Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevə qarşı yeni ittiham irəli sürülüb. O, vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaqda təqsirləndirilir.
Bu barədə məlumatı Meydan TV-yə onun vəkili Nemət Kərimli verib.
Novruz Tağıyev bu ilin mayın 20-dən həbsdədir. Həmin vaxt ona Cinayət Məcəlləsinin 178.2 (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham irəli sürüldü.
Vəkil bildirib ki, bu ittiham üzrə cinayət işinin yekunlaşması ilə əlaqədar olaraq Tağıyevi 1 saylı İstintaq Təcridxanasından, Yasamal Rayon Polis İdarəsinə gətiriblər.
“Müstəntiqlər adətən belə edir, təcrübədə belə hallar olur, təqsirləndirilən şəxsi saxlanıldığı yerdən “etap” edirlər polis idarəsinə. İdarəyə gətiriblər ki, yeni ittiham elan olunsun. Sabah artıq işlə tanış olunacaq və göndəriləcək məhkəməyə”, – deyə vəkil bildirib.
Nemət Kərimlinin sözlərinə görə, artıq bir həftəyə yaxındır ki, idarədə saxlanılan Tağıyevə ailəsi ilə görüşə icazə verilmir. Ona yemək və geyim göndərməyə də icazə verilmir.
“Mən orada olanda dedi ki, artıq 3 gündür acam. Bu qeyri-humanist addımdır. Kənardan yemək gətirilməsinə də icazə verilmir. Əvvəl dedilər, saat üçdən altıya qədər yemək buraxılır. Amma bu gün gediblər, yenə buraxılmayıb”, – deyə o bildirib.
Novruz Tağıyev mayın 20-də uşağını məktəbdən götürən zaman 4 nəfər mülki geyimli polis tərəfindən saxlanılıb və avtomobildə 9 saat, qolları qandallı vəziyyətdə Bakı ərazisində gəzdirilib.
Bu haqda həmin vaxt özünün “Faсebook” səhifəsində post yazan AXCP sədri Əli Kərimli bunu işgəncə adlandırmışdı.
Hazırda Əli Kərimli də daxil AXCP-nin 20-dən çox üzvü həbsdədir.
Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs olunublar.
Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.