AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü, Qarabağ əlili Asif Yusiflinin beş illik cəzası noyabrda başa çatacaq. Cəmi beş aylıq müddət qalmasına baxmayaraq, Suraxanı Rayon Məhkəməsi onu vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib. A.Yusifli sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib.
İyulun 9-da Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə A.Yusiflinin işi üzrə ilkin baxış iclası keçirilib. Apelyasiya şikayəti məhkəmə baxışına verilib. Məhkəmə iyulun 22-nə təyin olunub.
AXCP sədri Əli Kərimli məhkəmədən sonra Meydan TV-yə açıqlamasında bildirib ki, A.Yusifli 4 il 7 aydır qurama ittihamla həbsdə saxlanılır. Partiya sədri MTN işi üzrə həbs olunanları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərini, avtoqəzalarda insanların ölümünə səbəb olan məmur övladlarını yada salaraq deyir ki, həmin şəxslər yüzmilyonlarla dövlət vəsaitinin mənimsənilməsi, adamları qanunsuz həbs edib, onlardan hədə-qorxu ilə pul alınması və s. ağır cinayətlər törətsələr də, qısa müddətdən sonra azadlığa buraxıldılar: “Asif Yusifliyə qarşı ittiham isə uydurmadır. O, Qarabağ qazisinin ölümünə görə şəhərin mərkəzində etiraz mitinqi təyin etdiyi üçün şərlənib. 4 il 7 aydır bu Qarabağ qazisinə divan tutulur, həbsxanada çürüdülür. Nəhayət, Azərbaycandakı rejim Asif Yusiflidən əl çəkməlidir. Təəssüf ki, hələlik bunun əlamətlərini görmürük. Məhkəmə yenə də əsassız şəkildə iki həftəyə yaxın ləngidildi. Bu da göstərir ki, Qarabağ qazisinə qarşı qəddar, qisasçı münasibət hələ də davam edir”.
A.Yusifli 2014-cü il noyabrın 25-də saxlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alıb, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edərək, cəza müddətini 6 ilə endirib. 2017-ci ildə Cinayət Məcəlləsinə dəyişiklikdən sonra cəza 5 ilə salınıb.
İttihamda yazılıb ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.
Məhkəmə prosesi zamanı R.Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib.
A.Yusifli ittihamı qəbul etmir, həbsini siyasi sifariş sayır.