Əli Kərimlinin evinin güdülməsi və internetlə bağlı şikayətinə məhkəmə baxmır

İddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılıb.

Source: Meydan TV


Bu iş də Avropa Məhkəməsinə göndəriləcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və həyat yoldaşı Samara Seyidova Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, “Azercell Telekom” və internet xidməti göstərən “AzQtel” MMC-ni məhkəməyə verib. Onlar şikayətlərində göstəriblər ki, aprelin 13-dən bu yana rabitə və internet xidmətləri dayandırılıb, özləri və evləri daim güdülür, nəzarət altında saxlanılırlar. Bu da onların şəxsi və ailə həyatına hörmət, ayrı-seçkiliyə məruz qalmamaq və s. hüquqlarının pozulması deməkdir.

Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarova şikayətə baxmaqdan imtina edib. İddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılıb.

Həmin qərardaddan verilən şikayətə avqustun 6-da Bakı Apelyasiya Məhkəməsində hakim Şərafət Məmmədova baxıb. Məhkəmədə cavabdeh tərəflərdən yalnız Daxili İşlər Nazirliyinin nümayəndəsi iştirak edib. O da əvvəlki qərarın qüvvədə saxlanmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsi də qərardadı qüvvədə saxlayıb.

AXCP-dən Meydan TV-yə bildirilib ki, bu işlə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək: “Artıq ölkədaxili hüquqi müdafiə vasitələri tükəndirilib. Ona görə də Avropa Məhkəməsinə şikayət olunacaq”.

Ə.Kərimli şikayətində göstərib ki, sərt karantin rejimi şəraitində telefon və internet əlaqəsindən məhrum edilməsi onu və ailə üzvlərini ev dustaqlığına məhkum etmək deməkdir.

Ana səhifəSiyasətƏli Kərimlinin evinin güdülməsi və internetlə bağlı şikayətinə məhkəmə baxmır