Əli Kərimlinin daha bir mühafizəçisi saxlanılıb

Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib.

Source: Foto: sosial şəbəkə


Ruslan Əmirovu hara apardıqları barədə məlumat verilməyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirov saxlanılıb. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, R.Əmirov oktyabrın 9-da saat 15.30-da yaşadığı evdən aparılıb.

“Onu evindən aparanlar özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim ediblər. Amma niyə saxlanması, hara aparılması barədə heç bir məlumat verməyiblər”, – deyə AXCP-dən bildirilib.

R.Əmirovun saxlanması barədə deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, R.Əmirovun adı iyulun 15-də Qarabağa və Orduya dəstək yürüşündə baş verənlərlə bağlı cinayət işində hallanır. Həmin iş üzrə 16 nəfər AXCP fəalı cinayət məsuliyyətinə cəlb olunub, onlardan 15-i həbsdədir. Oktyabrın 17-də onların məhkəməsi başlayacaq.

R.Əmirov AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. Ə.Kərimlinin digər mühafizəçisi Niyaməddin Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.

N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.

Ana səhifəSiyasətƏli Kərimlinin daha bir mühafizəçisi saxlanılıb