AXCP sədri Əli Kərimli 21 apreldə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində mühacirlərlə bağlı açılan cinayət işi üzrə ifadə verib. İfadə verməmişdən öncə Əli Kərimli jurnalistlərə bildirib ki, “Bizə hansı xarici ölkənin diplomatik nümayəndəliyindən, Miqrasiya İdarəsindən müraciət olunubsa, biz saxta olan sənədləri təsdiq etməmişik, yalnız həqiqi cəbhənin üzvü olanlara vaxtı ilə verilmiş sənədlər təsdiq olunub. Onu da bilirsiniz ki, qurunun yerinə yaş da yanır. Mən fürsətdən istifadə edərək bizim təşkilata yeni qoşulmuş adamlara üzrxahlıq edirəm, biz iki ildir hər ehtimala qarşı ümumiyyətlə vəsiqə vermirik”.
Təxminən 4 saat dindirmədən sonra İstintaq İdarəsindən çıxan Ə.Kərimli mühacirlərlə bağlı cinayət işində şahid qismində ifadə verdiyini bildirib. “Şəxsən özüm Respublika Prokurorluğuna dəfələrlə ağır cinayətlərlə, korrupsiya halları ilə bağlı müraciət etsəm də, o məsələlərin araşdırılmaması, bu işdə mən, partiyanın funksionerləri zərərçəkmiş olduğumuz halda gedib cinayətkarları axtarmaq əvəzinə bizim istintaqa cəlb olunmağımız və bundan istifadə eləyib hakimiyyət mediasında bizə qarşı qara piar kampaniyasının aparılması partiyamıza təzyiqdir. Bu, partiyamızın Milli Şura ilə birlikdə keçirdiyimiz “Talana son”, “Korrupsiyaya son”, “Monarxiyaya son” mitinqlərinə görə bizdən qisas almaq cəhdidir və bizə qarşı qara piar üçün zəmin yaratmaqdır. Amma belə təzyiqlər, belə formalı müdaxilələr bizim fəaliyyətimizə mane ola bilməz. Biz doğru bildiklərimizi etməyə davam edəcəyik”.