AXCP sədri Əli Kərimli Konstitusiyaya dəyişikliklər haqqında ölkə başçısının təqdim etdiyi referendum aktı layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Müraciətdə deyilir:
Azərbaycan Respublikası Prezidenti Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi təqdim etmişdir.
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən Konstitusiyanın 153-cü maddəsində nəzərdə tutulmuş hallarla (Konstitusiyaya dəyişikliklər edilməsi) əlaqədar Konstitusiya Məhkəməsinə müraciət vermiş orqanlarla yanaşı, bu cür müraciətlər əsasında mənafelərinə toxunulan şəxslər də xüsusi konstitusiya icraatının maraqlı subyektləridir.
Layihəyə əsasən Konstitusiya maddələrinə bir neçə əlavə və dəyişikliklər nəzərdə tutulur. Bunların içərisində prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputat və prezident seçilmək üçün mövcud olan aşağı yaş məhdudiyyətinin (müvafiq olaraq 25 və 35 yaş) aradan qaldırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi, Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması, prezidentə bu vəzifələri istədiyi şəxsləri tək öz mülahizəsi ilə təyin etmək səlahiyyətinin verilməsi, onların dövlətin prezidentdən sonra ikinci ən mühüm və sonrakı vəzifələlər hesab edilməsi, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdiyi halda xalqın iradəsindən kənar təyin edilmiş vitse-prezidentlərin onu əvəzləməsi, xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılması kimi təkliflərin referenduma çıxarılması Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsi ilə qadağandır.
Aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Prezidentinin yeni referendum aktı layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciəti Azərbaycan Respublikasının hüquqi şəxsi olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun çoxsaylı üzvlərinin mənafeyinə toxunduğundan Azərbaycan Xalq Cəbhəsi Partiyası xüsusi konstitusiya icraatının maraqlı subyektidir:
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq xüsusi konstitusiya icraatında maraqlı subyektləri onların nümayəndələri təmsil edə bilərlər.
Həmin Qanunun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin Konstitusiya Məhkəməsinin iclaslarında iştirak və çıxış etmək; sübutları və digər materialları təqdim etmək; işə baxılmasına dair vəsatət və təkliflər vermək; onlara verilən suallara cavab vermək; hakimlərə etirazlar etmək; şahid və ekspertlərin dəvət olunmasını xahiş etmək; Konstitusiya Məhkəməsi iclasının protokolu ilə tanış olmaq və ona dair öz qeydlərini bildirmək; yekun çıxışı etmək və s. hüquqları vardır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası iyul ayının 25-i saat 10:00-a təyin olunub. Beləliklə, bu həftənin sonu gələn həftənin birinci iş günü (bazar ertəsi) səhər tezdən məhkəmə iclasının keçirilməsi təyin olunmuşdur. Təxirə salınmayacağı təqdirdə, maraqlı subyekt kimi AXCP-nin iştirakı əngəllənmiş olacaq.
Göstərilənlərə əsasən,
Xahiş edirik:
1. Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı xüsusi konstitusiya icraatında maraqlı subyekt kimi tanınsın.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasının iyul ayının 25-i saat 10:00-a təyin olunmüş iclası AXCP-nin maraqlı subyekt kimi iştirakının təmin edilməsi üçün başqa vaxta keçirilsin.