Əli Kərimli: “Partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır”

Elxan Əliyev və Əli Kərimli. Foto: E.Əliyevin “Facebook” səhifəsindən götürülüb

AXCP sədri: “Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular”

Martın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyev 30 sutka həbs cəzasına məhkum edilib.

Qərar Nəsimi Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.

Elxan Əliyev İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə ittiham olunub.

AXCP-nin yaydığı məlumatda Elxan Əliyevin avtomobillə hərəkət edərkən saxlanıldığı qeyd olunub: “O, polisin çağırışına tabe olub və polslə birgə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gedib. Onun hərəkətlərində polsin çağırışına tabe olmamaq və xırda xuliqanlıq əlamətləri ümumiyyətlə olmayıb”.

Partiyanın sədri Əli Kərimli hesab edir ki, partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır.

“AXCP funksioneri Elxan Əliyevi şərləyərək son 6 ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdilər. Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular. Elxan bəy heç bir qanun pozuntusuna yol verməyib. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır”, – o qeyd edib.

Elxan Əliyev bundan öncə 2021-ci il dekabrın 1-də Bakıda Fəvvarələr meydanında siyasi məhbus kimi tanınan “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılaraq 20 sutka inzibati həbsə məhkum edilib.

Ana səhifəSiyasətƏli Kərimli: “Partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır”