Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli daha bir beynəlxalq tədbirə – Afina Demokratiya Forumuna dəvət olunub. Bundan əvvəl isə o, Varşava Təhlükəsizlik Forumu və Riqa Konfransında iştirak üçün dəvət alıb. Lakin Kərimli 2006-cı ildən bəri xarici pasport ala bilmədiyi üçün ölkəni tərk edə bilmir.
Əli Kərimlinin səfər qadağası 1994-cü ildə onun barəsində açılmış cinayət işi ilə əsaslandırılır. Həmin il sentyabrın 10-da hüquq-mühafizə orqanları onun cibində qumbara tapıldığını iddia edərək barəsində o dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsi (qanunsuz silah saxlama) ilə cinayət işi başladıb və Kərimli həbs edilib. Bir neçə həftə sonra o, yerli və beynəlxalq təşkilatların təzyiqi ilə azadlığa buraxılıb. Cinayət işinə xitam verilməsə də, icraat 1995-ci ilin dekabrında dayandırılıb. 2001-ci ildə aldığı xarici pasportun etibarlılıq müddəti bitdikdən sonra, Kərimli 2006-cı ildə yenidən Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Lakin ona pasport verilməyib və səbəb kimi 1994-cü ildə başlanmış cinayət işi göstərilib.
“Mənə formal olaraq pasport ona görə verilmir ki, 1994-cü ildə saxta cinayət işi açılıb. Guya mən mitinqə cibimdə tank əleyhinə qumbara ilə getmişəm. O zaman bu ittihamla həbs olunmuşdum. İstintaq zamanı məlum oldu ki, əynimdə olan kostyumun tikişləri sökülməyib – yəni həmin qumbaranı cibimə qoymaq mümkün deyildi. Bu, ittihamın uydurma olduğunu sübut etdi və nəticədə azad olundum. Lakin cinayət işinə xitam verilmədi, sadəcə, dayandırıldı. Bu hadisədən sonra onlarla Avropa ölkəsində olmuşam. Ancaq 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərindəki saxtakarlığı Avropa Şurasında tənqid etdikdən sonra, ölkəyə qayıdandan etibarən xarici səfərlərimə qadağa qoyuldu. Formal əsas kimi isə 1994-cü ildəki cinayət işinə istinad edilir”, – Əli Kərimli Meydan TV-yə bildirib.
AXCP sədri vurğulayır ki, Azərbaycan qanunvericiliyinə əsasən, bir şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti beş ildir. Onun vəziyyətində bu müddət çoxdan keçib.
“Beş il ərzində ya mənə qarşı ittiham irəli sürülməli, ya da müddətin bitməsinə əsasən cinayət işi bağlanmalı idi. Bu günə qədər işin açıq qalması hüquqi baxımdan tamamilə absurddur. Buna görə Baş Prokurorluğa müraciət etmişəm. Ancaq etiraf edim ki, müraciətimə baxılacağına inanmıram. Çünki xaricə buraxılmamağımın səbəbi hüquqi deyil, siyasi qərardır. Bu qərarı birbaşa Prezident İlham Əliyev verib”, – Kərimli bildirir.
Əgər Baş Prokurorluq müsbət cavab verməzsə, partiya sədri məhkəməyə müraciət edəcəyini deyir:
“Vaxtilə həm yerli, həm də Avropa Məhkəməsinə müraciət etmişəm. 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi qərar çıxardı ki, mənə pasportun verilməməsi hərəkət azadlığımın pozulmasıdır. Doqquz ildir bu qərar icra olunmur. İndi bu yeni dəvət nəzəri cəhətdən imkan verir ki, məsələ Avropa Şurasının Nazirlər Komitəsinin gündəliyinə çıxarılsın”.
Əli Kərimli hesab edir ki, beynəlxalq təşkilatların onu mütəmadi olaraq dəvət etməsi, eyni zamanda Azərbaycan hakimiyyətinə verilən bir mesajdır:
“Şübhəm yoxdur ki, məni bu konfranslara dəvət edən təşkilatlar pasportumun olmadığını bilirlər. Bu dəvətlər bir tərəfdən beynəlxalq ictimaiyyətin mövqeyini göstərir, digər tərəfdən isə problemi gündəmdə saxlamağa xidmət edir. Azərbaycan hakimiyyəti siyasi rəqabətə hazır olmadığını açıq etiraf edir. Əgər bir hakimiyyət siyasi rəqibinin internetdən istifadəsini məhdudlaşdırırsa, Şəhidlər Xiyabanında çıxış etməsini, beynəlxalq tədbirdə iştirakını təhlükə kimi görürsə, deməli, o, seçki yarışına, demokratik rəqabətə hazır deyil”, – Əli Kərimli belə deyir.