Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Səbail rayon Məhkəməsi tərəfindən 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Siyasətçilərin məhkəmə prosesinin keçirildiyi binanın qarşısı və ətrafının polis nəzarətinə götürüldüyü bildirilir.
Hökumətyönlü media yazır ki, Əli Kərimliyə və Məmməd İbrahimə qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.
Onlar noyabrın 29-da saxlanılıb, evlərində axtarış aparılıb. Həmçinin partiyanın bir neçə funksioneri də saxlanılıb, lakin sonra sərbəst buraxılıblar. Eyni gündə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov da DTX-ya aparılıb, bir gün sonra, noyabrın 30-da sərbəst buraxılıb.
Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Noyabrın 30-na keçən gecə hazırda İstanbulda olan Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını özünün “Facebook” hesabında yazaraq bildirib. Onun Azərbaycana deportasiya olunacağı ehtimal edilir.
Həmin gün Milli Şuranın sədri Cəmil Həsənli də DTX-ya şahid qismində çağırılıb. Təxminən 3 saat davam edən dindirilmədən sonra sərbəst buraxılıb.