Bakı Şəhət Baş Polis İdarəsi məlumat yayıb
Bakı Şəhər Baş Polis İdarəsi
Milli Şuranın
noyabrın 17-də
Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı məlumat yayıb.
Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər:
“Ərazidə xidmətdə olan polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”.
İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri (yığıncaqların, mitinq, nümayiş, küçə yürüşü təşkili) 3 min manata qədər cərimə, 240 saata qədər ictimai işlər, iki aya qədər həbs cəzası nəzərdə tutur.
Baş verənlərlə əlaqədar Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov
“Azərtac”-a deyib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər:
“Nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb. Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb. Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb, məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib”.
Demokratik Qüvvələrin Milli Şurası 17 noyabrda Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis müdaxiləsi ilə üzləşib. Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və xeyli sayda partiya üzvü saxlanılıb. Cəmil Həsənli həmin gün gecə saatlarında buraxılsa da, Əli Kərimli və digərləri haqda yalnız bir gün sonra məlumat verilib.