Əli Kərimli yenidən pasport üçün müraciət edəcək

“Məlum qadağanın saxlanmasının məntiqi yoxdur, yalnız qisas məntiqi qalır”

Source:

“Məlum qadağanın saxlanmasının məntiqi yoxdur, yalnız qisas məntiqi qalır”
Əli Kərimli Avropa İnsan Haqları Məhkəməsinin 10 il sonra verdiyi qərar barədə Meydan TV-nin sualını cavablandırıb. O, qərarın çox gec qəbul edildiyini deyib: “Çox təəssüf ki, Azərbaycan hakimiyyəti tamamilə süni, qurama əsaslarla 2005-ci ildən bəri mənim xarici səfərlərimə imkan vermir. 2009-cu ildə bütün daxili prosedurları keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdim, nəhayət, məhkəmə bu gün qərarını elan edib. Məhkəmə təsdiq edib ki, hökumətin mənə pasport verməməklə gətirdiyi arqumentlər tamamilə əsassızdır,  qanunsuzdur və mənim Avropa Konvensiyası ilə təsdiq olunmuş hüquqlarım pozulub. Bilirsiniz ki, hakimiyyət 1994-cü ildə mənə qarşı quraşdırılmış məşhur “qumbara işi”ni əsas gətirərək, pasport verməmişdi. Amma Avropa Məhkəməsi qərarı elan edən zaman həmin cinayət işinin necə olmasından asılı olmayaraq, cinayət məsuliyyətinə cəlbetmə müddəti 1999-cu ildə artıq başa çatmışdı. Yəni həmin işə 1999-cu ildən sonra müraciət etmək mümkün deyildi. İkincisi, iki dönəm parlamentin üzvü kimi diplomatik pasportum olub və xarici səfərlərə getmişəm. Heç zaman ölkəyə qayıtmağımla bağlı problemim olmayıb. Bütün bu səbəblərə görə Avropa Məhkəməsi hesab edir ki, hökumətin haqqımdakı qərarı qanunsuzdur”.
AXCP sədri xarici pasport almaqla bağlı DİN-nin Pasport İdarəsinə yenidən müraciət edəcəyini deyib.
“Bəzi siyasi məhbuslar barədə Avropa Məhkəməsinin qərarının icra olunmadığını nəzərə aldıqda, eyni situasiya ilə üzləşmək təhlükəsi varmı” sualına  Əli Kərimlinin cavabı belə oldu: “İstisna etmirəm, bu ölkədə hər şey gözləmək olar. Bu mənada Avropa Məhkəməsinin qərarı yerinə yetirilməyə bilər. Ancaq qərarın yerinə yetirilməməsi prosesual nəticələrə səbəb olur. Avropa Şurasının Nazirlər Kabineti qərarların yerinə yetirilməsinə nəzarət edir və bu, hökumət üçün başağrısı olur. İkincisi, mənim ölkədən çıxmağıma qoyulan qadağa əvvəlki illərdəki kimi effektli deyil. 2005-ci ildə Strastburqda hökuməti sərt tənqid etdikdən sonra narahatlıq əsasında bu qərarı vermişdilər. Təkcə həmin il 10 ölkədə xarici səfərlərdə olmuşdum, o zaman internet indiki qədər inkişaf etmədiyindən beynəlxalq aləmə çıxış üçün xarici səfərlər önəmliydi. Xarici səfərlərimin qarşısı da Azərbaycanla bağlı xəbərlərin dünyaya çatmaması üçün alındı. İndi vəziyyət bir qədər dəyişib, mən kənara çıxmasam da, ölkə ilə bağlı məlumatlar dünya mediasının gündəmindədir. Demək olar ki, hökumətin gizlətməli sirlər qalmayıb, bütün sirlər faş olub. Ona görə məlum qadağanın saxlanmasının məntiqi yoxdur, yalnız qisas məntiqi qalır. Bundan sonra mənə pasport verməmək siyasi hüquqlarımı məhdudlaşdırmaq xarakteri daşıyacaq. bununla da  hökumət özünü tənqidlərdən və çətin suallardan xilas etməyəcək”.

Ana səhifəXəbərlərƏli Kərimli yenidən pasport üçün müraciət edəcək