Əli Kərimli və Məmməd İbrahim şübhəli şəxs qismində istintaqa cəlb ediliblər

Əli Kərimlinin məhkəməsindən. Foto: Meydan TV

AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim şübhəli şəxs qismində istintaqa cəlb ediliblər. Bu haqda məlumatı iqtidaryönlü media yayır.

Məlumata görə, hər ikisi Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə istintaqa cəlb ediliblər.

Hələlik onlara ittiham elan olunmayıb.

Hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevə qarşı bu il oktyabrın 14-də Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi açılıb.

Əli Kərimli və Məmməd İbrahimin saxlanılması və evlərində axtarış aparılması barədə məlumatlar dünən, noyabrın 29-da yayıldı. Həmçinin partiyanın bir neçə funksionerinin də saxlanıldığı bildirilirdi. Noyabrın 30-na keçən gecə hazırda İstanbulda olan Milli Şuranın üzvü  Gültəkin Hacıbəyli də Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını özünün “Facebook” hesabında yazaraq bildirib. Onun Azərbaycana deportasiya olunacağı ehtimal edilir. Milli Şuranın sədri Cəmil Həsənli də özünün “Facebook” hesabında paylaşdığı postda bu gün dindirilmə üçün DTX-nə çağırıldığını yazdı.

Ana səhifəXəbərlərƏli Kərimli və Məmməd İbrahim şübhəli şəxs qismində istintaqa cəlb ediliblər