Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.
Bu barədə Partiyadan məlumat verilib. Komitə fevralın 4-də ilk iclasını keçirib və həmsədrlər vəzifəsinə tarixçi Cəmil Həsənli ilə hüquq müdafiəçisi Leyla Yunus seçilib.
Komitənin tərkibi həm ölkə daxilində, həm də xaricdə yaşayan ictimai-siyasi xadimlər üçün açıqdır. Komitə ilk bəyanatını da qəbul edib və ittihamların siyasi motivli olduğunu bəyan edib.
Bəyanatda qeyd olunur ki, AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-da qondarma ittihamlarla həbs olunub. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən ev dustaqlığına alternativ həbs qətimkan tədbiri seçmək üçün verilmiş şikayətlər təmin edilməyib. Komitə bildirir həbs Əli Kərimliyə və partiyasına qarşı uzunmüddətli repressiya siyasətinin nəticəsidir.
Komitə Azərbaycan hakimiyyətindən Əli Kərimlinin və AXCP funksioneri Məmməd İbrahimin dərhal azad olunmasını, ona qarşı irəli sürülən cinayət işinə xitam verilməsini, ümumilikdə siyasi həbslərin dayandırılmasını tələb ediblər.
Bundan əlavə, komitə beynəlxalq ictimaiyyəti Azərbaycanda demokratik proseslərin qorunması və siyasi məhbusların azad edilməsi üçün tədbirlər görməyə çağırıb.
Komitənin üzvləri arasında Cəmil Həsənli, Leyla Yunus, Arif Yunus, Vidadi Mirkamal, Rafiq Manaflı, Qənimət Zahid, Rauf Mirqədirov və digər ictimai-siyasi xadimlər var. Komitənin növbəti toplantısı fevralın 19-da keçiriləcək.
Hazırda AXCP-nin 20-dən çox üzvü müxtəlif ittihamlarla həbsdədir. 2025-ci il dekabrın 1-də partiyanın sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb və onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Partiya üzvləri ittihamları rədd edir və siyasi motivli sayır.