“Bir millət olaraq səfərbər olub, İnsanı bir heç sayan rejimi durdura bilmədikcə, bu cəzasızlıq, qudurğanlıq mühiti bərbad səhiyyə ilə birlikdə hələ çox canlar alacaq”
AXCP sədri Əli Kərimli jurnalist Rasim Əliyevin döyülərək xəstəxanada vəfat etməsinə münasibət bildirib. Əli Kərimli bunu ölkədə cəzasızlıq mühitinin yaradılması ilə əlaqələndirib.
Partiya sədri özünün Facebook səhifəsində yazıb:
“Jurnalist Rasim Əliyev ölkədəki cəzasızlıq mühütinin, günü-gündən artan qudurğanlığın növbəti qurbanıdır. Əlbəttə ki, formal olaraq onun “Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən ölümcül döyüldüyü məlumdur. Lakin jurnalistin vəhşicəsinə döyülməsi səbəb yox, nəticədir.
Rejim təkcə Rasim Əliyevi deyil, çoxlu sayda vətəndaşımızı ölümə məhkum edib. Onların öldürülməsi prosesi addım-addım davam edir. Rasim bəyin öldürülməsi prosesi bu gün başa çatdı. Digərləri də tədricən ölümünə yaxınlaşır. İlham Əliyev ekran qarşısında “Mənə deyirlər, nümayişçilərə güc tətbiq etmiş polisləri cəzalandırın, amma mən buna imkan verməyəcəm”-deyib, ölkədəki cəzasızlıq dövrünü açıq elan edəndə; cəzaçəkmə müəssisəsində məhbus Elşad Babayev işgəncə ilə öldürülüb, qanı batırılanda; bığıburma ədliyyə mayoru həbsxanada ahıl, xəstə qadını – Leyla Yunusu döyüb, cəzasız qalanda; oliqarxların övladları avtoqəzalarda öldürdükləri insanların qanını batıranda; məhkəmə sistemimiz onlarla sahibsiz insanın ölüm işlərini ört-basdır edəndə; yarıtmaz, məhv edilmiş səhiyyə sistemimiz minlərlə insanın Əzrayılına çevriləndə Rasim Əliyev kimi yüzlərlə vətəndaşımız da ölümünə yaxınlaşırdı. Bir millət olaraq səfərbər olub, insanı bir heç sayan rejimi durdura bilmədikcə, bu cəzasızlıq, qudurğanlıq mühiti bərbad səhiyyə ilə birlikdə hələ çox canlar alacaq.
Allah Rasim Əliyevə – diktaturanın bu gənc qurbanına rəhmət etsin, bizlərin səbrindən kəsib, onun valideynlərinə, doğmalarına versin ki, onlar bu acıya dözə bilsinlər”.