Əli Kərimli həbsdə olan mühafizəçisinin psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirir

Foto: Meydan TV

“Məhkəmə rejimin sifarişini yerinə yetirərək Niyaməddin bəyi bir il müddətinə qapalı həbsxanaya keçirmək haqda qərar verib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovla bağlı özünün şəxsi “Facebook” hesabında paylaşım edib.

“İctimai əsaslarla mühafizəçim, şərlənərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş Niyaməddin Əhmədovdan xeyli müddət idi ki, məlumat ala bilmirdik. Niyaməddin bəyin ailəsilə kommunikasiyalarına belə qadağa qoyulmuşdu. Niyaməddin Əhmədovun atası Arif bəy nəhayət, bayramla əlaqədar olaraq oğlu ilə görüşə bilib”, – Əli Kərimli yazır və əlavə edir ki, mühafizəçisi 26 fevraldan “kars”a (cərimə kamerasına) salınıb və həmin gündən də aclıq elan edib.

Partiya sədri həm də bildirir ki, Niyaməddin Əhmədovun tez-tez “kars”a salınır, psixoloji və fiziki zorakılığa məruz qalır:

“5 ilə yaxındır ki, qanunsuz cəza çəkən Niyaməddin Əhmədova əlavə əziyyət vermək üçün onu qapalı tipli cəzaçəkmə müəssisəsinə keçirməyi planlaşdırıblar. Niyaməddin bəyin tez-tez karsa salınması həm də onun qapalı həbsxanaya köçürülməsinə “əsas” yaratmaq üçün edilirmiş. Bu günlərdə məhkəmə rejimin sifarişini yerinə yetirərək Niyaməddin bəyi bir il müddətinə qapalı həbsxanaya keçirmək haqda qərar verib”.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

Niyaməddin Əhmədov deyib ki, AXCP və Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb.

Ana səhifəXəbərlərƏli Kərimli həbsdə olan mühafizəçisinin psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirir