“Oradakı “İstefa” şüarı hansısa məmura yox, birbaşa İlham Əliyevə yönəlib”
Azərbaycan Xalq Çəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərmili İmişli hadisələrinə münasibət bildirib.
AXCP sədri bildirib ki, etirazlara səbəb təkcə ölümlə nəticələnən qəza deyil.
Onun fikrincə, baş verənlər ölkə başçısı İlham Əliyevə xəbərdarlıqdır:
“İnsanları bu qədər hiddətləndirən və onların etirazına səbəb illərlə davam edən məmur özbaşınalığına, polis qəddarlığına, hüquqsuzluğa etiraz idi. İnsanlar başa düşür ki, məktəblilərin ölümünə səbəb olan hadisə sadəcə, bir DYP əməkdaşının cinayətinin nəticəsi yox, ölkədəki cəzasızlıq mühitinin, “polis, məmur, vəzifəli şəxs həmişə haqlıdır” siyasətinin nəticəsidir. İmişlidə insanlar əslində İlham Əliyevin “mən nə qədər buradayam, polis məsuliyyətə cəlb olunmayacaq” siyasətinə etiraz edirdilər”.
“Əlbəttə, onlar bunu düşünülmüş şəkildə etmirdilər. Onlar mələk kimi saf, günahsız uşaqların həyatının bir göz qırpımında puç edilməsinə səmimi şəkildə acıqlanmışdılar. O məqamda siyasət də, siyasi mesaj vermək də heç onların yadına düşmürdü. Ancaq illər uzunu rastlaşdıqları haqsızlıq və hüquqsuzluqlara etiraz heç özləri də bilmədən insanların şüuraltında toplanmışdı. Ona görə də insanlar bir araya gələn kimi qeyri-ixtiyari “istefa” şüarı səsləndirdilər”, – Əli Kərimli deyir.
O hesab edir ki, “istefa” şüarı yol polisinə, ya da hansısa məmura yox, birbaşa İlham Əliyevə yönəlib:
“Gədəbəydə yaşlı qadının üzünə zəhərli qaz sıxan polis haqqında “polis ləyaqətli davrandı” deyən İlham Əliyevə, xalqın istefa şüarı 100 milyonlarla, milyardlarla manatlıq dövlət əmlakını talan etmiş “iribuynuzlu” korrupsionerlərin ədalətli cəzadan yayınmasına, belələrinin azadlıqda gəzməsinə, lap uzağı şərti cəza və ya ev dustaqlığı ilə canını qurtarmasına şərait yaradan, əksinə ölkənin dürüst, ləyaqətli, vətənpərvər insanlarını şərlədib həbs etdirən antixalq rejimə və bu rejimin başında duran İlham Əliyevə yönəlmişdi”.
“Faciədən təsirlənmiş insanların daha da hiddətlənməsinin səbəbi ölkədə geniş yayılmış işgəncə və zorakılıq siyasəti idi. O hiddətin böyük bir hissəsi Tərtər cinayətlərinin törədilməsinə görə məsuliyyət daşımalı olan yüksək vəzifəli şəxslərin məsuliyyətdən yayındırılmasından toplanmışdı. Hakimiyyət baş verənlərin mahiyyətini nəhayət, anlasın artıq. Səsini çıxaran hər kəsi cəza ilə qorxutmaq artıq alınmır, yaxın gələcəkdə heç alınmayacaq”, – deyə partiya sədri bildirib.
Kərimli hakimiyyəti repressiyaları, xalqa qarşı təzyiqləri dayandırmağa çağırıb:
“330 nəfər ictimai – siyasi fəalın həbs olunduğu ölkədə bir qığılcım dəqiqələr ərzində minləri bir araya gətirdi. Müxalifətsiz, azad mətbuatsız, təşkilatçılarsız. Kim təminat verə bilər ki, nə vaxtsa başqa bir qığılcım 100 minləri bir araya gətirməyəcək? Hər zamankı yanlış nəticəni çıxarıb, yenə də repressiyalarla xalqı susdurmaq siyasətini seçməyin. Bu siyasətin sonu ölkə üçün, hamımız üçün, o cümlədən ölkəni idarə edənlər üçün də yaxşı heç nə vəd etmir. Xalqın qəzəbinə səbəb olmuş siyasətin səhv olduğunu etiraf edin. Əgər bu etirafı xalq qarşısında açıq – aşkar etməyə cəsarətiniz çatmırsa, heç olmasa özünüzə etiraf edin”.
Əli Kərimli deyir ki, hakimiyyət xalqın qəzəbini soyutmaq üçün onlara doğru addımlar atmalıdır:
“Siyasi məhbusları azad edin, korrupsionerlərin qanunun fövqündə durmasına son qoyun. Həbs və işgəncə ilə xalqı qorxutmaq siyasətinin bumeranq effektilə bir gün özünüzü də vura biləcəyini unutmayın”.
Yanvarın 18-də Yol Patrul Xidməti (YPX)İmişlidə ağır-yol nəqliyyat hadisəsi törədib.
Polisin yüksək sürətlə idarə etdiyi xidməti avtomobil məktəbdən gələn 4 şagirdi vurub, onlardan ikisi hadisə yerində keçinib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. YPX avtomobilinin sürücüsü də xəsarət alıb.
Baş Prokurorluğun məlumatında bildirilir ki, YPX avtomobilinin iştirakı ilə ölümlə nəticələnmiş yol-nəqliyyat qəzası ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq aparılır.
YPX avtomobilinin yüksək sürətlə hərəkət etməsi və həlak olanların azyaşlılar olması yerli əhalidə qəzəb doğurub.
Qəzəblənmiş kütlə, xüsusilə gənclər YPX avtomobilini arxası üstə aşırıblar, yüzlərlə adam “istefa” şüarı səsləndirərək İmişli Rayon Polis İdarəsinin önünə doğru yürüş ediblər.
Ardınca Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, etiraz edənlər xuliqanlıq ittihamı ilə həbs olunublar.
DİN-in yaydığı fotoda saxlanılanların 9 nəfər olduğu məlum olub. Lakin “AzadlıqRadiosu”nun mənbəsi bildirib ki, saxlanılanlar 100 nəfər və daha çoxdur.
“Onların bəziləri şəhərin mərkəzi hissəsindən tutulub. Gecə evindən polis idarəsinə gətirilən, sonradan sərbəst buraxılanlar da olub. İndi dəqiq neçə nəfərin saxlandığını demək çətindir”, – İmişli rayonundakı mənbə bildirib.
Əsasən polis avtomobilinə hücum edən, onu çevirən və polislərlə mübahisə edənlərin saxlanıldığı bildirilir.
Baş verən hadisələrdən sonra İmişli şəhərində gücləndirilmiş rejim hökm sürdüyü bildirilir.
İnzibati binaların, parkların, meydanların ətrafında polisin qarovul çəkdiyi deyilir.
Sosial mediada yayılan məlumata əsasən,şəhərə Daxili Qoşunların yeridildiyi və yolların bağlandığı bildirilir.
Yerli əhalidən verilən məlumata əsasən İmişlidə internet kəsilib.