Əli İnsanovun köməkçisi villa və 40 kilo qızılla bağlı iddianı təkzib edir (yenilənib)

Foto: Meydan TV

Haqq Ədalət Partiyası da (HƏP) Əli İnsanovla bağlı yayılan məlumatlara reaksiya verib.

Partiyanın yaydığı rəsmi açıqlamaya görə, bu tip informasiyalar Əli İnsanova qarşı uzun illərdir ki, tirajlanan və əsaslı dəlilərlə təkzib olunmuş qarayaxmadır.

HƏP-in Mətbuat xidməti tərəfindən yayılan açıqlamada bildirilir ki, əvvəllər Əli İnsanovun Xızının Qızılqazma kəndində sahəsi 42 kvadrat metr olan taxta evciyi olub:

“O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər”.

Partiya İnsanova aid edilən qızıl külçələrlə bağlı məlumatları da təkzib edib:

“Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək guya axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəməyə gətirilib nümayiş olunmasını xahiş edib”.

“Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan edib ki, istintaq və məhkəmə materiallarında qızıl külçələr barədə heç bir sənəd və məlumat yoxdur. Ona görə də bu barədə vəsatət verməyi lazımsız hesab edib”, – deyə açıqlamada qeyd olunub.


Rəşad Abbaslı yayılan məlumatı cəfəngiyyat adlandırıb

Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun müsadirə edilmiş əmlakını geri almaq üçün yaxın günlərdə apelyasiya şikayəti verəcəyi barədə məlumat yayılıb.

Xəbəri hökumətyönlü “yenisabah” saytı yayıb.

Saytın “Əli İnsanova böyük jest: 40 kilo qızılı geri qaytarılır” başlığı ilə yaydığı yazıda bildirilir ki, konstruktiv müxalifətə keçməsi qarşılığında HƏP sədrinə məhkəmə yolu ilə müsadirə edilən əmlakının geri qaytarılması vəd edilib.

Qeyd olunur ki, siyasətçiyə qaytarılması nəzərdə tutulan əmlakın siyahısına 2005-ci ilin oktyabrında evindən götürülmüş, təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızının Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villa da daxildir.

HƏP sədrinin köməkçisi Rəşad Abbaslı məlumatı təkzib edib.

O, Meydan TV-yə deyib ki, yayılan məlumatın heç bir əsası yoxdur və tamamilə cəfəngiyyatdır.

Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci ilin oktyabrında həbs olunmuşdu.

2019-cu ildə həbsdən çıxan sabiq nazir hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaradıb.

Ancaq Haqq Ədalət Partiyası 2022-ci ilin noyabrın 5-də Prezident İlham Əliyevi dəstəkləmək qərarına gəlib.

Bunu HƏP sədri Əli İnsanov partiyanın İdarə Heyətinin iclasındakı çıxışı zamanı açıqlayıb və bildirib ki, Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir, partiya ona dəstək verməlidir.

Məlum qərardan sonra partiyada istefalar olub.

Haqq Ədalət Partiyasının (HƏP) sədr müavinləri İsfəndiyar VahabzadəQüdrət Quliyev təşkilatdan istefa veriblər.

Ana səhifəSiyasətƏli İnsanovun köməkçisi villa və 40 kilo qızılla bağlı iddianı təkzib edir (yenilənib)