Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ senatoru Piter Velçlə görüşüb.
Bu barədə məlumat martın 12-də Əli Kərimlinin “Facebook” səhifəsində paylaşılıb.
Bildirilib ki, görüşdə müxalifət lideri Əli Kərimlinin saxta ittiham əsasında həbsi və ölkədə insan haqlarının ağır vəziyyəti müzakirə edilib.
Türkel Kərimli senatora Azərbaycanda davam edən repressiyalar, hazırda ölüm aclığı keçirən Tofiq Yaqublunun durumu haqqında da məlumat verib. Bundan başqa, həbsdə olan jurnalistlərə, AbzasMedia, Toplum TV, Meydan TV əməkdaşlarına, hüquq müdafiəçisi Anar Məmmədliyə, bütünlükdə vətəndaş cəmiyyəti fəallarına açılan cinayət işləri də müzakirə mövzusu olub.
Türkel Kərimli ABŞ-nin vitse-prezidenti Devid Vensin Bakıya səfərindən sonra politoloq Azər Qasımlıya 12 il həbs cəzası verilməsi məsələsini də Piter Velçin diqqətinə çatdırıb.
Görüşdə insan haqları ilə bərabər, hazırda regionda baş verənlər fonunda geopolitik hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb.
Həmçinin əsl tərəfdaşlığın dəyərlər üzərində qurulduğu zaman sabit olacağı qarşılıqlı şəkildə vurğulanıb.
AXCP sədri Əli Kərimli və Partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsədirlər. Əli Kərimliyə və Məmməd İbrahimə qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb. Onların həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir. Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.