Əli Hüseynli körpü tikintisinə qarşı çıxanları məlumatsız və qeyri-peşəkar adlandırıb

“Əgər yeni körpülər saziş qüvvəyə mindikdən sonra tikilibsə, belə çıxır ki, buna Birgə Texniki Komissiya qərar verib”.

Əli Hüseynli. Foto: Report.az


Hüquqşünas: “Niyə Azərbaycan tərəfi sözügedən Sazişlə bağlı bu yanaşmadan vaz keçib?”

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir, bu barədə Azərbaycan və İran arasında beynəlxalq sənəd imzalanıb”.

Bunu Azərbaycan Milli Məclisinin I vitse-spikeri Əli Hüseynli jurnalistlərin işğal altında olan Cəbrayıl rayonunun İranla sərhədindəki Araz çayı üzərində rəsmi Tehran tərəfindən tikilən körpü ilə bağlı suallarını cavablandırarkən deyib.

“Report”un

məlumat

ına görə, Əli Hüseynli bildirib ki, saziş BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsini bir daha dəqiq formada təsdiq edir:

“Saziş hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Yəni hər iki hidroqovşaqdan və su elektrik stansiyalarından istifadə yalnız Azərbaycana və İrana məxsusdur. Bütün bunlarla yanaşı, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır. Yəni su elektrik stansiyalardan 3-cü dövlətin istifadəsi mümkün deyil. Saziş və ya sazişin müddəaları ilə tanış olmaq istəyənlər e-qanun.az internet səhifəsinə daxil olaraq beynəlxalq sənədlə tanış ola bilərlər”.

I vitse-spiker hidroqovşaqların tikilməsi məsələsinin yeni olmadığını bildirib. O, vurğulayıb ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib:

"Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılmış və layihələr yenidən işlənmişdir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılmışdır. Sonrakı dövr ərzində yuxarıda qeyd edilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfidən aparılmışdır. 2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır və məhz iki dövlət arasında dostluq münasibətlərinin nəticəsində baş tutub”.

Olayın 4 il sonra medianın gündəminə gəlməsinə gəlincə, Ə.Hüseynli bunu məlumatsızlıq, qeyri-peşəkar yanaşmalar və başqa amillərlə əlaqələndirib:

“Həmin ərazilərdə aparılan intensiv işlər Ermənistanı və ölkəmizə düşmən mövqeyi tutanları qıcıqlandırıb. Eyni zamanda, yerli ictimaiyyətdə bu məsələ ətrafında gedən proseslərə nəzər saldıqda dövriyyəyə buraxılan bir sıra fikirlərin məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan qaynaqlandığını demək mümkündür. Həmçinin bu məsələyə münasibət bildirən bir sıra “ekspertlərin” siyasi və hüquqi savadının aşağı səviyyədə olmasıdır. Lakin bilərəkdən bu kampaniyada iştirak etmək və ya tərkib hissəsi olmaq yolverilməzdir. Məsələ kifayət qədər aydın və birmənalıdır. 2016-cı ilin fevral ayında imzalanan saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir”.

Hüquqşünas Fuad Ağayev isə Saziş haqqında “Facebook” səhifəsində fikirlərini paylaşıb.

F.Ağayev Sazişi dəstəkləyənləri başa düşməyin çətin olduğunu bildirib:

“Çünki aralarında savadlıları da var, ola bilsin, həqiqətin üzə çıxmasında onlara qərəzli olmaları maneə yaradır. Saziş tərəfdarları deyirlər ki, müqavilə Azərbaycanla İranın ərazilərində icra olunur, Ermənistanın buna aidiyyəti yoxdur. Yumşaq desək, çox sadəlövh yanaşmadır, halbuki, əsas o deyil ki, torpaq formal baxımdan, rəsmi baxımdan hansı dövlətindir, əsas odur ki, sənəddə Azərbaycanın ərazisi kimi göstərilən əraziyə kim nəzarət edir. Sual olunur, nəzarəti Azərbaycan edirmi? Xeyr, həmin əraziyə nəzarət edən Ermənistandır! Azərbaycan dövləti beynəlxalq müqavilələrinə bu məzmunda qeyd-şərt qoyur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə nəzarət etmədiyindən həmin müqavilələrin icrasına ərazilər azad olunanadək təminat vermir. Məsələn, Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasını imzalayanda, Azərbaycan Respublikası bəyan edib ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək təminat vermək iqtidarında deyildir. Sual olunur, niyə Azərbaycan tərəfi sözügedən Sazişlə bağlı bu yanaşmadan vaz keçib? Sazişi dəstəkləyənlər deyirlər ki, bu layihə üçün indi xüsusi zolaq azad olunub və İran təminat verib ki, orda işğalçı qüvvələr olmayacaq. Birincisi, Sazişdə heç bir xüsusi zolaqdan söhbət getmir, ikincisi, İran Ermənistanın işğalı altında olan ərazilərə dair hansı təminat verə bilər? Bəlkə oradakı işçi qüvvəsi Azərbaycan vətəndaşlarıdır? İşğalçı qüvvələr 27 il əvvəl oraya daxil olubsa, onların orada olmayacağına kim təminat verə bilər? Hər halda sazişdə İran üzərinə belə öhdəlik götürməyib”.

sayt-cover (2).png
Fuad Ağayev

Fuad Ağayev hesab edir ki, Sazişdə yalnız “Xudafərin” körpülərinin bərpasından söhbət getsə də, həmin ərazidə Araz çayı üzərindən bir neçə yeni körpü salınıb. Ermənilər də etiraf edirlər ki, İrandan həmin körpülər vasitəsilə onlara külli miqdarda yüklər, yanacaq daşınır. Halbuki, sazişdə yeni körpülərin tikilməsindən danışılmır. Sazişin 2-ci maddəsinə əsasən Azərbaycan və İran sazişin icrası məqsədilə Birgə Texniki Komissiya yaratmalı idi və yəqin ki, yaradıblar. Azərbaycan tərəfindən bu komissiyasının fəaliyyəti üçün səlahiyyətli orqan Energetika Nazirliyidir. Bu nazirlikdən komissiyanın fəaliyyəti ilə bağlı hansısa məlumat verilibmi? Xatırlamıram. Əgər yeni körpülər saziş qüvvəyə mindikdən sonra tikilibsə, belə çıxır ki, buna Birgə Texniki Komissiya qərar verib. Yox, əgər, həmin körpülər Sazişdən əvvəl inşa edilibsə, bunun qanuniləşdirilməsinə görə kim məsuliyyət daşıyır? Xələf Xələfov deyir ki, mətbuatda yer alan körpülərin tikilməsi məsələsinə Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır; İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Koqnitiv qabiliyyətləri barədə yüksək fikirdə olmadığım Xələfov faktiki deyir ki, adı bizimdir. Dadı kimindir? Əlbəttə, dadı Ermənistanındır!”

Demokratik Qüvvələrin Milli Şurası 2016-cı il Sazişini milli və dövlət maraqlarına xəyanət kimi qiymətləndirib.

Milli Şuranın mayın 8-də yaydığı bəyanatda qeyd olunur ki, Sazişin reallaşması nəticəsində inşa edilən körpülər işğalçı rejimin İranla etibarlı və rahat kommunikasiya imkanlarının yaranmasına xidmət edir:

“Həmin körpülər üzərindən sanksiyalar altında olan İrandan Xankəndi separatçı rejiminə ucuz strateji məhsullar- yanacaq, ərzaq, digər zəruri tələbat malları daşınmaqla işğalçıların sosial-iqtisadi baxımdan işğal etdikləri ərazilərdə möhkəmlənməsinə şərait yaradılmış, İranla siyasi əlaqələr dərinləşdirilmişdir. Su qovşaqlarının və SES-in texniki imkanların Xankəndi rejiminin enerji təhlükəsizliyin təmin edilməsinə töhvə verməsi də istisna edilmir. Rüsvayçı Sazişi imzalamaqla Azərbaycan hökuməti faktiki olaraq torpaqlarımızın 20 faizini işğal edən Ermənistan Respublikasının və onun Qarabağdakı marionet uzantısı olan separatçı rejimin siyasi, iqtisadi və sosial donoru, dəstəkçisi rolunda çıxış edib, onun ayaqda qalmasına və möhkəmlənməsinə əlverişli şərait yaradıb”.

Bəyanatda Milli Məclisin sənədi ratifikasiya etməsi “utancverici bir hadisə olmaqla yanaşı qanunverici orqanın milli, mənəvi və siyasi iflasına dəlalət edir”, – deyə dəyərləndirilir.

Milli Şura hesab edir ki, öz siyasi opponentlərini, fərqli düşünənləri və sadəcə, övladlarının minimal ehtiyaclarını qarşılamaq məqsədilə dövlətdən uşaqpulu istəyənləri şərləyib həbs etdirən, totalitar sovet ənənəsinə uyğun olaraq ruhi xəstəxanaya saldıran, “Vətən xaini”, “satqın”, “5-ci kolon”, “düşmən” adlandıran Əliyev rejiminin öz xalqına və dövlətinə, Azərbaycanın strateji dövlət maraqlarına qarşı hansı xəyanət içində olmasının əyani sübutudur.

Ana səhifəSiyasətƏli Hüseynli körpü tikintisinə qarşı çıxanları məlumatsız və qeyri-peşəkar adlandırıb