Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bir sıra beynəlxalq tədbirlərə dəvət edilməsinə baxmayaraq, bu tədbirlərdə iştirak edə bilmir. Buna səbəb artıq 19 ildir ki, xarici pasport ala bilməməsidir.
Bu ilin sentyabr ayından etibarən Əli Kərimli Kazimir Pulavski Fondunun təşkilatçılığı ilə keçirilən Varşava Təhlükəsizlik Forumu (29-30 sentyabr 2025), Demokratiya və Mədəniyyət Fondu tərəfindən təşkil edilən Afina Demokratiya Forumu (30 sentyabr 2025), Latviyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Transatlantik Təşkilatının birgə keçirdiyi Riqa Konfransı (09-11 oktyabr 2025), Çexiyanın Praqa şəhərində təşkil edilən Forum 2000 (12-14 oktyabr 2025) kimi bir sıra beynəlxalq tədbirlərə dəvət edilib.
Lakin Əli Kərimlinin 2006-cı ildən ümumvətəndaş pasportu (xarici pasport) olmadığı üçün o, həmin tədbirlərdə iştirak etmək üçün səfər edə bilməyib. Ə. Kərimlinin video-müraciəti Praqada keçirilən Forum 2000 tədbirində paylaşılıb.
Kərimlinin mətbuata verdiyi açıqlamaya əsasən o, ümumvətəndaş pasportu almaq üçün ASAN Xidmətə müraciət etsə də, oktyabrın 8-də Xidmət tərəfindən ona pasport verilməkdən imtina edilib və imtina şifahi qaydada belə izah edilib ki, ona pasport verilməsinə Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi icazə vermir. Lakin imtinanın əsasları Ə. Kərimliyə izah edilməyib.
Xatırladaq ki, Əli Kərimliyə pasport verilməməsi 2006-cı ildən başlayıb. 2005-ci ilin dekabrın 31-də onun pasportunun etibarlılıq müddəti bitib və 2006-cı ildən Daxili İşlər Nazirliyi ona pasport verməkdən imtina edib.
Bundan sonra, Kərimli ona pasport verilməsindən imtina edilməsi ilə bağlı məsələni 2006-2008-ci illərdə ölkədaxili məhkəmələrdə mübahisələndirib. Lakin ölkədaxili məhkəmələr onun iddiasını təmin etməyiblər.
2009-cu ildə, o, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət verərək ona xarici pasport verilməsindən imtina edilməsinin onun hərəkət etmək azadlığı hüququnun pozuntusu olduğu bildirib. O, Avropa İnsan Hüquqları Konvensiyasına (AİHK) Əlavə 4 saylı Protokolun 2-ci maddəsinə istinad edib. Həmin maddə hərəkət etmək azadlığı hüququna təminat verir və şəxslərin ölkədən çıxışına qanunsuz və əsassız məhdudiyyət qoyulmasını qadağan edir.
Azərbaycan hökuməti (daha konkret, Daxili İşlər Nazirliyinin Baş Passport, Qeydiyyat və Miqrasiya İdarəsi) Ə. Kərimliyə pasport verilməməsini onun barəsində mövcud olan dayandırılmış cinayət işi ilə əlaqələndirir.
Əli Kərimli barəsində dayandırılmış cinayət işinin qısa tarixçəsi
1994-cü ildə keçirilən etiraz aksiyasında Kərimli polis tərəfindən tutulub və pencəyinin cibində əl qumbarası aşkar edildiyi iddia edilib. Bunun əsasında Ə. Kərimliyə qanunsuz oldu silah daşıma ittihamı verilib və barəsində həbs qətimkan tədbiri seçilib. Qısa müddət sonra barəsində həbs qətimkan tədbirinə xitam verilib və o, azad edilib; amma cinayət işi davam etdirilib. 1995-ci ildə iş dayandırılıb. Nəsimi Rayon Prokurorluğu cinayət işini dayandırmağı bununla əsaslandırıb ki, cinayət əməli törədən şəxs müəyyənləşdirilməyib. Həmin vaxt Kərimliyə cinayət işinin vəziyyəti barədə məlumat verilməyib.
Əli Kərimlinin deputatlıq dövründə diplomatik pasportu
Əli Kərimli 1995 və 2000-ci illərdə parlament seçkilərində namizəd olub və öz dairəsində seçkiləri udaraq deputat seçilib. O, 2005-ci il parlament seçkilərini qazansa da, Konstitusiya Məhkəməsi onun dairəsi üzrə seçkilərin nəticəsini ləğv edib. Daha sonra, AİHM həmin iş üzrə seçkilərin ləğv edilməsini Ə. Kərimlinin seçki hüququnun pozuntusu kimi müəyyənləşdirib.
1998-2005-ci illərdə Ə. Kərimlinin iki dəfə diplomatik pasportu olub. Lakin həmin pasportun 31 dekabr 2005-ci ildə etibarlılıq müddəti bitib.
Pasportun yenilənməsindən imtina edilib
Ə. Kərimli 2006-cı ildə ümumvətəndaş pasportu almaq üçün müraciət etsə də, ona pasport verilməsindən imtina edilib. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Pasport və Qeydiyyat İdarəsi imtinanı belə əsaslandırıb ki, Ə. Kərimli barədə 1994-cü ildə açılmış cinayət işinə xitam verilmədiyindən onun barəsində aktiv cinayət işi mövcuddur. Həmin cinayət işinin dayandırılması pasport verilməsi üçün əsas yaratmır. Pasportlar haqqında qanunvericiliyə əsasən barəsində cinayət işi davam etdirilən şəxslərə isə xarici pasport verilə bilməz.
İcra edilməyən Avropa Məhkəməsi qərarı
AİHM 2015-ci ildə Ə. Kərimlinin şikayəti üzrə işə baxaraq onun 4 saylı Protokolun 2-ci maddəsi ilə qorunan sərbəst hərəkət etmək hüququnun pozulduğu qənaətinə gəlib və Ə. Kərimliyə 5000 avro mənəvi ziyana görə kompensasiya ödənilməsini təyin edib. AİHM qərarını onunla əsaslandırıb ki, 20 il əvvəl başlanılmış və daha sonra dayandırılmış cinayət işinə görə şəxsə pasport verilməkdən imtina edilməsi ağlabatan və mütənasib tədbir deyil. Bundan əlavə, AİHM müəyyən edib ki, cinayət işinin dayandırılmasından sonra Ə. Kərimliyə iki dəfə pasport verilib və o, həmin pasportla xarici səfərlər edərək daha sonra ölkəyə qayıdıb. Göstərilən halları əsas götürən AİHM Ə. Kərimliyə pasport verilməməsinə dair imtinanı haqsız sayıb.
AİHM-in 2015-ci ildə qəbul etdiyi pozuntu qərarından sonra Azərbaycan hökumətinin həmin qərar üzrə öhdəliyi ona pasport verilməsinin təmin edilməsi idi. Lakin qərarın qəbul edilməsindən 10 il keçməsinə baxmayaraq Azərbaycan hökuməti həmin qərarı icra etməyib.
AİHM qərarlarının üzv dövlətlər tərəfindən icra edilməsinə nəzarət funksiyası Avropa Şurası Nazirlər Komitəsinə (AŞ NK) aiddir. Ə. Kərimlinin pasport işi üzrə qərarın icrasına da nəzarəti AŞ NK həyata keçirir. Ə. Kərimli 2016 və 2019-cu illərdə AŞ NK-nə müraciət edərək onun işi üzrə qərarın icra edilmədiyini bildirib və qərarın icrası üzrə tədbirlər görülməsini xahiş edib.
Lakin hazırkı tarixə qədər AŞ NK bu iş üzrə AİHM qərarının Azərbaycan hökuməti tərəfindən icra edilməməsi ilə bağlı hər hansı qərar qəbul etməyib.
Hüquqi rəy
III Respublika Platformasının Qurucu Heyət üzvü və insan haqları üzrə ixtisaslaşmış hüquqşünas Səməd Rəhimli hesab edir ki, Ə. Kərimlinin qərarının 10 ildən çox müddətdir ki, icra edilməməsi AİHM qərarlarının icrası baxımından ciddi problemdir.
“Təəssüf ki, AŞ NK bu məsələ ilə bağlı bu qədər uzun müddətdə ərizəçinin ardıcıl müraciətlərinə baxmayaraq, dövlətə qarşı hər hansı qərar qəbul etməyib”, – Səməd Rəhimli deyir və əlavə edir ki, siyasətçilərin ölkədən çıxışına əsassız qadağaların qoyulması Azərbaycanda onlara qarşı həyata keçirilən repressiv addımlardan biridi:
“AİHM qərarlarının icra edilməməsi Azərbaycan hökuməti üçün standard praktikadır. Lakin bu iş üzrə fərdi tədbir icra edilmir. Yəni həmin qərarın konkret nəticəsi olan pasportun verilməsi həyata keçirilmir. Ona görə də bu iş AİHM qərarlarının icra edilməməsi nöqteyi-nəzərindən ayrıca yer tutur. Çünki digər işlər üzrə gec-tez də olsa fərdi tədbirlər həyata keçirilib. Digər işlərdə əsas problem ümumi tədbirlərlə bağlıdır, yəni qanunvericiliyin və ya praktikanın dəyişdirilməsi. Amma bu işdə konkret fərdi öhdəlik 10 ildən çoxdur ki, icra edilmir. Dediyim kimi bu baxımdan bu qərarın icra edilməməsi Konvensiyanın ağır pozuntusudur”.