Əli Əhmədov: ''Bu formada marafon keçirmək qanunazidd hərəkətdir''
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib:
“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb. İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”.
Əli Kərimli sərbəst buraxıldıqdan sonra bildirib ki, hüquq-mühafizə orqanları xeyriyyə marafonu ilə yürüşü səhv salıblar:
“Mənə Bakı şəhər prokurorunun müavini, Binəqədi prokuroru və polis rəisi öz aləmlərində xəbərdarlıq etdilər ki, guya biz hansısa yürüş keçirib idarə və müəssisələrin işini pozmaq istəmişik, ictimai qaydanı pozmağa çalışmışıq. İzah etdim ki, heç bir qanunsuz hərəkətimiz olmayıb. Qanunsuz cərimələnən adamlara xeyriyyə marafonu keçirirdik. Burada qanunsuz bir şey yoxdur və yürüş keçirəndə əvvəlcədən bəyan edirik. Ona görə də xəbərdarlığı da qanunsuz sayıram. Baş verənlər hakimiyyətin sivil rəqabətə hazır olmadığını göstərir. Əslində, hakimiyyətin polis mahiyyəti növbəti dəfə üzə çıxır".
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr icra katibi Əli Əhmədov marafonu qanunsuz hərəkət adlandırıb:
“Törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə hökmü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, marafon keçirmək qanunazidd hərəkətdir. Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir”.
Əli Əhmədov qeyd edib ki, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur.
“Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı qüvvələrə yardım fondu var. Ən şərəfli, əhəmiyyətli və xeyriyyə hərəkəti silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası olardı. Mən xeyriyyə marafonu adı altında sabitliyi pozmaq istəyənlərə tutarlı cavab vermək üçün Yeni Azərbaycan Partiyasının üzvlərini Azərbaycanın Silahlı qüvvələrinə yardım fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edirəm”.
Əli Kərimli
iyunun 28-də Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirilən zaman polis əməkdaşları tərəfindən saxlanılıb və bir saatdan sonra sərbəst buraxılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirin dayandırılmasını tələb ediblər.