Əli İsa Cabbarov: Vergidən azad olunsa, kinomuz inkişaf edər

”Kino işçilərinin vergisi zərgərlərin və neft istehsalçılarının gəliri qədər ola bilməz”

Foto: sosial şəbəkə
Əli İsa Cabbarov
Əli İsa Cabbarov
Əli İsa Cabbarov
Əli İsa Cabbarov


”Kino işçilərinin vergisi zərgərlərin və neft istehsalçılarının gəliri qədər ola bilməz”

2 avqust Milli Kino Günü Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov üçün düşərli olub. O, yeni istehsalata buraxılan “Nar bağı” filmində xətti prodüsser kimi işə cəlb olunub.

Bu barədə Meydan TV-yə məlumat verən Əli İsa Cabbarov deyib ki, sevdiyi peşə ilə məşğul olduğu üçün sevinir:

“Fərd olaraq mənim üçün nikbin notlar var, amma kinomuzun ümumi problemlərinin həllini gözləyirəm. Bu baxımdan hazırda ağ-qara kino kimi hisslər yaşayıram”.

Əli İsa Cabbarovun fikrincə, kino təhslinin aşağı olması, kinoyayımında milli filmlərin rolunun artması, Azərbaycan kinosunun vergidən, gömrük rüsumlarından azad olunması əsas problemlərdir: “Bununla yanaşı yeni hazırlanan “Kino haqqında” qanunda vergidən azad olunma gündəmə gətirilib. Əgər qanun təsdiqlənsə, müsbət hadisə olardı. Xüsusilə vergi güzəştləri və gömrük rüsumunun götürülməsi vacibdir. Kino işçilərinin vergisi zərgərlərin və neft istehsalçılarının gəliri qədər ola bilməz. İki illik güzəşt olsa, həm kəmiyyət göstəricisi artar, həm də keyfiyyət. Neftin qiymətinin düşməsi qeyri-neft sektoruna diqqəti artırıb. Kino isə çox gəlirli perspektivi olan sahədir, bu mənada vergidən azad olunması kinomuzun inkişafının təminatıdır. Əks təqdirdə çətin olacaq”.

Əli İsa Cabbarov bildirib ki, kino çətin və Azərbaycanda hələlik çox gəlir gətirməyən sahədir: “Ona görə bu sahədə qalanlar kinonu fanatik kimi sevənlərdir. Vaxtilə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovla görüşəndə ikinci ona yarımçıq stəkanı göstərib soruşub ki, bu stəkan yarıya qədər doludur, yoxsa yarıya qədər boşdur. Elçibəy də nikbin və işıqlı insan kimi cavab verib ki, yarıya qədər doludur. Bu gün də kinematoqrafçılarımız stəkanı yarıya qədər dolu sayır, yəni tam dolu olmadığını başa düşürlər”.

Əli İsa Cabbarov “Cənubi Qafqaz respublikaları arasında Azərbaycan kinosu öndə, ortada, yoxsa sondadır” sualına “həqiqəti səsləndirməyə utanıram, ona görə cavab verməyəcəm”- cavabını verib.

Ana səhifəXəbərlərƏli İsa Cabbarov: Vergidən azad olunsa, kinomuz inkişaf edər