Rauf Mirqədirov isə hakimiyyətin Rusiya ilə əməkdaşlığını faciə sayır
2-3 oktyabr tarixlərində Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Azərbaycana rəsmi səfərə gəlib.
Sergey Narışkin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib.
Bu barədə məlumatı oktyabrın 3-də Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti yayıb.
Ancaq Azərbaycanın rəsmi orqanları Sergey Narışkinin Azərbaycana səfəri barədə məlumat yaymayıblar.
Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətinin bildirdiyinə görə, Sergey Narışkin İlham Əliyevlə görüşdə beynəlxalq vəziyyətin aktual məsələlərinə, Rusiya XKX-nin Azərbaycan xüsusi xidmətləri ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətlərində əməkdaşlığına toxunulub, yaxın gələcək üçün ikitərəfli əlaqələrin prioritetləri nəzərdən keçirilib.
Həmçinin nümayəndə heyətinin Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə danışıqlarında qeyd edilib ki, xüsusi xidmətlərin xətti ilə Rusiya-Azərbaycan əməkdaşlığı dinamik şəkildə inkişaf edir, konstruktiv, qarşılıqlı səmərəli və etibarlı xarakter daşıyır, Rusiya və Azərbaycanın milli maraqlarının müdafiəsi məsələlərinin həllində konkret nəticələrin əldə olunmasına yönəlib:
“Beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılıb”.
“Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı əlaqələrində Qərb xüsusi xidmətlərinin dövlətlərimizin daxili siyasi sabitliyinin pozulmasına yönəlmiş düşmənçilik niyyətlərinin müəyyən edilməsi səylərinə xüsusi yer ayrılır”, – deyə məlumatda bildirilir.
S.Narışkinin Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevlə görüşündə vurğulanıb ki, indiki şəraitdə kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə təşkil olunmuş anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınmasıdır:
“Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazisində sosial-siyasi sabitliyin pozulması məqsədilə sistemdən kənar müxalifətdən və beynəlxalq terror təşkilatlarından istifadə etməsinə qarşı birgə səylərin gücləndirilməsi zərurəti qeyd edilib”, – deyə XKX-nin məlumatında bildirilir.
Məlumatda diqqət çəkən abzas sonuncudur: “Xarici xidmət orqanları sosial-siyasi vəziyyətin pozulması məqsədilə sistemdən kənar müxalifətdən və beynəlxalq terror təşkilatlarından istifadə etməsinə qarşı birgə səylərin gücləndirilməsi zərurəti qeyd edilib”.
Bu, o deməkdir ki, sistemdən kənar müxalifət xarici xidmət orqanları ilə əlaqələndirilir və beynəlxalq terrorçu təşkilatlarla eyniləşdirilir.
AXCP sədri Əli Kərimli Rusiya Xarici Kəşfiyyat Xidmətinin belə bir məlumatı yaymasını “rüsvayçılıq” adlandırıb.
AXCP sədri hesab edir ki, bu məlumat Rusiya Xarici Kəşfiyyat Xidmətinin Azərbaycanda hansı işlərlə məşğul olmasının etirafıdır:
“Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin 33 illiyidir, ancaq ölkənin daxilində “sabitliyin” təmin edilməsi, sistemdən kənar müxalifətlə mübarizə ilə Rusiya Xarici Kəşfiyyat Xidməti məşğul olur. Rusiya Xarici Kəşfiyyat Xidməti isə SSRİ DTK-nın varislərindən biridir. Yəni müstəqil Azərbaycan hələ də keçmiş DTK-nın cəngindədir. İkincisi, məlumatın yayılması o deməkdir ki, Narışkin, Rusiya hakimiyyəti tərəfindən Azərbaycanın suverenliyinin bu dərəcədə pozulması Əliyev iqtidarını çox pis vəziyyətdə qoyur, amma Kreml bundan narahat deyil. Onsuz da biz bilirdik ki, Rusiya hakimiyyəti Azərbaycandakı rejimə sistemdən kənar müxalifətlə mübarizədə kömək edir”.
Onun sözlərinə görə, hazırda “sistemdən kənar müxalifət” deyəndə hakimiyyətlə prinsipial mübarizə aparan, parlamentdə təmsilçiliyi mümkün olmayan siyasi qüvvədən söhbət gedir:
“Hər kəs məlumatı oxuyanda AXCP-nin nəzərdə tutulduğunu görür. Təsadüfi deyil ki, hazırda bizə qarşı 3 məhkəmə prosesi davam edir, onlardan ikisi partiyanın qurultayı və fəaliyyətinin dayandırılmasıdır, biri isə özümə qarşı açılmış ittihamdır. Digər tərəfdən, Ədliyyə Nazirliyi yenidən qurultay keçirib yeni nizamnamə qəbul etməmizi istəyir, amma Dövlət Əmlak Xidməti tədbirin keçirilməsi üçün yer ayırmır. Bunlar AXCP-yə qarşı bütün cəbhələrdə mübarizə aparıldığının təsdiqidir. İndiyə qədər olan həbslər və digər məzmunlu repressiyalar haqda da məlumatlısınız. Rusiyanın da Xalq Cəbhəsi dərdi yeni deyil. Müstəqillik uğrunda hərəkata rəhbərlik edən illərdən, ardınca mərhum Elçibəyin Prezident olduğu zamandan və ondan sonra Azərbaycanın Avroatlantik məkana inteqrasiya tələbinə görə Xalq Cəbhəsi Moskva tərəfindən heç vaxt sevilməyib. Həm Azərbaycandakı dost rejimi qoruyub saxlamaq, həm də özlərinin şəxsi hesablarını çəkmək üçün mövcud rejimə kömək edirlər”.

“Hələ 2007-ci ildə Rusiya televiziyasında Nikolay Patruşev açıq şəkildə deyirdi ki, Azərbaycanda 2005-ci ildə “rəngli inqilab”ın qarşısını onlar aldılar. Ona görə Rusiya və Azərbaycan xüsusi xidmət orqanlarının demokratiyaya və sistemdən kənar müxalifətə qarşı birlikdə mübarizə aparmaları yeni xəbər deyil. Amma bunun açıq elan edilməsini müsbət qiymətləndirirəm”, – deyə o qeyd edib.
“Bilirik, hazırıq və əminik ki, bu dalğanı da aşıra biləcəyik”
“Biz partiyanın bank hesabının açılmasını istəyirdik, buna görə ASAN Xidmətdən elektron imza aldım, çünki sonradan da elektron kabinetin yaradılmasını nəzərdə tuturduq. Yəni elektron imza vasitəsilə bank hesabımızı idarə edə bilək. Lakin bankda bizə hesab açmaqdan imtina etdilər. Bildirdilər ki, Ədliyyə Nazirliyi banka Əli Kərimlinin AXCP sədri kimi tanımadığını deyib. Hətta mənim sədr kimi tanınmamağımla bağlı məhkəməyə göndərdikləri süni şikayət də qüvvəyə minməyib. Yəni formal hüquqlar baxımından da məni sədr kimi tanımamağa əsasları yoxdur. Çünki qərar Ali Məhkəmədən keçmədiyindən hüquqi qüvvəsi ola bilməz. Ona görə də bu, birbaşa bizə qarşı diskriminasiyadır”, – Kərimli belə deyib.
Onun sözlərinə görə, hakimiyyət bütün gücü ilə AXCP-yə qarşı səfərbər olub:
“İndi fikir verin, imzam tanınmır, partiyanın elektron kabinetinə girişim imkansızdır, o biri tərəfdən isə partiyanın qurultayının nəticələrinin etibarsız edilməsi ilə bağlı məhkəmə qərarından şikayətimizi Apelyasiya Məhkəməsi geri qaytarır və deyir ki, bu qərar vasitəsilə məlumatı elektron kabinet vasitəsilə çatdırmışıq. Halbuki elektron kabineti mənə bağladıqlarını bilirlər, amma ona istinad edirlər ki, məhkəmənin qərarını 8 iyulda məktubla çatdırıblar, mən də 20 iyulda apelyasiya şikayəti vermişəm, yəni 18 gün tez. Bunlar isə bəhanə edirlər ki, yox, məktubu elektron kabinetinizə göndərmişik. Axı həmin elektron kabineti üzümə bağlamısan və buna görə də partiyanın bank hesabı yoxdur. Yəni bu gün ASAN Xidmətdən Ədliyyə Nazirliyinə və məhkəmələrə qədər hamısı AXCP-yə qarşı səfərbər olub”.
Əli Kərimli bundan sonra partiyaya qarşı repressiyaların güclənəcəyini gözlənilən sayır:
“Ona görə ki Azərbaycanda böyük repressiyaları həyata keçirmək üçün hökumətin hədəfində başqa qüvvə də qalmayıb və iri miqyaslı repressiyalar Xalq Cəbhəsinin ətrafında davam edəcək. Bunu bilirik, hazırıq və əminik ki, bu dalğanı da aşıra biləcəyik. İndiyə qədər AXCP-ni bitirməklə bağlı bir neçə cəhdlər olub, hətta 2020-ci ildə Əliyev məşhur nitqində partiyanın bitirilməsini hüquq-mühafizə orqanlarından tələb edib. Növbəti və çox ağır mərhələ başlanır, ancaq bu dəfə fərq odur ki, Azərbaycan xalqı və dünya birliyi də bilir ki, bu, nəinki rejimin istəyidir, həm də bütün dünyanın düzənini pozmağa hazırlaşan, Ukraynaya qarşı işğalçılıq savaşı aparan Rusiyanın istəyidir. Ona görə də Azərbaycan xalqı AXCP-ni istiqlal savaşı aparırmış kimi qorumalıdır. İndi bizim hamımız üçün, cəbhəçilər üçün də üstümüzə əlavə məsuliyyət də qoyur ki, Azərbaycanı “caynağı”na alıb istədiyi istiqamətə aparan Rusiyanın planlarının boşa çıxması üçün daha prinsipial mübarizə aparmalıyıq”.
“Hökumət Rusiyanın yolu ilə getsə, bu, cəmiyyət üçün faciələr gətirəcək”
Siyasi şərhçi Rauf Mirqədirov sistemdən kənar müxalifət anlayışının çox maraqlı anlayış olduğu qənaətindədir:
“Ümumiyyətlə, sistemdən kənar müxalifət nə deməkdir, bunun hüquqi izahı yoxdur. Azərbaycan kimi ölkələrdə istənilən müxalifəti sistemdən kənar və hətta cinayətkar elan etmək olar. Əvvəllər radikal müxalifət adlandırırdılar, artıq radikal addımlar atmağa heç bir resurs da yoxdur. Gürcüstanın timsalına baxsaq, parlamentdə təmsil olunan müxalifəti də cinayətdə ittiham edib kənarlaşdıra bilərlər. Halbuki bilirlər ki, həmin partiya yenidən seçkilərə qatılıb 15-20 faiz səs qazanmaq şansına malikdir”.
Rauf Mirqədirov deyir ki, postsovet məkanında sistemdən kənar müxalifət dedikdə iqtidara loyal olmayan partiyalar nəzərdə tutulur:

“Normal ölkələrdə mənzərə fərqlidir, müxalifət qanunlar çərçivəsində fəaliyyət göstərir, sistemli, sistemdən kənar bölgü yoxdur. Sadəcə, Rusiya ilə bu məsələdə əməkdaşlıq etmək təəccüblüdür. Çünki Rusiya sistemdən kənar müxalifət deyəndə terrorçuları da ora daxil edir. Yəni müharibə əleyhinə çıxış edənlərin hamısını ekstremistlər və terrorçular siyahısına daxil edirlər, onların arasında Dumanın keçmiş deputatları da var. Həmçinin Navalnının təşkilatını terrorçu elan ediblər. Hətta bu baxımdan Rusiya ilə əməkdaşlıq etmək anlaşılmazdır və çox böyük suallar doğurur”.
“Rusiyanın terrorçu kimi nəzərdə tutduğu insanlar, fəallar, ictimai-siyasi təşkilatlar dünyada tanınıblar, onların arasında vicdan məhbusları da var. Məsələn, Vladimir Kara-Murzanın adını xatırlaya bilərəm. Mən indi Azərbaycanda hansısa partiyanın adını çəkmək istəmirəm, çünki hakimiyyət hansı partiyanı və ictimai təşkilatı sistemdən kənar elan etdiyini açıqlamayıb. Əgər hökumət Rusiyanın yolu ilə getsə, istənilən vətəndaşı, təşkilatı ekstremist və terrorçu elan edər. Bu isə cəmiyyət üçün faciələr gətirəcək”, – deyə Mirqədirov fikrini tamamlayıb.
2022-ci il fevralın 22-də İlham Əliyevlə Vladimir Putin arasında “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməsi imzalanıb.
43 maddədən ibarət olan “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təcavüzündən 2 gün əvvəl imzalanmışdı.
Hələ bu ilin aprelində Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-yə demişdi ki, sənədin 4,6 və 7-ci maddələri Azərbaycanın suverenliyini məhdudlaşdırır:
“Orada qeyd olunur ki, Rusiya və Azərbaycan digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər. Son bir neçə ildə Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edilir, Rusiya “SWIFT”dən çıxarılıb, Azərbaycanın enerji əsas bazarı Avropa ölkələridir, Qərbdir. Rusiya istənilən vaxt sənədin bu maddəsinə istinad edib Bakıya Qərblə iqtisadi əməkdaşlığını dayandırmaqla bağlı təzyiq göstərə bilər. Çünki XXV maddəsinə görə, Azərbaycan Rusiyanın “birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən” çəkinməlidir. Bunun açması ondan ibarətdir, əgər Rusiya cəhənnəmə gedirsə, bizi də arxasınca aparmalıdır. Belə maddələr istənilən vaxt Rusiya diplomatiyasının əlində Azərbaycanın xarici əlaqələrinə təzyiq vasitəsi kimi istifadə edilə bilər”.