Əli Kərimli: İndiki məqamda müxalifət də ordu və dövlətlə birlikdədir

“Onun üçün də Qarabağa keçmək lazımdır, başqa yol yoxdur”

Source: Specify Source


İlham İsmayıl: “Ermənistana layiqli cavab verənə qədər məsələ dayanmamalıdır”

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayan döyüşlər cəmiyyətdə müharibə əhval-ruhiyyəsinin artmasına səbəb olub. Hazırda olan məlumatlara əsasən, döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. İyulun 14-də Ermənistan Müdafiə Nazirliyi iki zabitinin öldürüldüyünü bildirib. Sosial şəbəkələrdə və mediada bir sıra ekspertlər döyüşlərin məhz dövlət sərhədi boyunca getməsi ilə bağlı müxtəlif fərziyyələr irəli sürüblər. Meydan TV döyüşlərlə bağlı müxalifət liderlərinin və ekspertlərin fikrini öyrənib.


“Bütün Vətən övladlarıyla birlikdə yurdumuz yolunda mübarizəyə hazır olmalıyıq”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hərbi əməliyyatların başlanması ilə bağlı müxtəlif ehtimalların olmasını mümkün saysa da, özü iki variantın üzərində dayanır:

“Mənim inandığım versiya ondan ibarətdir ki, döyüş cəhdlərini ya Ermənistan başlayaraq Rusiyanı konfliktə cəlb etməyə çalışır, ya da Putin rejiminin sifarişi ilə Yerevan başlayıb. Mən bu iki versiyanın daha gerçək olduğunu düşünürəm. Amma hansı versiyanın gerçək olmasından asılı olmayaraq, ərazimizdə savaş gedir, generalımız, zabitimiz, əsgərimiz həlak olur, ordumuz döyüşür. Ona görə də bütün Vətən övladlarıyla birlikdə yurdumuz yolunda mübarizəyə hazır olmalıyıq”.

İsa Qəmbər 2016-cı ildə olduğu kimi Moskvanın müdaxiləsi ilə yenidən atəşkəsin olmasının mümkünlüyü barədə suala belə cavab verdi:

“2016-cı ildə Azərbaycan tərəfinin məramı və məqsədi vardı. Amma indi Bakının sərhədlərdə döyüş başlayacağı ehtimalı sıfra yaxındır. Ona görə də indiki durum 2016-cı illə müqayisə oluna bilməz. Bu dəfə prosesi başladan tərəf Rusiya varkən, onların başlatdığı savaş onların da qərarıyla dayana bilər. Artıq Moskva tərəfləri atəşkəsi bərpa etməyə çağırış edib, beynəlxalq birlik də bənzər müraciətlər edib. Ona görə də döyüşlərin dayanması ehtimal var”.


“Hökumətin tənqidlərini yaxşı zamana saxlayırıq”

AXCP sədri Əli Kərimli olayları çox çətin və acınacaqlı adlandırıb. Meydan TV-yə danışan Əli Kərimli bildirib ki, Ermənistan Azərbaycan ərazisinə ağır hücumlar edir və faktiki olaraq qarşı tərəf öz işğalçılığını gizlətmir:

“Görünür, Ermənistana müəyyən dəstək vəd olunub. Çox təəssüf ki, Azərbaycan ordusunun itkiləri artıb. Bu gün 7 şəhidimiz olub. Onların arasında general-mayor Polad Həşimov da var. Rəsmən bir postun uğrunda döyüş getdiyi elan olunub və generel-mayor, polkovnik də daxil 11 nəfərin şəhid olması çox ağır itkilərdir. Azərbaycan əslində böyük savaşın astanasında görünür”.

AXCP sədri hazırda dövlətin bütün resurslarının savaş üçün səfərbər olunmasını vacib sayıb:

“Bizim hökumətə münasibətimiz tənqididir, bunu hamı bilir. Amma biz tənqidləri, sualları və mübahisəmizi yaxşı zamanlara saxlayırıq. Hələlik hökumətə çağırışımız ondan ibarətdir ki, bütün vasitələrlə düşmən geri oturdulmalıdır, hərbçilərimizin qisası alınmalıdır, Azərbaycan yeni torpaq işğalını yaşamamalıdır. Biz savaşın bu mərhələsindən məğlub kimi ayrılmamalıyıq. Dövlətin bütün imkanları səfərbər olunmalıdır ki, torpaq itkisinə yol verməyək və şəhidlərin qanı yerdə qalmasın. İndiki məqamda bütün vətəndaşlarımız, müxalifət də ordu və dövlətlə birlikdədir. Dövlətin bütün potensialı qələbə üçün səfərbər olunmalıdır”.


“Qarabağa keçmək lazımdır”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, müharibədə general da ölə bilər, amma bu, nadir hallarda olur. Ancaq Qarabağ müharibəsi başlayandan Azərbaycanın general şəhid olmamışdı.

“Əgər general dayaq məntəqəsində olubsa ola bilsin, Ermənistan dayaq məntəqəsinin yerini müəyyənləşib, üstəlik satqınlar da var. Bu barədə danışmamaq mümkün deyil. Ordunun içində də satqın var, xəbər daşıyanı var, erməni kəşfiyyatı və texnikası var. Yəni birmənalı şəkildə məhz satqınlıq nəticəsində yüksək rütbəli zabitlərimizi itirdiyimizi demirəm. Burada bir çox amillər rol oynayıb. Birdən-birə generalın, artileriya komandirinin həlak olması araşdırılmalıdır. İki variant ola bilər. Birincisi, ön plana çıxıb təhlükəsizlik tədbirlərini görməyiblər. İkincisi də, onların yerləri haqqında informasiya verilib”.

İlham İsmayıl son döyüş əməliyyatları haqqqında suala belə cavab verib:

“Əgər düşmən Azərbaycan ordusundan layiqli cavab görsəydi, dayanardı. Heç olmasa üstünlük qazanıb atəşi dayandırmaq lazımdır. Onun üçün də Qarabağa keçmək lazımdır, başqa yol yoxdur. Hiss olunur ki, Azərbaycandan daha çox şəhid var və sıravi adamlar deyil. Onlar bunu görəndən sonra ABŞ Dövlət Departamenti daxil olmaqda aparıcı dövlətlərə müraciət edib müharibənin dayandırılmasını istəyirlər. Əgər bir saatdan sonra əməliyyat dayandırılsa, 30 illik məğlubiyyətin üstünə əlavə bir məğlubiyyət də gələcək. Ona görə də Ermənistana layiqli cavab verənə qədər məsələ dayanmamalıdır. Şəxsən mən manevrlərin olmamasına təəccüblənirəm. Niyə Gədəbəydən hər hansı atəş açılmır, yaxud sağ tərəf Qazaxdan nədən atəş açılmır? Ən əsası Qarabağdır, ordan da atəş yoxdur. Düşmənin diqqətini ən əsas yerə nə üçün cəlb etmirlər? Azərbaycan son iki gündə düşmənə informasiya və müharibə zərbəsi endirməyib, heç biri yoxdur”.

Ana səhifəSiyasətƏli Kərimli: İndiki məqamda müxalifət də ordu və dövlətlə birlikdədir