seçki

Mənbə: Foto: arxiv

Başlıq: seçki

Əli Kərimli: Şərtlərimiz heç qəbul olunmazsa, seçkiləri boykot edəcəyik

Məqalə yeniləndi:  3 Dekabr 2019

Arif Hacılı: “Müsavat Partiyası olaraq biz iştiraka meyilliyik”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli növbədənkənar parlament seçkilərinin vaxtının müəyyən olunmadığı halda müxalif düşərgədə qarşılıqlı ittihamların başlamasını və gedən müzakirələrin qeyri-ciddi məcraya yönəlməsini pisləyib.

YAP-dan olan deputatlar parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etdikdən sonra növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr zamanı müxalifət nümayəndələri arasında qarşılıqlı ittihamlar səsləndirilməyə başlayıb.

Anar Məmmədli hesab edir ki, ən ideal variant minimum 100 seçki dairəsində siyasi qrupların vahid seçki siyahısı ilə iştirakı olardı. Amma bu təşəbbüsü həyata keçirmək üçün ortada danışıqlar aparan, təkliflər açıqlayan siyasi təşkilat yoxdur:

“Heç bir təşkilatın 25 dairədə güclü yarış üçün maddi-texniki, təşkilati və insani resursu yoxdur. Cəmi 25 dairədə demokratik düşərgə adına yarışmaq isə həm milli, həm də beynəlxalq səviyyədə müxalifətin ölkədə siyasi azlıq olduğunu etiraf etməsi olacaq. Hazırda bir neçə siyasi qrup, ictimai fəal və bitərəf şəxs seçkidə nəyin bahasına olursa olsun iştirakın tərəfdarı, digər bir siyasi qrup isə mövcud siyasi şərtlər dəyişmədikcə iştirakın əleyhinə olduğunu bildirir. Anladığım qədər aktiv boykotdan söhbət getmir”.

Anar Məmmədli

Anar Məmmədli

Mənbə: Foto: Meydan tv

Anar Məmmədli hesab edir ki, Milli Şura rəhbərliyinin seçkilərdə iştirakla bağlı qərarını dəqiqləşdirməyə ehtiyac var:

“Əgər söhbət aktiv deyil, yalnız passiv seçki hüququndan gedirsə, bu taktikanın namizəd olmaq istəyən ictimai-siyasi fəallara, Müsavat, REAL və ya digər təşkilatlara mənfi fəsadları olmayacaq. Seçkiyə gedən siyasi təşkilatlar və fəallar demokratik düşərgədən yönələn tərəddüd və inamsızlığa son qoymaq üçün seçkidə iştirak öhdəlikləri formasında sənəd hazırlaya bilərlər. Bu sənəd özündə bunları ehtiva etməlidir: seçki komissiyaları qanunsuz olaraq bəzi şəxsləri namizəd kimi qeydiyyata almasa, digər qeydiyyata alınanların buna reaksiyası necə olacaq? Seçki qabağı təşviqat kampaniyasında kiməsə görüş və toplantılar üçün icazə veriləcək, kiməsə verilməsə buna reaksiya necə olacaq? Seçki günü kiminsə qələbəsi tanınıb, digərinin qələbəsi tanınmasa və ya bir dairədə kütləvi pozuntular, digərində yalnız texniki xarakterli pozuntular baş verəcəksə buna reaksiya necə olacaq? Bu suallara cavablar da daxil olmaqla deputatlığa namizədlər üçün ictimai öhdəlikləri ehtiva edən sənəd hazırlana və imzalamaq üçün demokratik düşərgəyə təklif edilə bilər. İmzalayan namizədlərin siyahısı bu şəxslərin demokratik dəyərlərə bağlılığı və ictimai öhdəliklərini bəlli edəcək. İmzalamayanlarla bağlı heç kimin gözləntisi olmayacaq”.

Anar Məmmədlinin sözlərinə görə, bu sənədi imzalayan hər kəs demokratik düşərgəni təmsil etmək haqqını təsdiqləyəcək. Eyni zamanda bu sənəddəki müddəalardan birini pozarsa, demokratik düşərgəni təmsil etmək haqqını itirəcək.

“Biz seçkilərin təyin edilməsini gözləyirik”

AXCP sədri Əli Kərimli Meydan TV-nin bu barədə sorğusuna cavabında bildirib ki, seçki və onun özü haqqında qərar qəbul olunmayıb:

“Biz seçkilərin təyin edilməsini gözləyirik. Bundan sonra şərtlərimiz qəbul edilməyəcəksə, hətta bir qismi qəbul olunsa, seçkidə iştirak edib-etməmək barədə yenidən müzakirə aparılacaq. Ancaq şərtlərimiz heç qəbul olunmazsa, seçkiləri boykot edəcəyik. Boykotu aktiv, yoxsa iştirak etməmək formasını isə əlavə müzakirə edəcəyik”.

Əli Kərimli özünün bu məsələyə mövqeyi haqda suala konkret cavab verməyib:

Əli Kərimli

Əli Kərimli

Mənbə: Foto: sosial şəbəkə

“Mən belə məsələlərdə kollegial müzakirələri gözləyib, sonra mövqeyimi açıqlayıram”.

“Siyasi partiyaların missiyası seçkilərdə iştirak etməkdir”

Müsavat Partiyasının başqanı Arif Hacılı hazırda partiyanın Divanında və icra strukturlarında seçkidə iştirk edib-etməmək barədə müzakirələrin aparıldığını söylədi:

“Eyni zamanda, biz başqa partiyalarla məsləhətləşmələri davam etdiririk”.

Arif Hacılı dekabrın 7-də partiyanın Məclisində yekun qərarın qəbul olunacağını xatırladaraq əlavə etdi ki, əgər məclis iştirak qərarı versə, ölkədəki vəziyyəti müxalifətin xeyrinə dəyişməyə cəhd edəcəklər:

“Əgər iştirak etməsək, bu, passiv boykot olmayacaq. Çalışacağıq qanun pozuntuları ilə bağlı yerli və xarici ictimaiyyəti kifayət qədər məlumatlandıraq. Həm də seçki kampaniyasının imkanı çərçivəsində cəmiyyəti fəallaşdırmağa çalışacağıq”.

Arif Hacılı

Arif Hacılı

Mənbə: Foto: Meydan tv

Özünün mövqeyinə gəldikdə, Arif Hacılı bildirib ki, ümumiyyətlə, siyasi partiyanın missiyası seçkilərdə iştirak etməkdir.

“Təəssüf ki, hakimiyyət nəinki seçkilərin nəticələrini saxtalaşdırır, həm də seçki kampaniyası dövründə siyasi prosesə imkan vermir. Konkret olaraq, əyalətlərdə seçicilərlə görüşlərə imkan verilmir, debatlar təşkil olunmur, mitinqlərə yer ayrılmır. Hər hansı seçki prosesi olmayacaqsa, bu, məcburi boykot qərarı ilə nəticələnə bilər. Amma Müsavat Partiyası olaraq biz iştiraka meyilliyik. Əgər boykot qərarı veriləcəksə də, bu, məcburiyyətdən irəli gələcək”.

Arif Hacılı hakimiyyətə 3 ay əvvəl seçki qanunvericiliyi ilə bağlı verdikləri təklifkləri xatırlatdı:

“Əgər təkliflər paketi ya tam, ya qismən qəbul olunsa, şübhəsiz, seçkilərdə iştirak edəcəyik. Ancaq heç bir təklif qəbul olunmazsa, qərarı məclis verəcək”.

Parlament dekabrın 2-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında prezident İlham Əliyevə müraciət edilməsi barədə qərar qəbul edib.

Qərarın lehinə 99 nəfər, əleyhinə 1 nəfər səs verib. Daha bir deputat bitərəf qalıb.

Dövlət başçısı İlham Əliyev Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  3 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4lnxsv

Ən çox baxılan