Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib

Sabiq nazir məhkəmə iclasının yubadılmasından narazıdır

Source:


Sabiq nazir məhkəmə iclasının yubadılmasından narazıdır

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov kassasiya şikayəti üzrə məhkəmə iclasının yubadılmasından narazıdır.

Meydan TV-nin məlumatına görə, Ə.İnsanov bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. O, məktubunda şikayəti üzrə məhkəmə baxışının təyin edilməməsindən narazılığını bildirib.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı. Onun cəza müddətinin başa çatmasına az vaxt qalmış barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yenidən cinayət işi başlanıb.

Həmin cinayət işinə  Qaradağ rayon Məhkəməsində baxılıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib. Həmin qərardan Ə. İnsanov Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Lakin kassasiya şikayəti üzrə məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.

Ə. İnsanov ittihamları qəbul etmir, şər-böhtan adlandırır.

Ana səhifəXəbərlərƏli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib