Əli Kərimli: “Bilirdim ki, hakimiyyət məndən əl çəkən deyil”

Əli Kərimli, Foto: Meydan TV

AXCP sədri haqqında çıxarılmış hökm qüvvədə qalıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 1500 manat cərimələnməsi barədə Nəsimi Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermişdi. Onun şikayətinə fevralın 6-da Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılıb.

Məhkəmədə Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev çıxış edərək bildirib ki, müvəkkili haqqında hökm qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, məhkəmə mübahisəsinə səbəb olan çıxışlarında Əli Kərimli heç kimə böhtan atmayıb:

“Əli Kərimli olmuş məsələlərə aydınlıq gətirib. Jurnalist sual verib, o da cavablandırıb”.

Fəxrəddin Mehdiyev deyib ki, Əli Kərimli haqqında ittiham hökmü ifadə azadlığının, ədalətli məhkəmə araşdırması hüququnun pozulması deməkdir və ləğv olunmalıdır.

Əli Kərimli özü də barəsindəki hökmün qanunsuz və əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi bu hökmü çıxaranda onun AXCP-nin keçmiş üzvü Aydın Əliyev haqqında dediyi üç fikri əsas götürüb – hökumətlə yaxınlaşması, AXCP-nin siyasi kursuna zidd hərəkətlərinə görə çıxarılması, onun sonra partiyaya zorla bərpa olunması:

“Mənim dediyim bu fikirlər konkret faktlara əsaslanır. Onun partiyadan çıxarılması qərarını da mən verməmişəm, partiyanın Rəyasət Heyəti verib”.

Xüsusi ittihamçı Aydın Əliyev bildirib ki, Əli Kərimlinin 1500 manat cərimələnməsi barədə hökmdən apelyasiya şikayəti verməsə də, daha sonra ona qarşı yeni addımlar atmağı planlaşdırır:

“Mən elə bilirdim ki, o da hökmdən şikayət etməyəcək”.

Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası Əli Kərimli haqqında çıxarılmış hökmü qüvvədə saxlayıb.

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Əli Kərimli bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcək. AXCP sədrinin sözlərinə görə, bu məhkəmə işi hüquqi yox, siyasi prosesdir:

 “Söhbət 1500 manat cərimələnməkdən getmir. Bununla ciddi neqativ presedent yaradılır. Bu hökmü qüvvədə saxlamaqla onu sübut edirlər ki, hakimiyyətlə əməkdaşlıq insanın şərəf və ləyaqətini alçaldır. Ona görə məhkəmədə dedim ki, bunu nəzərə alsınlar. Onminlərlə insan – deputat, seçki komissiyalarının üzvləri və s. hakimiyyətlə əməkdaşlıq edir. Məhkəmə qərarları dövlət adından çıxarılır. Mən israr elədim ki, bu səhv edilməsin, lakin elədilər”.

Əli Kərimli xüsusi ittihamçının məhkəmədə ona qarşı yeni addımlar atacağı barədə dediklərinə də toxunub:

“Mən bilirdim ki, hakimiyyət məndən əl çəkən deyil. Aydın Əliyev məni yeni cinayət işlərilə təhdid etdi. Bu ölkədə prinsipial müxalifət olmaq asan deyil, təzyiqsiz günümüz olmur. Nə cinayət işi olsa, əsassız olacaq”.

Aydın Əliyev 2019-cu ildə partiyadan uzaqlaşdırılıb, sonradan məhkəmə qərarı ilə bərpa edilib. O, iddia edir ki, Əli Kərimli bir sıra internet televiziyalarına müsahibələrində onu AXCP ideyalarına sədaqətli olmamaqda ittiham edib.

Əli Kərimli isə çıxışlarında böhtan xarakterli heç bir fikir səsləndirmədiyini bildirir.

AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.

“Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.

Ana səhifəXəbərlərƏli Kərimli: “Bilirdim ki, hakimiyyət məndən əl çəkən deyil”