Oktyabrın 10-da Binəqədi rayon məhkəməsində Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə iclas davam edib. İddia keçmiş KXCP fəalı Elman Həsənov tərəfindən qaldırılıb. O, jurnalisti böhtanda, şərəf və ləyaqətinin təhqir edilməsində ittiham edir. İddiaçının versiyasına görə, jurnalist Milli Təhlükəsizlik Nazirliyinin Həsənovun gizli casus olması barədə məxfi sənədini yayıb.
Xədicə İsmayıl “Turan İA”-a bildirib ki, prosesdə hakim MTN-dən onun Elman Həsənov haqqında iki mətn yayması, sonradan dərhal silməsi haqqında sənəd daxil olduğunu elan edib: “MTN-in məktubunda tarix kimi 9 oktyabr göstərilir. Həmin gün prosesin saat 17:00-da başa çatdığına diqqət çəkir. Belə çıxır ki, məhkəmə operativ olaraq MTN-ə sorğu göndərib və dərhal cavab alıb”.
X.İsmayıl qeyd edib ki, MTN-in məktubunda jurnalistin Elman Həsənovun adı keçən mətn yaymasının heç bir sübutu yoxdur.
“MTN mənə böhtan atır”,- deyə İsmayılova bildirib.
O bildirib, ondan əvvəl Elman Həsənovun adı qeyd edilməklə, Mustafa Kozlu adlı istifadəçi bu mətni yayıb. O isə Elman Həsənovun adını silib.
Hakim növbəti prosesi oktyabrın 13-nə təyin edib. Lakin İsmayılova xarici səfəri ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini bildirib. Bundan başqa, onun vəkili Elton Quliyev başqa prosesdə məşğul olacaq.
Hakim bununla bağlı heç nə deməyib.