridxanasından onlayn qaydada məhkəməyə qoşularaq, son sözünü deyib. İttihamların yalan olduğunu vurğulayan cəbhəçi gəncin sözlərinə görə, həbsinin yeganə səbəbi Əli Kərimlinin mühafizəçisi olmasıdır. O, məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Lakin hakimlər qısa müşavirədən sonra Niyaməddin Əhmədovun 13 il azadlıqdan məhrum edilməsi haqda ittiham hökmünü elan edib.

Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

Niyaməddin Əhmədov sentyabrın 22-də məhkəmədə prokuror ona 15 il həbs cəzası istəyəndən sonra aclığa başlayıb. O vaxtdan Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinə köçürülən AXCP fəalının koronavirusa yoluxduğu aydınlaşıb. Oktyabrın 7-nə qədər orada saxlanılan cəbhəçi bir gün öncə Bakı İstintaq Təcridxanasına qaytarılıb.

“Niyaməddin Əhmədovun dediyinə görə, o, aclığı davam etdirir. Səhhətində çox ciddi problemlər yaranmasına baxmayaraq, aclığı dayandırmaq niyyətində olmadığını bildirdi. Deyir ki, əvvəl quru aclıq edib, indi arabir yalnız su içir. Vəziyyəti o qədər pis olub ki, bundan əvvəlki telefon danışığına onu araba ilə gətiriblər”, – vəkil bildirib.

“Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edildi. Biz bu qəddarlığa, bu qisasçılığa, bu namərdliyə təəccüblənmədik. Cəmiyyəti qorxutmaq istəyirlər ki, xalq bunların oğurluğuna etiraz edə bilməsin. Ancaq alınmayacaq. Xalqımızı susdurub, təslim etmək mümkün olmayacaq”, – bunu isə AXCP sədri Əli Kərimli bildirib.

Niyaməddin Əhmədov 2020-ci ilin mayından həbsdədir. Ona qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

O, Əli Kərimlinin əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib.

Ana səhifəSiyasətƏli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edildi (Yenilənib)