Əli Kərimli: “Müstəqilliyimizin ən böyük təminatlarından biri korrupsiyadır”


AXCP sədrinin fikrincə, artıq Avropa hakimiyyətə jestlərlə zamanın dəyişdiyini anladır

Ötən həftə Azərbaycan siyasətində qalmaqallarla yadda qaldı: Fransa prezidenti Ollandın müxalifətlə, ictimaiyyət nümayəndələri ilə görüşü, AXCP sədri Əli Kərimlinin izlənməsi görüntülərinin Meydan TV-də yayımlanması, nəhayət, həftəsonu Riçard Morninqstarın müsahibəsinə hakimiyyət rəsmilərinin sərt cavabları. Sadaladıqlarımız siyasi gündəmin bolluğundan xəbər verir. Bütün bu məsələlərin yaratdığı sualların cavabını AXCP sədri Əli Kərimlidən almağa cəhd etdik.



Əli bəy, ötən həftə bir çox hadisələrlə yadda qaldı. Xüsusilə Ollandın səfərində müxalifət liderləri, ictimaiyyətin nümayəndələri və müstəqil jurnalistlərlə görüşü diqqət çəkdi. Bu görüş hansı mesajdan xəbər verirdi?

–         Həqiqətən də Fransa prezidenti bir ilkə imza atdı. İndiyə qədər Qərb dövlət başçılarından heç kim Bakı səfərində müxalifət liderləri və ictimaiyyət nümayəndələri ilə görüşmürdü. İlham Əliyevlə, rəsmi şəxslərlə görüşürdülər, amma başqa görüşlər olmurdu. Bu, bir ilkiydi və bu görüşün mesajları vardı. Əvvəla, fikir verin, görüşün Cənubi Qafqazda olması Rusiyaya mesaj idi. Çünki Olland bütün görüşlərində təkcə Fransa adından çıxış etmirdi, həm də Avropa Birliyinin əsas siyasi fiqurlarından biri kimi danışırdı. Rusiyaya mesaj o idi ki, Fransa, Avropa Birliyi Cənubi Qafqazı uzaq bir coğrafiya saymır. Avropa Birliyinə bu bölgənin inteqrasiya olmaq perspektivi var və Rusiya bölgəyə “arxa baxçası” kimi baxmamalıdır. Ukraynadakı indiki hadisələr şəraitində Avropa Birliyinin böyük dövlətlərinin birinin prezidentinin Cənubi Qafqaza səfəri bu jesti ifadə edirdi. Xüsusən də bu səfərlərin davam edəcəyini nəzərə alın. Avropa Birliyinin hökumət başçısı Borroza da, Avropa Şurasının baş katibi də Bakıya gələcək. Ona görə birinci mesaj Rusiyaya yönəlmişdi. İkincisi, Azərbaycan hökumətinə, Azərbaycan cəmiyyətinə və müxalifətinə də mesaj vardı. Azərbaycan cəmiyyətinə, iqtidarlı-müxalifətli mesajın mənası bundan ibarət idi ki, sizi prinsip etibarı ilə Avropa kimi görürük, Avropadakı idarəetmə qaydalarını Azərbaycanda da görmək istəyirik. Dünyanın elə bir coğrafiyası var ki, dünənə qədər Azərbaycan da ora daxil idi, həmin ölkələrdə xarici dövlət başçılarının müxalifətlə görüşməyi protokola salınmır, həmin ölkələrin öz qaydaları var. Məsələn, Orta Asiya, geridə qalmış Afrika ölkələri, bu ölkələrdə belə görüşlər heç kimin ağlına gəlmir. Ancaq bu, bir Avropa mədəniyyəti və müasir demokratiyanın şərtidir ki, təkcə iqtidarla yox, eyni zamanda, müxalifətlə də danışıq aparsınlar. Artıq Qərb siyasi mədəniyyətidir ki, müxalifətə sabahın iqtidarı kimi baxmaq, bizim cəmiyyətimizi buna alışdırmaq təşəbbüsü gördüm. Cəmiyyətimiz alışmalıdır ki, bugünün iqtidarı sabahın müxalifətidir, müxalifəti də sabahın iqtidarıdır.



Bu görüşlə Əliyev hakimiyyətinə münasibət dəyişirmi?

–         Bilirsiniz, hər halda Əliyev hakimiyyəti heç vaxt istəməz ki, böyük Qərb dövlət başçılarının biri ilə müxalifət liderləri, ictimaiyyət nümayəndələrinin görüşü və Azərbaycanla bağlı müzakirələr olsun. Amma onların istəyi nəzərə alınmadı.



Belə bir istək olubmu?

–         Mən özüm belə güman edirəm, əlbəttə Fransa mənbələri bu barədə heç nə demirlər. Siz özünüz də düşünə bilərsiniz ki, Əliyev hakimiyyəti bu görüşdən heç də məmnun deyildi. Amma söhbət yeni dönəmdən gedir. Artıq indiki hakimiyyətə də jestlərlə ifadə olunur ki, zaman dəyişir. Bir halda ki, Əliyev hakimiyyəti özünü dünyaya demokratiya, tolerant dövlət kimi təqdim edir, milyonlarla xərc çəkib tolerantlıq konfransları keçirir, onda adama deyirlər ki, əgər tolerantsansa, demokratsansa, Avropa mədəniyyətinin daşıyıcısansa, o zaman müxalifətlə də dövlətin, məmləkətin problemlərinin müzakirə olunmasıyla barışmalısan.



Belə olanda Avropanın Əliyevə münasibətinin dəyişdiyini düşünmək olarmı?

–         Münasibətin dəyişməsi o mənada baş verir ki, artıq Azərbaycan müəyyən bir yol seçib, uzun illərdir NATO, Avropa Birliyi ilə əməkdaşlıq içindədir, Avropa Şurasından, ATƏT-dən öhdəliklər götürüb. İldən-ilə bu öhdəliklərin yerinə yetirilməsini ötürür, zaman keçdikcə, tam olmasa da, Qərbdən də suallar verilir, axı, uzun zaman keçdi, bu öhdəlikləri könüllü götürmüsünüz. Deməli, bu öhdəliklərə uyğunlaşıb demokrat olmaq lazımdır. Bax, Ollandın səfərindəki mesajın biri bundan ibarət idi ki, artıq Azərbaycan da, Ermənistan da, Gürcüstan da demokratik ölkələr olmalıdır, mən bunu yüksək qiymətləndirirəm.



Vaxtilə ABŞ-nin sabiq dövlət katibi Rays Qarabağ məsələsi haqqında “Bu münaqişə çox uzandı” ifadəsini xatırlatdı. Qərb ölkələrinin insan haqları, demokratiya məsələlərinə baxışı da çox uzanmadımı?

–         Bu, cəmiyyətimizin ənənəvi səhv yanaşmasıdır, mən həmişə bu gözləntinin yaranmasının əleyhinə olmuşam. Gözlənti odur ki, sanki bizim demokratikləşməyimizin məsuliyyəti Qərbin üzərindədir, onlar tələsməli, bu məsələləri tez etməlidir, elə şey yoxdur.



Əgər 2003-cü ildə Qərb də daxil olmaqla, Rusiya və Türkiyə Azərbaycanda indiki hakimiyyətin qurulmasında razılaşdılarsa, niyə məsuliyyət daşımasın?

–         Ona görə ki, onlar Azərbaycanda daxili faktorun buna hazır olmadığı qənaətinə gəlmişdi. Ondan əvvəl müxalifətin seçkilərdə vahid namizədlə çıxış etməsindən ötrü ciddi təşəbbüslər vardı. Seçkilərdən 5-6 ay əvvəl müxalifətlə seçkilərdə vahid namizədlə çıxış etməsi üçün danışıqlar aparılırdı. Mən keçmişə qayıtmaq istəmirəm. Demək istəyirəm ki, Qərb o zaman demokratik dəyişikliklərlə bağlı ciddi dəstək ifadə edir ki, cəmiyyət özü buna hazır olur.



2013-cü ildə hazırlıq vardımı?

–         Bəli, vahid namizəd vardı. Amma demokratiyanın qalib gəlməsi üçün ətrafımıza baxaq; Türkiyəyə, Ukraynaya. Görürsünüz demokratiyanı əldə etmək nə qədər çətindir?! Demokratiyanı əldə etmək çox çətin bir işdir.



Yəni qan su yerinə axmalıdır?

–         Mütləq deyil qan su yerinə axsın, Gürcüstanda “məxməri inqilab” oldu, söhbət onminlərin, yüzminlərin əlini daşın altına qoymağından gedir. 10-15 minlə bu iş olmaz, açıq danışa bilərik, 2013-cü ildə bir araya gəlməyi bacardıq, vahid namizəd müəyyənləşdirdik, amma gün kifayət deyil axı. Kim deyir ki, müxalifətin bir araya gəlib vahid namizəd seçməsi avtomatik demokratik keçid deməkdir? Yox! Biz onu da bacarmalıyıq ki, xalqın böyük hissəsini, 100 minləri meydanlara gətirək.



Deməli, hələ bacarmamısız?

–         Hələlik bacarmamışıq.



Olland Bakını tərk etdi, ardınca siz izləndiniz, Meydan TV-nin efirində bunları gördük. Onsuz da hamı bu izlənmələrin olduğunu bilir, bəs bu, nə mesaj idi?

–         Ən müxtəlif məlumatlara görə izləndiyimi, telefonlarımın dinlənildiyini, elektron yazışmalarımın nəzarətdə olduğunu bilirəm. Amma son 10 gündən çoxdur çox nümayişkarınə şəkildə izləmə vardı. Bir neçə maşının, çoxlu adamın iştirakı vardı.



Onsuz da şəhər kameralaşıbsa, bunlara ehtiyac varmı?

–         Çox maraqlıdır, indi daha müasir vasitələr də var. Amma bu, çox nümayişkaranə izləməydi. Yeri gəlmişkən, sizin televiziyanın hazırladığı süjetdən sonra artıq nümayişkaranə izləmə yoxdur. Görünür, məsafədən izləyirlər. Hər halda bunu nəzərə aldılar.



Bu nümayişkaranəlikdə nə məqsəd güdürlər?

–         Ola bilsin ki, öz aləmlərində hər addımımın nəzarətdə olduğunu göstərirlər.



Onsuz da bunu bilirsiniz…

–         Bəli, bilirəm və açığı onlara cavab verirdim. Bizim sanki bir dialoqumuz olurdu. Onlar nümayişkaranə izləməklə mənim hər addımımın nəzarətdə olduğunu söyləyirdilərsə, mən də çıxışlar edirdim ki, bu şəraitdə yaşamağa artıq öyrəşmişəm. Mənim bundan artıq təzyiqlərə görə nə siyasi mövqeyim, nə hadisələrə münasibətim dəyişməz, bu, artıq həyat tərzimdir. Neçə illərdir bu basqını öz üzərimdə görürəm və uzun illərdir davam etdiyindən artıq məndə immunitet yaranıb.



Əli bəy, həftəsonu səfir Morninqstarın Azadlıq Radiosuna müsahibəsilə yadda qaldı. Səfirin müsahibəsinə Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov çox sərt münasibət bildirdi. Dedi ki, “Molotov kokteyli”ni NİDA-çı gənclərə ABŞ verib. O cümlədən, parlamentin vitse-spikeri Valeh Əsgərov qarşılıqlı asılılıqları, öhdəlikləri xatırlatdı, Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə səfiri Azərbaycana hörmətsizlikdə qınadı. Bütün hallarda Morninqstarın dedikləri və ona cavabları necə şərh edərdiniz?

–         Əvvəlcə bir məsələni aydınlaşdıraq, doğrudan da, qarşılıqlı öhdəliklər, asılılıqlar var. Ona görə tam şəkildə hamı istədiyi kimi müstəqil deyil. Görün, biz nə qədər təşkilatın üzvüyük, Avropa Şurasının, ATƏT-in, BMT-in üzvüyük, deməli, bu üzvlüklər hökumətin üzərinə öhdəkilər və məsuliyyət qoyub. Azərbaycan rəsmiləri bunu unutmamalıdır. Ona görə “tutuquşu” kimi əzbərləyiblər ki, bizim daxili işlərimizə qarışmasınlar, bu, primitiv yanaşmadır. Həmin ölkələrin vəzifəsi var ki, çoxtərəfli razılaşmalar, konvensiyalar üzrə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə nəzarət etsinlər. Qarşılıqlı razılaşma, öhdəlik varsa, buna nəzarət olmalıdır. Elə bu öhdəliklərin bir çoxu daxili siyasətlə bağlıdır. Əgər Şimali Koreya kimi müstəqil olmaq istəyirsənsə, onsuz da ən müstəqil ölkədir, çünki heç kim işlərinə qarışmır, o zaman sən də heç bir öhdəlik götürməzdin. Sən niyə öhdəlik götürmüsən ki, demokratik seçki keçirəcəksən? Elə Gülər Əhmədovanın söylədiyi kimi deyərdin, bu ölkədə bir seçici var. Bunu sənədləşdirərdin və heç kim də səndən bu öhdəliyi tələb etməzdi. Amma sən riyakarlıq etmisən, sənədə imza atmısan ki,  demokratik seçki keçirəcəksən, plüralizmə, söz azadlığına hörmət edəcəksən,  fundamental azadlıqların hamısına təminat verəcəksən. Əgər bu öhdəlikləri götürmüsənsə, əks tərəf də, yəni Qərb ölkələri səfirlərinin vəzifəsi beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini ən azı monitorinq etməlidir.



Bəlkə Morninqstarın dediyi kimi, hakimiyyət monolit deyil, “beşinci kolon” öhdəkilərin yerinə yetirilməsinə imkan vermir?

–         Mənə çox maraqlı gəldi, Rusiyanın Ukraynaya işğalı başlayanda Prezident Administrasiyasından qidalanan mətbuat orqanları hay-küylə “beşinci kolon” axtarmağa başladılar. Axtardılar, axtardılar, hökumətin içindən çıxdı “beşinci kolon”.  Gördülər ki, real müxalifət müstəqillik, Avropaya inteqrasiya tərəfdarıdırlar, yəni birmənalı şəkildə aydındır. Və bu müxalifət 21 il əvvəl rus ordusunu ölkədən çıxardan Elçibəy hökumətinin ardıcıllarıdır. Ona görə də “beşinci kolon”u düşərgədə axtarmaq mümkün olmadı, məlum oldu ki, bu, hökumətin içindədir və gizlədə bilmədilər. Fikir verin, Rusiyayönümlü, rus ordusunu Azərbaycana çağırmaqdan tutmuş şimal dövlətin ünvanına olan bütün müsbət jestlərin hamısı hakimiyyətin içindən gəlir.



O zaman başqa bir sual yaranır, “beşinci kolon” varsa, bəs İlham Əliyev kimdir? O, hansı kalondadır?

–         Hesab etmirəm ki, xüsusi “beşinci kolon” var, elə şey yoxdur. İlham Əliyev başda olmaqla hakimiyyətdəki qüvvənin Rusiyadakı avtoritarizmə ciddi simpatiyaları var. Onlar başa düşürlər ki, bölgədə avtoritarizmin taleyi Rusiyadakı avtorizm ayaqda olduqca, dünyayla dirəniş göstərdikcə, bütün MDB-dəki avtoritar liderlər yaşayırlar. Ona görə onların dəstəyi Rusiyaya bağlıdır, amma şimal qonşudan da ehtiyatlanırlar. Çox paradoksal vəziyyət yaranıb, Azərbaycanın müstəqilliyinin ən böyük təminatlarından biri korrupsiya sistemidir, təəccüblü görünsə də, belədir. Korrupsiya nəticəsində böyük piramida yaranıb, Rusiyanın yanında olub, bu qədər sərvətə təkbaşına sahib ola bilməzsən, bölüşməlisən.



Amma Qərbi də müəyyən qədər “yedizdirirlər”, kürü məsələsi və s.i.

–         Bilirsiniz, dediyiniz əldə olunanın mində biridir. Amma bu sərvəti təkbaşına “yeməkdən” ötrü Azərbaycan müstəqil qalmalıdır axı. Paradoksallıq bundadır, hakim elitanın müstəqilliklə bağlı apardığı təbliğatın arxasında Azərbaycanı müstəqil şəkildə “yeyib-dağıtmaq” məqsədi dayanır.



Siz də daxil olmaqla müxalifətin hakimiyyətin bu siyasətinə qarşı proqramınız varmı, yoxsa ənənəvi siyasətdə qalacaqsınız?

–         Maksimum bütün vasitələrlə xalqla dialoq qurmağa çalışacağıq. Bu problem yalnız bizə aid deyil, bütün avtoritar rejimlərdə siyasi qüvvələrin xalqla əlaqəsi qopardılır. Fikir verin, son 9 ildə mənim bir dəfə televiziyalarda çıxışım olub – İTV-də referendum zamanı 10 dəqiqə çıxış etmişəm. Amma milyonlarla insan var ki, onların informasiya mənbəyi hələ də televiziyadır, internet, qəzet deyil. Hakimiyyətin sonunculara tam əli çatmır. Birinci işimiz odur ki, korrupsiya, idarəetmə ilə bağlı həqiqətləri xalqa çatdıraq və millətlə dialoq yaransın. İkinci, mütərəqqi qüvvələr adından mesaj veririk ki, Azərbaycan xalqı hələ də özünün gələcəyini demokratik təşkilatların arasında görür. Seçim Azərbaycan xalqından asılı olacağı təqdirdə, seçim birmənalıdır. Hakim elitanın seçimi məlumdur, onlar pullarını itirməməkdən ötrü Rusiyanın təsir dairəsinə keçmirlər. Eybi yox, bu motivlə olsa da, heç olmasa qaçıb Rusiyanın qanadına sığınmayıblar. Amma əsas təminat xalq olmalıdır. Biz bu istiqamətdə xalqla işləyirik. Hesab edirəm ki, milli-demokratik qüvvələr Azərbaycanın müstəqilliyinin, Avropaya inteqrasiya siyasətinin arxasında dayanan real qüvvədir. Ancaq resurslarımız məhduddur, necə ki, yeni televiziya qurmusunuz, imkanların məhdudluğunu öz təcrübənizdə görürsünüz. Biz də məhdud resurslarla işləyirik, dişlə-dırnaqla, çox çətinliklə səsimizi insanlara çatdırırıq. Amma çox şükür ki, Azərbaycan xalqı qədirbiləndir, məhdud imkanlarla çatdırdığımız mesajları qəbul edirlər. Ölkənin düşünən kəsimi Azərbaycan hökumətinin siyasətindən bezib, çünki hakimiyyətdəkilərin bu dövləti necə dağıtdıqlarının fərqindədirlər.



Ancaq siz də passiv təbəqənin, çörək hayında olanların olduğunu bilirsiniz…

–         Əlbəttə, beziblər, çörək hayındadırlar, bu, əsas şərtlərdən biridir ki, 100 minləri hələ meydanlarda görmürük. Bu cür rejimlərin xalqa qarşı siyasəti həm də onu göstərir ki, insanların var-dövlətini mənasız layihələrə xərcləyir. Adi bir fakt, Meksikada Heydər Əliyevin heykəli götürüləndə hakimiyyət 4 milyard təklif etmişdi, heykəl qalacağı təqdirdə vəsait sərmayə kimi qoyulacaqdı. Sosial şəbəkədə fəalsınız, vaxtaşırı səhifəmə müraciət olur, kimsə müraciət olunmağa vəsait tapmır, Azərbaycan səhiyyəsi acizdir. İnsanlar yaşayış uğrunda mübarizə aparırlar, xəstəliklərini müalicə etdirə bilmirlər. İndi təsəvvür edin ki, 4 milyardla Azərbaycan səhiyyəsini Almaniya standartları səviyyəsinə qaldırmaq olar. Ona görə də ağır vəziyyət, insanların çörəyə möhtac olmasının səbəbi hökumətin anti-xalq siyasətinin nəticəsidir. Hər şeyi yeyir, dağıdırlar, hətta yeyib dağıda bilmədiklərini mənasız layihələrə xərcləyirlər.

Ana səhifəVideoƏli Kərimli: “Müstəqilliyimizin ən böyük təminatlarından biri korrupsiyadır”