Əli İnsanov: Həbsimi siyasi repressiya kimi qəbul edirəm

”Mənimlə düşmənçilik edənləri yaxşı tanıyıram”

Source:


”Mənimlə düşmənçilik edənləri yaxşı tanıyıram”

Aprelin 7-də Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən iclasa jurnalistlər buraxılmayıb. Məhkəmə nəzarətçiləri və polislər heç bir səbəb göstərmədən jurnalistləri iclasa buraxmayıblar. İclasda Əli İnsanovun bir neçə qohumu və vəkilləri iştirak edib. Ə. İnsanov da jurnalistlərin iclasa buraxılmasını tələb edib. Lakin bundan sonra da jurnalistləri iclasa buraxmayıblar.

İclasdan sonra vəkillər jurnalistlərə açıqlama verib.

İclas zalında cəmi altı nəfər olub, onun da biri zərərçəkən – Penitensiar Xidmətin ədliyyə mayoru Anar Məmmədov olub. Prokuror Fərahim Hüseynli bildirib ki, istintaqda pozuntuya yol verilməyib, iş məhkəmə baxışına verilə bilər. Prokuror məhkəmədən Ə.İnsanov barəsində olan  həbs-qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.

Daha sonra iclasda Əli İnsanovun vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev çıxış edib. Vəkillər bildiriblər ki, Əli İnsanov heç bir cinayət törətməyib, həbsdən çıxmasına 56 gün qalmış ona böhtan atılıb. Ona qarşı qanunsuz ittiham irəli sürülüb. Guya o, özündən fiziki baxımdan qat-qat güclü olan ədliyyə işçisinə güc tətbiq edib, 10-15 nəfərin əhatəsində Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirib:

“Bu, şərləmə əməliyyatıdır. Bunların hamısı qanunsuzdur. Bizim vəsatətlərimiz təmin olunmalıdır. Cinayət işinə xitam verilməli və Əli İnsanov azadlığa buraxılmalıdır. Bu iş məhkəmə baxışına verilə bilməz. Əli İnsanov həbsdə olduğu müddətdə heç bir qanunu pozmayıb, heç kimə xəsarət yetirməyib”.

Əli İnsanov vəsatətlərlə razı olduğunu deyib: “Mən burada beş dəqiqəlik çıxış edəcəm və sizi vahimələndirəcək heç nə deməyəcəm. Mən bu məhkəməyə gəlmək istəmirdim. Məni məcbur gətirdilər. Hesab edirəm ki, belə saxta ittihamlarla məhkəməyə gəlməyə ehtiyac yoxdur. Bunların hamısı şər-böhtandır və bütün ittihamları rədd edirəm. Mənimlə düşmənçilik edənləri yaxşı tanıyıram. Qana çox susamısınız. Yetməzmi qanımı içdiyiniz? Dünyanın yolu uzundur”.

Hakim və prokuror isə ondan çıxışışını dayandırmağı tələb ediblər. Hakim vəsatətləri təmin etməyib.

Daha sonra Əli İnsanov çıxışına davam edib: “1 il 6 ay MTN-nin təcridxanasında təkadamlıq kamerada, daha sonra Bayıl türməsində 5 saylı ölüm korpusunda saxlanmışam. 40 dərəcədə istidə saxlansam da, qayda-qanunu pozmamışam. 13 saylı cəzaçəkmə müəssisəsində istilik sistemi olmayıb, üç dərəcə şaxtada qalmışam, amma müqavimət göstərməmişəm. Necə oldu ki, həbsdən çıxmağıma 56 gün qalmış müqavimət göstərdim? Mən həbsimi siyasi repressiya kimi qəbul edirəm. Bugünkü həbsim 2005-ci ildəki həbsimin davamıdır. 2005-ci ildə məni dövlət çevrilişinə cəhd ittihamı ilə həbs elədilər. Amma o ittihamlar məhv oldu. 16 ay yoxlama apardılar, gördülər ki, dövlət büdcəsindən bir manat da xərcləməmişəm. Mən indiyədək Azərbaycanda 100-ə yaxın məhkəmənin heç birində qalib gəlməmişəm. Avropa Məhkəməsində qalib gəlmişəm. O məhkəmənin qərarını da icra etməyiblər.

Bu cinayət işində heç bir fakt, sübut-dəlil yoxdur. Bunlar mənim yatdığım yerdə yoxlama aparmayıblar, guya başqa bir kamerada yoxlama aparıb, orada döşəyin altından şüşə bankada psixotrop maddə tapıblar. Penitensiar Xidmətin əməkdaşı dustaqlara verilən multivitaminləri şüşə bankada saxlayırdı. Mənim işimdə guya tapılan banka da həmin bankadır. Sonradan məni rəisin otağına çağırıblar ki, protokola qol çək. Guya mən həmin protokolu cırıb, ədliyyə işçisinə əl qaldırmışam. Mən həmin vaxt karsdan çıxmışdım, əynimdə köhnə paltarlar idi. Kars da çox köhnə, çirkli bir yerdir. Oradan çıxandan sonra başqa paltar geyinmişdim. Amma ekspertizaya mənim sonradan geyindiyim paltarları göndəriblər. Ekspertiza da rəy verib ki, guya uyğun gəlir. Sisironu, ən böyük yunan natiqlərini də gətirsən, Azərbaycan məhkəmələrində xeyri yoxdur.

Mənə məlumat vermişdilər ki, həbsimi uzatmaq üçün üç plan olub. Birincisi, yeni işçi gətirib öyrətmişdilər ki, məni təxribata çəksin. Amma elə oldu ki, o adam xəstələndi, onu müalicə elədim, sağaldı. Sonra nə qədər desələr də, həmin işçi o plana razılaşmadı. İkinci plan müalicə etdiyim dustaqlarla bağlı idi. Guya mən onları səhv müalicə eləyib ziyan vurmuşam. Amma müalicə elədiyim xəstələrin hamısı sağaldı, bu plan da baş tutmadı. Üçüncü plan isə bu idi. Düşmənlərim elə bilir ki, məni həbsdə çox saxlasalar, sınacam. Sınmağım mümkün deyil. Mənimlə bağlı baş verənlər bir xəyalpərəstin çayın kənarında oturub, o çayın axıb qurtarmasını gözləməsi kimidir. Xəyalpərəstlərə deyin ki, lap 100 il versələr də, mənim səbrim tükənən deyil.

Avropanın kralları müqəddəs Yelena adalarının divarlarını görəndə qorxurdular. Çünki onlar bilirdilər ki, o divarların arasında Napoleon var. İndi bunlar da Kürdəxanı türməsinin divarlarını görəndə vahimələnirlər. Çünki bilirlər ki, orada kimlər yatır. Elə başa düşməyin ki, mən geri çəkilirəm, ad çəkmirəm. Sadəcə, bir plan var. Mən burada kimlərinsə adını çəksəm, məni buradan sürüyə-sürüyə aparacaqlar. Mən bunu özümə rəva görmürəm, yəqin siz də rəva görməzsiniz. Mənim üzümə duram ədliyyə işçisini rəis təyin elədilər. Üzümə duran  dustağı isə əfv sərəncamı ilə buraxıblar. Bu Anar Məmmədova da yəqin nəsə bir vəzifə verəcəklər”.

Sonda Əli İnsanov məhkəmənin saxlanıldığı müəssisədə keçirilməsini istəyib. Bildirib ki, məhkəməyə gəlib-getmək o və işdə şahid kimi keçən məhbuslar üçün əziyyətdir. Hakim bildirib ki, buna növbəti iclasda baxılacaq.

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan  məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

Ə. İnsanov isə ittihamları rədd edir. O, siyasi mövqeyinə görə, qanunsuz olaraq həbsdə saxlanıldığını bildirir.

Ana səhifəXəbərlərƏli İnsanov: Həbsimi siyasi repressiya kimi qəbul edirəm