Əli İnsanov: Heç bir təzyiq məni qorxutmur

Vəkil: Sabiq nazir psixoloji cəhətdən bu ittihamlara hazır idi

Source:


Vəkil: Sabiq nazir psixoloji cəhətdən bu ittihamlara hazır idi

“Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəm”.

Bu bəyanatı “Turan”-a vəkil Toğrul Babayev sabiq səhiyyə naziri Əli İnsanova istinadən verib.

Vəkilin sözlərinə görə, İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi: “Səhhətində də heç bir problem yoxdur”.

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq nazirə qarşı avqustun 24-də Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.

Ə.İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq- müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanovun barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Ə.İnsanov hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. 1993-2005-ci illərdə səhiyyə naziri olub.

Ə.İnsanov məhkəmə iclaslarında hökumətin və yüksək hökumət rəhbərlərinin fəaliyyətini kəskin tənqid edib.

Bu il iyunun 7-də sosial şəbəkələrdə Əli İnsanova qarşı həbsxana nəzarətçisinə zor tətbiqi ilə bağlı cinayət işi açılacağı barədə statuslar yer alıb. Sonra sabiq nazirin vəkilləri bu məlumatı təkzib ediblər.

T. Babayev bildirib ki, Ə.İnsanov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə avqustun 24-də bu il oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.

“Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib. O, ittihamı qurama adlandırır və həbsdən azad edilməməsinə yönəldiyini bildirib. İnsanovun həbsdən buraxılmasına cəmi 57 gün qalmışdı”, – vəkil qeyd edib.

Ana səhifəXəbərlərƏli İnsanov: Heç bir təzyiq məni qorxutmur